Ermənistanın daxili ictimai-siyasi vəziyyəti gərgindir, hakimiyyət avantüra ilə məşğuldur.
Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir. Erməni mətbuatı N.Paşinyanın aqoniya vəziyyətində olduğunu iddia edir, bunun əsas səbəbini isə parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələb etməsi göstərilir. N.Paşinyanın müxalifətin və Çiçəklənən Ermənistan Partiyasının istefaya çağırış tələblərinə cavabı gecikmədi, Milli Təhlükəsizlik Xidməti 14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı. 15 iyunda Baş Prokuror parlamentə müraciət edərək Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərib. 16 iyunda məsələ parlamentdə müzakirə edilib və 87 səslə Çarukyanın deputat toxunulmazlığı qaldırılıb. Bütün bunlar göstərir ki, Ermənistanda ictimai-siyasi vəziyyət çox gərgindir. Artıq hakimiyyət avantüra ilə məşğuldur. Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan parlament fraksiyası iclasda iştirak etməyib. Beləliklə, Çarukyanın həbs edilməsinin qarşısında ən böyük hüquqi maneə aradan qaldırıldı. Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyildir. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir və asfalta uzadır. N.Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaq davam edir. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı olan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu daha da açır. Son hadisələrdən sonra Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur. Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş N.Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. N.Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir. Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. N.Paşinyanın nəzarəti altında olan erməni KİV-ləri bunu daha çox kilsənın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx əməkdaşlığını əsas gətirsələr də, əslində məsələnin məğzi tam başqadır. Məlumdur ki, ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Bu halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən N.Paşinyana kilsənin “yağlı tikə”ni güzəştə getməməsi də təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz N.Paşinyan ötürmüşdür.
Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan.