Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzetində " Goranboyda qazancı tütünçülükdən çıxan fermer çoxdur " başlıqlı məqalə dərc edilib.

14 sentyabr 2021 | 01:00

Azərbaycanda iqtisadi siyasətin əsas istiqaməti qeyri-neft sektorunun inkişafıdır. Bu inkişafın təməlində isə qəbul olunan regional inkişaf proqramları dayanır. Həmin proqramların uğurla həyata keçirilməsinin nəticəsidir ki, son illər qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatında məhsul istehsalı xeyli artmışdır. Xüsusilə ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalındakı artım daha nəzərəçarpandır.
Əhəmiyyətinə görə ölkədə ikinci texniki bitki sayılan tütünçülükdə də uğurlar qazanılır. Cəmi 6 il əvvəl dövlət başçısının təşəbbüsü ilə dirçəldilən tütünçülüyə maraq ildən-ilə artır. Bunun əsas səbəblərindən biri dövlət tərəfindən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir. Tütünçü fermerlərin güzəştli kreditlərlə təmin olunması, onlara aqrolizinq xidmətlərinin göstərilməsi əkin sahələrinin genişləndirilməsinə səbəb olur.
Bu sahəyə Goranboyda da böyük maraq göstərilir. Rayonun Zeyvə, Qaraçinar, Qarqucaq, Yenikənd, eləcə də Şəfəq kəndlərində tütünçülüklə məşğul olan fermerlər daha çox qazanc əldə etdikcə əkin sahələrini artırırlar. Hazırda Zeyvə kəndində 2, digər kəndlərin hər birində 1,5 hektarda tütün əkilmişdir. Aldığımız məlumata görə, sentyabrın 6-dək tütünçülər məhsulun yarıdan çoxunu toplamışlar. Hazırda məhsul yığımı davam edir.
Rayonda tütünçülük sahəsində zəngin təcrübə toplayanlardan biri də Zeyvə kəndinin sakini Pərviz Nəsirovdur. Əvvəlki illərdə olduğu kimi, bu il də plantasiyalarda bol məhsul yetişdirən fermer deyir ki, hazırda ikinci yığım aparır. Əldə etdiyi nəticələr onu deməyə əsas verir ki, o bu il daha çox tütün tədarük edəcək.
Şəmməd Yaqubov da 6 ildir tütünçülüklə məşğuldur. Bu illər ərzində tütünçülüyün sirlərini dərindən mənimsəyən Şəfəq kəndinin sakini hər il yüksək göstəricilərə nail olur. Hər hektardan 800 kiloqramdan çox məhsul götürən fermer bu il də uğur qazanacağına əmindir. Əsasən Türkiyədən gətirdiyi “Trabzon” tütün sortu əkən Şəmməd Yaqubov deyir ki, bu sort olduqca məhsuldardır və artıq bizim iqlimə  uyğunlaşmışdır. Yığılmış yaş tütünün qurudulmasında da elə bir problem yaşanmır. Belə ki, fermer əkin sahəsinin yanında tütünqurutma meydançası yaratmışdır. Bundan başqa, məhsulun saxlanması üçün anbar da inşa etdirmişdir. Hazırda ikinci yığıma başlayan fermer bu işdə kənd sakinlərinin əməyindən istifadə edir. Gündəlik olaraq yığımda iştirak edən həmkəndlilərinin əməkhaqqını yerindəcə ödəyir.
Zahid İsmayılov isə hər il Yenikənddə tütün yetişdirir. O, 6-cı ildir ki, bu gəlirli sahə ilə məşğul olur. Keçən il 1,2 hektarda tütün əkən və ümumilikdə 2 ton məhsul təhvil verən Zahid bu il əkin sahəsini 1,5 hektara çatdırmışdır. Hazırda sahələrdə bol məhsul var. Havaların əlverişli keçməsi yığımın mütəşəkkil aparılmasına imkan verir. Fermer bu il 3 tona yaxın tütün satmağı nəzərdə tutur.


Sabir ƏLİYEV,
“Azərbaycan”

 

Keçidlər