Goranboy rayonunun Aqrar sahə üzrə 2022-ci ilin nailiyyətləri.
Goranboy rayonunun iqtisadiyyatında kənd təsərrüfatı aparıcı yerə malikdir. Bitkiçilik sahəsində daha çox mövcud əkin sahələri taxılçılıq, tərəvəz, bostan və yem bitkiləridir. Bundan başqa texniki bitkilərdən pambıq, şəkər çuğunduru, tütün, günəbaxan və lavanda kimi bitkilər də becərilir. Bununla belə təsərrüfatlarda kartof, dən üçün qarğıdalı, meyvə, üzüm kimi kənd təsərrüfatı məhsulları da istehsal edilir.
2022-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri bir yüz otuz milyon üç yüz qırx dörd min altı yüz manat (1 30 344 600 manat) proqnozlaşdırılmışdır. Bu da, 2017-ci illə müqayisədə 44,3 faiz çox deməkdir.
2022-ci ilin məhsulu üçün 44703 hektar sahədə əkin işləri aparılmışdır ki, bu da son 5 illə müqayisədə 2584 hektar və ya 6,1 faiz çox olmuşdur. O cümlədən, 7967 hektar (14,6 faiz çox) buğda, 14846 hektar (30,5 faiz çox) arpa əkilmişdir.
Bitkiçilik məhsullarının yığımı başa çatmışdır. 2022-ci ildə qarğıdalı da daxil olmaqla 23 447 hektar sahədən, hər hektardan ortalama 34,2 sentner olmaqla, ilkin çəkidə 80 108 ton dənlilər və dənli paxlalı bitkilərin məhsulları toplanmışdır. 2017-ci ilə nisbətən 46,7 faiz və ya 25 501 ton artmışdır. Arpanın məhsuldarlığı 33,4 sentner, buğdanın məhsuldarlığı 33,9 sentner olmuşdur. 2022-ci ildə istehsal olunmuş dənlilərin və dənli paxlalı bitkilərin 27006 tonunu və yaxud 33,7 faizini buğda təşkil etmişdir. Bundan əlavə, 49 586 ton arpa, 6971 ton pambıq, 6365 ton günəbaxan 12 ton tütün, 19027 ton meyvə və giləmeyvə, 9293 ton tərəvəz yığılmışdır.