Goranboy rayonu ərazisində qanunsuz tikintilərlə bağlı qanunamüvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Goranboy rayonununda heç bir hüquqmüəyyənedici sənəd olmadan və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq razılıq alınmadan qanunsuz tikinti işlərinin aparılması faktı müəyyən olunmuşdur. Goranboy rayon İcra Hakimiyyəti və FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri və Nadirkənd kəndi ərazilərində qanunsuz inşa edilmiş obyektlər sökülmüşdür. Sözügedən ərazilərdə aparılan işlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla həyata keçirilib. Goranboy RİH-nin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının birgə iştirakı ilə müvafiq tədbirlər görülüb və nəticədə qanunsuz tikili sökülərək ərazi nəzarətə götürülüb. Goranboy RİH, aidiyyəti dövlət qurumları ilə birgə, rayon ərazisində heç bir hüquqmüəyyənedici sənəd olmadan və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq razılıq alınmadan aparılacaq qanunsuz tikinti işlərinin qarşısının alınması istiqamətində qanunamüvafiq tədbirlərin görülməsini davam etdirəcəkdir.