Goranboy RİH tərəfindən Novruz bayramı ilə bağlı, 462 şəhid və qazi ailələrinin hər birinə 100 manatdan olmaqla, ümumilikdə 46 200 manat vəsait onların bank hesablarına köçürüldü.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıya, həmçinin bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, Goranboy rayonunda da bütün şəhid və qazi ailələri daim xüsusi diqqətdə saxlanılır. Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən şəhid və qazi ailələri evlərində ziyarət olunur, onların sosial qayğılarının operativ həlli ilə bağlı, müvafiq zəruri işlər görülür. Xüsusən də, bayram günlərində şəhid və qazi ailələrinə bayram sovqatlarının verilməsi və maddi vəsaitlərin köçürülməsi təmin edilir. Bu məqsədlə, Goranboy rayon İcra Hakimiyyəti tərəfindən Novruz bayramı ilə bağlı, 462 şəhid və qazi ailələrinin hər birinə 100 manatdan olmaqla, ümumilikdə 46 200 manat vəsait Kapital Bank vasitəsi ilə onların bank hesablarına köçürüldü.