Goranboy rayonunda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirildi.
Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda Goranboy rayon Olimpiya İdman Kompleksində tədbir keçirildi.
Tədbirdə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, Yap Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Şəhid ailələri, qazilər və rayon ictimayiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev adına istirahət parkında ucaldılan Dahi Şəxsiyyətin abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz və suverenliyimiz uğrunda canlarından keçərək ən uca zirvə - şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Ulu Öndər Heydər Əliyev və Azərbaycanın inkişaf yolundan bəhs edən bəhs edən videoçarx nümayiş olundu.
Tədbiri giriş nitqi ilə açan Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirdi ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Ümummilli Lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.
Məruzə nitqi ilə çıxış edən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar Məmmədov çıxışında qeyd etdi ki, Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Dünya azərbaycanlılarının Lideri Heydər Əliyevin həyatının əsas qayəsi doğma Azərbaycan və Azərbaycan xalqı olub. Bütün varlığı ilə elinə-obasına bağlı olan müdrik rəhbər yalnız vətənini, xalqını firavan, xoşbəxt görmək arzusu ilə yaşayıb, mübarizə aparıb, mücadilələr verib, hətta həyatını belə qurban verməkdən çəkinməyib. Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası- ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirdi ki, 14 iyul 1969-cu il Azərbaycanın tarixində müstəsna əhəmiyyəti olan bir tarixi gündür. Çünki həmin tarixdən başlayaraq Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində köklü islahatlar reallaşdırıldı və ölkəmiz sürətlə inkişaf etməyə başladı. Ümummilli Lider nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etdi, həm də yeni idarəçilik məktəbi formalaşdırdı. Azərbaycanın üzləşdiyi problemlər, çətinliklər uğurlu siyasi strategiyanın həyata keçirilməsi ilə aradan qaldırıldı, respublikasımız və xalqımız nicat yoluna qədəm qoydu. Dahi şəxsiyyət şah əsəri olan müasir müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etdi. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır.