Azərbaycan qəzetində " İş olan yerdə nəticə də var " başlıqlı məqalə dərc edilib.
19 avqust 2022 | 09:27
Goranboy əhalisi əsasən, heyvandarlıq, bitkiçilik, baramaçılıq, arıçılıq və digər kənd təsərrüfatı sahələri ilə məşğul olur və xüsusən son illər uğurlu nəticələr əldə edir.
Hər il olduğu kimi, cari ilin ötən dövrü də fermerlər üçün uğurlu olub. Bu sırada öncə 23905 hektarda taxıl əkən fermerlərin hər hektardan 33,9 sentner buğda, 33,2 sentner arpa istehsal etmələrini qeyd etmək istərdik. Bundan əlavə, cari il rayonda 3 pambıqçılıq müəssisəsi tərəfindən 2526 hektarda pambıq əkilmişdir. Sahələrin suvarılmasında bəzi çətinliklər olsa da, hazırda bütün imkanlardan maksimum istifadə edilir. Yığıma sayılı günlər qalır.
Tütün sahələrində isə yığım gedir. Cari il Zeyvə, Şəfəq, Qarqucaq, Qaraçinar və Yenikənd kəndlərində ümumilikdə 8 hektar tütün əkilmişdir. Bu günə qədər 8 ton yaş tütün yarpağı yığılaraq qəbul məntəqəsinə təhvil verilmişdir. Bunlardan əlavə, cari ilin məhsulu üçün 573 hektarda qarğıdalı, 14,5 hektarda darı, 4,5 hektar lobya, 44 hektar soya, 52,9 hektar şəkər çuğunduru, 2348,6 hektar günəbaxan, 265,4 hektar kartof, 1080,7 hektar tərəvəz, 76,5 hektar bostan bitkiləri, 14896,5 hektar yonca əkilmişdir.
Cari ilin ötən dövrü ərzində rayon heyvandarları da bir sıra uğurlara imza atmışlar. Belə ki, yarım il ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində diri çəkidə 2095,2 ton ət, 22018,1 ton süd, 14,5 milyon ədəd yumurta, 280,6 ton yun təhvil verilmişdir.
Əkin sahələrinin suvarılması üçün, əsasən, rayon Suvarma Sistemləri İdarəsinin balansındakı 958 subartezian quyusundan, 4 (Borsunlu, Səfikürd, Boluslu, Qızılhacılı) nasos stansiyasından, Şəmkir maşın kanalından, sol sahil Tərtər kanalından, təbii su mənbələri olan Kürəkçay, Qara-Goran çaylarından istifadə edilir. Cari il yağan leysan yağışları hesabına çaylarda yaranan sel sularının təsərrüfatlara yönləndirilməsi və Səfikürd su anbarına suyun yığılması nəticəsində Səfikürd, Abbasqulular, Qızılhacılı və Balakürd ərazilərində yazlıq əkinlər, o cümlədən pambıq və yonca sahələri lazımi qədər suvarılmışdır.
Rayon əhalisini içməli su ilə təmin etmək üçün isə Səfikürd kəndində 1000 kubmetrlik 3, Qazanbulaq qəsəbəsində 1000 kubmetrlik 1, Veyisli kəndində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə 1000 və 500 kubmetrlik 4,
12-ci məhəllədə 500 kubmetrlik 2, Tapqaraqoyunlu kəndində 300 kubmetrlik 2 su anbarına lazımi xidmət göstərilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində Goranboy rayonunda və Murovdağ-Goranboy su kəmərinin ətrafında olan yaxın kəndlərdə yaşayan əhaliyə 24 saat fasiləsiz su verilməsi təmin edilmişdir.
İnvestorların rayona cəlb edilməsində də müsbət irəliləyişə nail olunmuşdur. Hazırda rayon mərkəzində inşa edilən Medlife Hospitalın tikintisinə 5 milyon manat investisiya qoyulmuşdur. İlin sonuna kimi istifadəyə veriləcək hospitalda 232 nəfər daimi işlə təmin olunacaq. Bundan başqa, Muzdurlar kəndində fəaliyyət göstərən Umud Aqro və AK Petrol müəssisələrinin fəaliyyətinin genişləndirilməsi məqsədilə əlavə 1 milyon manat investisiya qoyulmuş, daimi iş yerlərinin sayı 50-yə çatdırılmışdır. Ümumilikdə 6 ay ərzində rayon üzrə 61 daimi iş yeri açılmışdır. Mövsümi iş yerlərinin sayı isə 3000-dən çox olmuşdur.
Goranboyda yeni məktəb tikintisi də səngimir. Artıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana Yeni Məktəb" layihəsi çərçivəsində 700 şagirdlik Goranboy şəhər 1 nömrəli tam orta məktəbin tikintisi yekunlaşmışdır. Hazırda isə Dəliməmmədli şəhər tam orta məktəbində aparılan tikinti, eyni zamanda rayonun Qaraçinar və Tap kənd tam orta məktəblərində aparılan əsaslı təmir işlərinin yeni dərs ilinəcən başa çatdırılması üçün əlavə tədbirlər görülür.
Sabir ƏLİYEV,
"Azərbaycan"