Şriftin ölçüsü :

Saytın rəngi :

ALİ MƏKTƏBLƏRƏ QƏBUL OLUNANLAR TƏLTİF EDİLİB

10 sentyabr 2022 | 10:04

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunun 96 saylı Goranboy-Naftalan seçki dairəsini əhatə edən ümumtəhsil məktəbləri üzrə ali məktəbə daxil olan məzunlarla, onların müəllim və valideynləri ilə görüşüblər.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı M.Quliyev ölkəmizdə təhsil sisteminin mütərəqqi, qabaqcıl təcrübəni özündə əks etdirərək sivil dünyaya inteqrasiya etməsindən, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasından ətraflı məlumat verib, bu gün Azərbaycan təhsilinin inkişaf və tərəqqi dövrünü yaşadığını bildirib. Rayon rəhbəri qeyd edib ki, respublikanın bütün bölgələrində olduğu kimi, qədim oğuz yurdu Goranboyda da təhsil ocaqları müasir səviyyədə yenidən qurulmuş, maddi-texniki bazası zənginləşdirilmiş, tədrisin keyfiyyəti əsaslı surətdə yaxşılaşdırılmışdır. Məhz bunun bariz nümunəsidir ki, ali məktəblərə qəbulun nəticələri getdikcə yüksəlməkdədir.

Milli Məclisin deputatı Anar Məmmədov təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan təhsilinin bu gün dövlət başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla inkişaf etdirildiyini, yeni məktəb binalarının inşa edildiyini və ya əsaslı təmir-bərpa işlərinin həyata keçirildiyini, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirildiyini bir daha diqqətə çatdırıb. Tədbirdə tələbə adını qazanmış 29 məzuna və 1-ci sinfə qədəm qoyan 2 şəhid övladına qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edilib.

Zabit XƏLİLOV,

"Respublika".

Keçidlər