Dəliməmmədli şəhərində küçələrin asfaltlaşdırılması işləri davam etdirilir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, Dəliməmmədli şəhərində küçələrin asafaltlaşdırılması və digər abadlıq işləri ilə yerində tanış oldu.
Goranboy rayonunda avtomobil yollarının yenidən qurulması artıq ənənə halını alıb. Belə ki, avtomobil yolları uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yolun asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Həyata keçirilən tədbirlər çərçivəsində Goranboy Və Dəliməmmədli şəhərlərinin kompakt yaşayış massivlərində gediş-gəlişin çox olduğu nəzərə alınaraq, avtomobil yollarında əsaslı təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilib. Beləliklə, avtomobil yollarında avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılıb. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq təmin edilib. Xatırladaq ki, bu tədbirlərin icrası sözügedən ərazilərdə yaşayan əhalinin rahatlığını təmin edir və görülən işlərin vaxtında yekunlaşdırılması daima nəzarətdə saxlanılır.