Azərbaycan qəzetində " Heydər Əliyev Fondu Goranboyda daha bir məktəb binasının tikintisini yekunlaşdırır " başlıqlı məqalə dərc edildi.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müəllifi olduğu “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizdə yüzlərlə yeni məktəb binası tikilərək istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən tədris ocaqlarından bir neçəsi də Goranboy rayonundadır. Elə bu günlər fondun inşa etdirdiyi 720 yerlik daha bir məktəb binasında tikinti işləri başa çatacaq.
Rayon Təhsil şöbəsinin müdiri Seymur Nazarov deyir ki, hazırda məktəbin tikintisində son tamamlama işləri görülür. Goranboy şəhər 1 nömrəli tam orta məktəb üçün tikilən binada tədrisin yüksək səviyyədə təşkil edilməsi üçün hər bir şərait yaradılır. 38 dərs otağı, 2 kimya, 2 biologiya laboratoriyası, geniş idman, akt və yeməkxana zalları, direktor və müəllimlər otaqları, müasir istilik təchizatı sistemi, 50 tonluq su anbarı olan yeni məktəb ən müasir inventarla təchiz olunacaq.