Goranboy rayonunun Muzdurlar kəndində 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası ilə bağlı marifləndirici görüş keçirildi
Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Zaur Əliyevin iştirakı ilə Muzdurlar kəndində Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın rayonda icrası, kənd təsərrüfatının inkişafı və qarşıda duran vəzifələrlə bağlı marifləndirici görüşdə rayonda aqrar sektorun mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu. Görüşdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, müasir suvarma texnologiyalarının tətbiqi, intensiv bağçılığın genişləndirilməsi, fermer və torpaq mülkiyyətçilərinin fəaliyyətinin dəstəklənməsi, eləcə də aqrar sahədə müasir texnologiyaların tətbiqinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıldı. Bildirildi ki, Dövlət Proqramının əsas istiqamətlərindən biri kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi, məhsul istehsalının artırılması, müasir texnologiyaların tətbiqi və investisiya fəaliyyətinin genişləndirilməsidir. Bu baxımdan Goranboy rayonunda həyata keçirilən və icrası nəzərdə tutulan aqrar layihələrin mühüm əhəmiyyət daşıdığı vurğulandı. Görüş zamanı kənd sakinlərinin və təsərrüfat sahiblərinin təklif və müraciətləri dinlənilərək, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Muzdurlar kənd sakini Tanırverdiyev Taleh Pənah oğlunun təsərrufatına və Əkbərzadə Fərid Vilayət oğlunun lazer mala istehsalı sexinə baxış keçirildi. Baxış zamanı müəssisədə həyata keçirilən işlər, mövcud istehsal imkanları və gələcək inkişaf perspektivləri barədə məlumat verildi. Sonda Dövlət Proqramından irəli gələn vəzifələrin rayonda ardıcıl və səmərəli şəkildə icrasının təmin edilməsi, aqrar sahədə mövcud potensialdan daha geniş istifadə olunması və kənd təsərrüfatının inkişafına yönəlmiş layihələrin dəstəklənməsi istiqamətində tədbirlərin davam etdiriləcəyi bildirildi.








