Azərbaycan qəzetində " Goranboyluların çörəyi torpaqdan çıxır " başlıqlı məqalə dərc edildi.
18 iyun 2022 | 09:07
Ölkə iqtisadiyyatında, xüsusən, qeyri-neft sektorunda kənd təsərrüfatının xüsusi çəkisinin dinamik artımı təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatının, əsasən, yerli potensial və imkanlar hesabına ödənilməsi üçün zəruri olan bütün tədbirləri həyata keçirir.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan layihələrin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi, Goranboy rayonunun da inkişafına güclü təkan vermişdir. Xüsusilə investisiyanın cəlb edilməsi, emal müəssisələrinin yaradılması və əhalinin məşğulluğunun artırılması ilə bağlı çoxsaylı işlər görülmüşdür.
Hazırda Goranboy rayonunda pambıqçılıq, tütünçülük və baramaçılıq daha sürətlə inkişaf edir. Təkcə cari təsərrüfat ilində 23955 hektarda taxıl, o cümlədən 15998 hektarda arpa, 7957 hektarda buğda toxumu əkilmişdir. Yüksək nəticə əldə olunacağı gözlənilir. Fermerlərdən Fərid Əkbərzadə (Muzdurlar kəndi), Nizami Bağırov (Qırıxlı kəndi), Sahir Qurbanov (Fəxralı kəndi) və Murad Muradova (Səfikürd kəndi) ümid daha çoxdur.
Rayonda pambıq əkini və tədarükü ilə "MKT İstehsal Kommersiya", "Azərpambıq" və "Goran-Cotton" MMC-lər məşğul olur. Cari məhsul ili üçün 2526,2 hektar üçün müqavilə bağlanmışdır. Vaxtında çiyid səpini yekunlaşmış sahələrdə yaxşı çıxış alınmışdır.
Rayonda iqtisadi cəhətdən gəlirli olan tütünçülüyün inkişafına da diqqətlə yanaşılır. Bu sahə ilə, əsasən, Qarqucaq, Zeyvə, Şəfəq, Qaraçinar və Yenikənd kəndlərinin sakinləri məşğul olurlar. Cari il, ümumilikdə, 8 hektar ərazidə tütün şitilləri əkilmişdir.
"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" Goranboy rayonunda da uğurla icra olunur. Cari il rayonda yem bazasının təminatı üçün 2600 yeni tut tingləri əkilmişdir. Hazırda rayon ərazisində 33600 tut ağacı vardır ki, bu da ipəkqurdlarını yemləməyə bəs edir. Cari il rayonun 41 yaşayış məntəqəsində 55 kümçüyə 142 qutu ipəkqurdu paylanmışdır. Artıq baramanın toplanması mərhələsidir və yaxın günlərdə toplanan məhsul qəbul məntəqələrinə təhvil veriləcək.