Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Goranboyda Nizami Gəncəvi adına parkın açılışında iştirak etmişdir

22 yanvar 2012 | 16:00

Prezident İlham Əliyev Goranboya səfəri çərçivəsində Nizami Gəncəvi adına parkın açılışında iştirak etmişdir. Dövlət başçısına məlumat verildi ki, park Goranboy şəhərinə Goran istiqamətindən girişdə yerləşir. Parkın giriş qapısı müasir üslubda inşa olunmuşdur. Burada dahi Azərbaycan şairi Nizami Gəncəvinin möhtəşəm heykəli ucaldılmışdır. Abidənin ətrafında şairin “Xəmsə”sinə daxil olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarının kompozisiyasını əks etdirən mozaik fotolar yaradılmışdır. Azərbaycan Prezidenti parkı gəzdi, burada yaradılan şəraitlə tanış oldu. Qeyd edildi ki, 1,1 hektar ərazini əhatə edən park bir il yarım ərzində başdan-başa yenidən qurulmuşdur. Burada yaradılan 3 fəvvarə ətrafa xüsusi yaraşıq verir. Sakinlərin üstüörtülü iki istirahət guşəsindən istifadə edə biləcəkləri park uşaqların daha çox xoşuna gələcəkdir. Çünki bu istirahət guşəsində xalq nağıllarının motivlərini əks etdirən kompozisiyalar yaradılmışdır. Parkda müasir işıqlandırma, fəvvarələrin işləməsi və yaşıllıqların suvarılması üçün suvarma sistemləri quraşdırılmış, müasir bulaq kompleksi inşa edilmiş, oturacaqlar qoyulmuşdur. Parkda ümumilikdə 30 minə yaxın müxtəlif növ dekorativ ağac və gül kolları əkilmişdir. Bir sözlə, Goranboyda yeni istifadəyə verilən Nizami Gəncəvi adına parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyev parkda yaradılmış şəraiti yüksək qiymətləndirdi. 

Keçidlər