Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzetində " Goranboyda şəhid ailələri və qazilərə qayğı göstərilir " başlıqlı məqalə dərc edilib.

03 mart 2022 | 16:00

Goranboy Rayon İcra Hakimiyyətində şəhid ailələrinin üzvləri və qazilərlə növbəti görüş keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev görüşdə çıxış etmişdir. Diqqətə çatdırılmışdır ki, müharibə başa çatdıqdan sonra şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Həmin işlər bu gün də davam edir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 19 fərman, 40 sərəncam imzalanmış, Milli Məclis tərəfindən 16 qanun qəbul olunmuşdur. Qeyd edilmişdir ki, bu sahədə Goranboy rayonunda da əməli tədbirlər həyata keçirilir. Rayon üzrə ümumilikdə 337 şəhid var. Onlardan da 278 nəfəri Birinci Qarabağ savaşının, bir nəfər Aprel döyüşlərinin, 56 nəfər 44 günlük Vətən müharibəsinin və 2 nəfər müharibədən sonra hərbi xidmər müddəti dövründə şəhid olanlardır. Vətən müharibəsi dövründə erməni silahlı birləşmələri tərəfindən atılan ağır artilleriya atəşləri nəticəsində Goranboyda 366 yaşayış evinə ziyan dəymiş, 5 yaşayış evi tamamilə dağıdılmışdır. Ümumiyyətlə, müharibə dövründə rayona 707 raket və artilleriya mərmisi atılmışdır. 44 günlük Vətən müharibəsində rayon 56 şəhid vermişdir ki, onun da 53 nəfəri hərbçi, 3 nəfəri mülki vətəndaşdır. Hazırda 47 nəfər əlilliyi müəyyən edilmiş qazi var. Ölkənin hər yerində olduğu kimi, Goranboyda da torpaqlarımızın azad edilməsində əməyi olan hər bir rayon sakininə böyük diqqət və qayğıkeşlik göstərilir. Belə ki, 71 imtiyazlı şəxs mənzil növbəsinə götürülmüş, adlarının əbədiləşdirilməsi məqsədi ilə 53 küçəyə şəhidlərin adları verilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ordenlərlə təltif edilmiş 10 şəhidin adının məktəb və digər müəssisələrə verilməsi üçün Nazirlər Kabinetinə müraciət olunmuşdur. Görüşdə o da bildirilmişdir ki, ötən dövr ərzində şəhid və qazi ailələri ilə 264 fərdi görüş keçirilmişdir. 27 şəhidin məzarının üstü götürülmüş, 53 şəhid ailəsinə maddi, 68 şəhid və qazi ailəsinə ərzaq yardımları edilmişdir. 21 ailənin üzvləri müvafiq işlərlə təmin olunmuşdur. Səkkiz şəhid bulağı və iki şəhidlər xatirə kompleksi inşa edilmişdir. Hazırda Goranboy Şəhər Şəhidlər Xatirə Komleksində yeni layihə əsasında yenidənqurma işləri aparılır. Sonra söz şəhid ailələrinin üzvlərinə və qazilərə verilmişdir. Çıxış edənlər sosial qayğıları, elektrik enerjisi, təbii qaz, içməli və suvarma suyu, rabitə, həmçinin əlillik dərəcəsinin təyin edilməsi, veteranlıq və medal təqdimatı məsələlərinin həlli ilə bağlı müraciətləri dinlənilmişdir. Qaldırılan məsələlərin bəziləri yerində həll edilmiş, bəzilərinin isə həlli üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

Sabir ƏLİYEV,
“Azərbaycan”

Keçidlər