Goranboy rayonunda "Şəhərsalma və Memarlıq ili" çərçivəsində abadlıq və təmizlik işləri davam etdirilir
25 aprel 2026 | 11:04
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar olaraq, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun şəkildə genişmiqyaslı abadlıq və təmizlik işləri davam etdirilir.
Rayon ərazisindən keçən Bakı–Qazax avtomobil yolu boyunca, eləcə də yaşayış məntəqələrində – Goranboy şəhəri, Qızılhacıllı və Qazanbulaq qəsəbələri, həmçinin Veyisli, Rəhimli, Nərimanlı, Balakürd, Yeniyol və Xan Qərvənd kəndlərinin yolkənarı ərazilərində mütəmadi olaraq məişət tullantılarının təmizlənməsi və ətraf mühitin abadlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Görülən işlər çərçivəsində işıq dirəkləri rənglənmiş, avtobus dayanacaqları və yeraltı piyada keçidləri səliqəyə salınmış, yaşıllıq sahələrində biçin işləri aparılaraq ərazilərin ümumi estetik görünüşü əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.
Həyata keçirilən tədbirlərin əsas məqsədi rayon ərazisində təmizlik və abadlıq səviyyəsinin daha da yüksəldilməsi, ictimai məkanların səliqəli saxlanılması və vətəndaşlar arasında bu sahədə məsuliyyət hissinin artırılmasıdır.








