Azərbaycan qəzetində " Goranboylu fermerlər cari ili də uğurla yekunlaşdırmaq ərəfəsindədirlər " başlıqlı məqalə dərc edilib.
Goranboyda həm bitkiçilik, həm də heyvandarlıq sahələrində hər il yüksək göstəricilər əldə edilir. Bu baxımdan cari ilin ötən dövrü də istisna olmamışdır.
Rayonda indiyəcən 39 min 598 hektar sahədə əkin aparılmışdır. O cümlədən 22 min 812 hektarda payızlıq taxıl, 9 min 639 hektarda yonca, 1100 hektardan artıq sahədə tərəvəz, 3012 hektarda günəbaxan, 2526 hektarda pambıq, 197 hektarda yem üçün və 1005 hektarda dən üçün qarğıdalı əkilmişdir. Bundan başqa, rayon ərazisində 72 hektar üzüm və 2 min 427 hektar müxtəlif növ meyvə bağları mövcuddur. Zeyvə, Şəfəq, Qarqucaq, Qaraçinar, Yenikənd kəndlərində isə ümumilikdə 8 hektar sahədə tütün becərilmiş və son məlumata görə, qəbul məntəqələrinə 12 ton qurudulmuş tütün yarpağı təhvil verilmişdir.
Cari il həmçinin rayon kümçülərinə 142 qutu inkubasiya olunmuş baramaqurdu verilmişdir. Kümçülər bu hesaba 5400 kiloqram məhsul istehsal etmişlər. Payız əkinlərinə gəldikdə, cari il rayonda bu məqsədlə 19 min 571 hektar sahədə şum aparılmış, 1165 hektarda xəsil, 1070 hektarda arpa, 49 hektarda buğda, 450 hektarda yonca əkilmişdir. Hazırda şum və səpin işləri davam edir.
Heyvandarlıq sahəsində də vəziyyət pis deyil. Belə ki, indiyəcən diri çəkidə 2095,2 ton ət, fiziki çəkidə 22 min 18 ton süd, 14,6 milyon ədəd yumurta, 280,6 ton yun istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
Rayonda pambıqçılığa da maraq var. Bu il fermerlər 2526,2 hektar sahədə pambıq əkmişlər. Qeyd edək ki, rayonda pambıq istehsalı ilə əsasən "MKT İstehsal Kommersiya", "Azərpambıq" və "Goran-Cotton" MMC-lər məşğul olur. Sentyabrın əvvəlindən başlanan pambıq yığımı hazırda davam edir və noyabrın 10-dək tarlalardan 5200 tona yaxın məhsul yığılmışdır.
Goranboyda mövcud əkin sahələrinin suvarılmasında heç bir problem yoxdur. Hazırda suvarmada Suvarma Sistemləri İdarəsinin balansında olan 958 subartezian quyusundan, o cümlədən mənbəyini Yuxarı Qarabağ kanalından götürən Borsunlu, Səfikürd, Boluslu və Qızılhacılı nasos stansiyalarından, Şəmkir maşın kanalından, Sol sahil Tərtər kanalından, təbii su mənbələri olan Kürəkçay, Qara-Goran və İncəçay çaylarından istifadə edilir.
Sabir ƏLİYEV,
"Azərbaycan"