Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzetində "Goranboylular bu il də bol məhsul yetişdirmişlər başlıqlı" məqalə dərc edildi.

08 oktyabr 2021 | 16:00

Əvvəllər də pambıqçılıqda ad çıxarmış Goranboyda son illər bu gəlirli sahəyə maraq artmışdır. 6 ildir tarlalarda bol məhsul yetişdirən rayonun fermerləri həm ölkənin dirçəlməkdə olan yüngül sənayesini xammalla təmin edir, həm də çoxlu qazanc əldə edirlər.
Keçən il rayon üzrə sahələrdən 9,7 min ton pambıq toplanmışdır. Hər hektarın məhsuldarlığı 34,6 sentnerə yüksəlmişdir ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur. Onu da qeyd edək ki, ötən mövsüm Goranboyda pambığın 93 faizi kombaynla, qalanı əl ilə toplanmışdı.
Bu il isə rayonda 2647 hektarda pambıq əkilib. Pambıq əkini ilə rayonda əsasən 3 şirkət - “MKT İstehsal Kommersiya”, “Azərpambıq” və “Goran-Cotton” MMC-lər məşğul olur. Bu il havaların əlverişli keçməsi və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində sahələrdə bol məhsul yetişmişdir. Oktyabrın 4-dək rayon üzrə 995 ton pambıq toplanmışdır.
“Azərpambıq” MMC həmişə olduğu kimi, bu il də yığımda irəlidə gedir. MMC-dən verilən məlumata görə, builki məhsuldarlıq əvvəlki illərə nisbətən xeyli çox olacaq. Artıq indidən məhsuldarlıq 25 sentnerə çatıb. Hətta elə kəndlər var ki, orada məhsuldarlıq daha yüksəkdir. Məsələn, Qırıxlı və Xanqərvənd kəndlərində bu göstərici 30 sentnerdir. Yığım isə davam edir.

Öyrəndik ki, builki uğurun əsas səbəbi pambıqçılıqda intensiv texnologiylara üstünlük verilməsidir. Belə ki, əsas diqqət daha az sahədə daha çox məhsul yetişdirilməsinə, həm də məhsulun maya dəyərinin aşağı salınmasına yönəldilib. Məhsuldarlığın artmasına nail olmaq üçün isə toxumun keyfiyyətinə həssaslıqla yanaşılıb.
“Goran-Cotton” MMC sahələrdə yetişdirilmiş pambığı vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələri səfərbərliyə alıb. Hazırda yığıma kombaynla yanaşı, 350 nəfərədək işçi qüvvəsi cəlb olunub. Şirkətin pambıq qəbulu məntəqəsi rayonun Dəliməmmədli şəhərində yerləşir. Burada pambıq qəbulu, qurutma, emal, presləmə, hazır məhsul anbarları var. Məntəqənin sex və sahələrində hələ mövsüm başlamamışdan əvvəl hazırlıq işləri aparılmışdır. 60 nəfərədək işçinin hamısı, demək olar, peşəkardır. Qəbul olunmuş pambığın keyfiyyətlə emal olunmasına məsuliyyətlə yanaşılır. Burada kipləşdirilmiş pambıq əsasən xarici ölkələrə göndərilir.
Rayonda böyük pambıq istehsalçılarından biri də “MKT İstehsal Kommersiya” MMC-dir. Əvvəlki illərdə olduğu kimi, bu il də kollektiv tarlalarda bol məhsul yetişdirib. 23 kənddə 250 hektardan çox pambıq əkən şirkətin pambıqçılıq üçün lazım olan hər cür texnikası var. Şumdan tutmuş pambıq yığımınadək lazım olan bütün texnika şirkətin özünündür. Hazırda sahələrdə 7 kombayn işləyir.
Rayonda, demək olar ki, bütün kəndlərdə pambıq əkilir. Qızılhacılı, Xanqərvənd, Borsunlu, Qırıxlı, Yeni Yol kəndlərində, Goranboy şəhəri ətrafında bol məhsul yetişdirilib. Ümumilikdə rayon üzrə 600 nəfərə yaxın işçi qüvvəsi pambıq yığımında iştirak edir. Bundan başqa, sahələrə lazımi qədər kombayn da çıxarılıb.
Məlum olduğu kimi, əl ilə əsasən kiçik sahələrin pambığı yığılır. Yığımda iştirak edən kənd sakinlərinin əməkhaqqı günün sonunda elə sahədəcə verilir. Pambıq istehsalında verilən subsidiyanın artırılması insanlarda stimul yaradıb və hamı çalışır ki, yığımda iştirak etsin. Elə kənd sakinləri var ki, gün ərzində 250 kiloqrama yaxın pambıq yığır ki, bu da ailə büdcəsinə xeyli gəlir gətirir. Elə bu səbəbdən digər rayonlarda olduğu kimi, Goranboyda da pambıqçılığa ildən-ilə maraq artır. Məsələn, Quşçular kəndindən fermer Rauf Həmidov bu il 45, Xan Qərvənd kəndindən fermer Hafiz Əkbərov 5, Qızılhacılı qəsəbəsindən fermer Elşən Novruzov 111 hektarda pambıq əkib.
Hazırda Goranboyda pambıq yığımının qızğın çağıdır. İnsanlar minbir zəhmətlə yetişdirdikləri məhsulu vaxtında və itkisiz toplamaq üçün yorulmaq bilmədən çalışırlar. Bilirlər ki, çəkdikləri əziyyət öz bəhrəsini verəcək və onlar daha çox qazanc əldə edəcəklər.


Sabir ƏLİYEV,

“Azərbaycan"

Keçidlər