Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzetində " İlin sonuna çox qalmayıb - hesabat zamanı yaxınlaşır " başlıqlı məqalə dərc edilib.

13 oktyabr 2022 | 09:06

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələri kimi, Goranboy rayonunun da inkişafına böyük təkan vermişdir. Həmin proqramlar və digər sənədlər çərçivəsində aqrar sahənin inkişafına göstərilən diqqət, verilən dəstək rayonda kənd təsərrüfatı məhsulları istehsalının artmasına səbəb olmuşdur.
Goranboyun da iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Təkcə ötən il dövlət tərəfindən fermerlərə verilən subsidiya və texnika, eləcə də bir çox güzəştlər nəticəsində rayon üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi 8,1 faiz artmışdır. İstehsal olunan kənd təsərrüfatı məhsullarının 48 milyon 459 min manatlığı heyvandarlıq, 76 milyon 435,4 min manatlığı bitkiçilik sahələrinin payına düşmüşdür. Göründüyü kimi, bitkiçilik sahəsində artım daha çox olmuşdur. Xüsusilə taxıl, tərəvəz, bostan bitkiləri, eləcə də yem bitkiləri istehsalı əvvəlki ilə nisbətən xeyli artmışdır. Artım həmçinin pambıq, şəkər çuğunduru, tütün, günəbaxan və lavanda kimi bitkilər istehsalında da qeyd olunmuşdur.
Rayonda pambıqçılıq və tütünçülük sürətlə inkişaf edir. Hazırda 2526,2 hektarda əkilmiş pambıq yığılır. Tütün yığımının da qızğın vaxtıdır. Goranboyda pambıqçılıqla, əsasən, "MKT İstehsal Kommersiya", "Azərpambıq" və "Goran-Cotton" MMC-lər məşğul olur. Tütün isə rayonun 5 kəndində - Qarqucaq, Zeyvə, Şəfəq, Yenikənd və Qaraçinar kəndlərində ümumilikdə 8 hektar sahədə becərilir.
Bunlarla yanaşı, baramaçılığın inkişafı üçün güclü yem bazası yaradılır. Yalnız cari il 2600 yeni tut tingi əkilmişdir. Bununla bağlarda tut ağaclarının sayı 33600-ə çatmışdır. Bu mövsüm rayon üzrə 142 qutu tut ipəkqurdundan 6 ton barama istehsal olunmuşdur.
Hazırda rayonda gələn ilin məhsulu üçün gərgin iş gedir. Bu günədək 25068,6 hektar sahədə şum aparılmışdır. Artıq 1455 hektarda dən üçün arpa səpilmişdir. Taxıl səpini davam edir. Növbəti mərhələdə buğda səpininə başlanılacaq. Səpin işləri üçün texnika, eləcə də toxum və gübrə təminatı yüksək səviyyədədir.
Cari ildə rayon heyvandarları uğurlu göstəricilərə nail olurlar. İndiyədək diri çəkidə 3095,2 ton ət, 31018,1 ton süd, 20,5 milyon ədəd yumurta, 280,6 ton yun istehsal olunmuşdur ki, bu da ötən dövrlə müqayisədə 1,5 faiz çoxdur. Yeri gəlmişkən qeyd edək ki, Balakürd, Muzdurlar və Xınalı kəndlərində ixtisaslaşmış iribaşlı heyvandarlıq kompleksləri fəaliyyət göstərir. Həmin təsərrüfatların qazanılan uğurlarda xüsusi payı var.
Goranboyda 4,7 min hektar ərazini əhatə edən Aqropark da fəaliyyət göstərir. Burada 2 min hektar pivot və meyvə bağları üçün damcılama suvarma sistemləri quraşdırılmış, 11 kilometrlik avtomobil yolu, "Şəmkir Maşın" kanalından 12,1 kilometrlik su kəməri, 400 min kubmetrlik 2 su anbarı, 18 min tonluq taxıl anbarı, toxum-paketləmə zavodu, inzibati və yardımçı binalar inşa edilmişdir. Rayonda əkinçiliklə məşğul olan fermerlərin və istehsalçıların toxum təminatında Aqroparkın böyük payı var.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Keçidlər