Şriftin ölçüsü :

Saytın rəngi :

Ən şərəfli zirvə

17 oktyabr 2022 | 11:57

İşğaldan azad olan Qarabağda şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan hər bir Azərbaycan əsgərinin izi, şəhid və yaralılarının canı, qanı var. Bu, yeni tarix, yeni qəhrəmanlıq salnaməsi yaratdı. Qanları ilə tarix yazan qəhrəman Vətən övladları heç vaxt unudulmurlar. Ən şərəfli zirvə - şəhidlik məqamına yüksələnlər daim qəlblərdə yaşayırlar. Bəli, bu amal uğrunda ölümün gözünə dik baxaraq, canını Vətən uğrunda fəda edənlər ən ali ehtirama layiqdirlər. Ölkəmizdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri yüksək dövlət qayğısı ilə əhatə olunmuşlar.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və bir qrup ictimai fəallarla birgə, Goranlı kəndindən Vətən müharibəsi Şəhidimiz Azərbaycan Ordusunun XTQ-nin giziri İxtiyar İlqar oğlunun ildönümü mərasimində iştirak etdi, Şəhidimizin məzarı ziyarət olundu, ruhuna dualar edildi, əziz xatirəsi ehtiramla anıldı. Gizir İxtiyar İlqar oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Şanlı Vətən müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda savaşıb və oktyabrın 6-da Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.
Uzun müddət nəşi tapıla bilməyən, Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunan və itkin düşməsindən 1 il sonra, 13 oktyabr 2021-ci ildə nəşi tapılaraq şəxsiyyəti müəyyən edilən İxtiyar İlqaroğlu 14 oktyabr 2021 -ci il tarixində Goranboy rayonunun Goranlı kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, İxtiyar Əliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Sonra Goranboy rayonu Goranlı kəndində Vətən müharibəsi Şəhidimiz gizir İxtiyar İlqar oğlunun ildönümü mərasimi keçirildi.
Zabit XƏLİLOV,
“Respublika”.

Keçidlər