Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyinin qorunub saxlanılması təmin olundu.

17 iyun 2020 | 03:49

1993-cü il 15 iyuna qədər ölkədəki kriminagen vəziyyət son həddə çatmışdı. Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət edirdi.
Cənubda isə separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü büruzə verməyə başlamışdı.
Məişət səviyyəsində kriminagen vəziyyət o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat qayıtmasına əminlik yox idi.
Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi.
AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başlamışdı. 
Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi.
Bütün bunlara əlavə olaraq erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı. Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü.
Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra milli barış və inkişaf dövrü başlandı:
-Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi;
-Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı;
-Ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı;
-İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi,
-Ordu quruculuğunda mühüm addımlar atıldı.
-“Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar,
-Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı,
-Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi.
-Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu. 
Ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində və rifah halında yaşaması sosial-siyasi və milli-əxlaqi mühitin, birgə yaşayış norma və qaydalarının mövcüdluğunu özündə ehtiva edir, bu da özü-özlüyündə güclü dövlət anlamını verir. Heydər Əliyevin qurduğu və onun layiqli davamçısı Prezident İlham Əliyevin daha da kamilləşməsi üçün yorulmadan fəaliyyət göstərdiyi müstəqil, demokratik, hüquqi, dünyəvi Azərbaycan dövləti məhz bu parametrlərə malik olub ölkənin gələcək və sürətli inkişafının mühüm başlanğıcını təşkil edir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təxirəsalınmaz tədbirlər kimi ölkədə sabitliyi, əmin-amanlığı, dövlət intizamını təmin etmək, qanunçuluğu və hüququn aliliyini gözləmək sahəsində atdığı addımların məntiqi bununla izah oluna bilər.
Heydər Əliyevin müstəqil Azərbaycan quruculuğunda əks olunan strategiyası müasir şəraitdə Prezident İlham Əliyevin fəaliyyətində zəngin və qüdrətli Azərbaycanın yaradılması vəzifəsi kimi ortaya çıxır.
Zəngin və qüdrətli Azərbaycan ölkənin tarixinin nəinki yeni mərhələsi, bəlkə daha çox cəmiyyətin tamamilə fərqli keyfiyyət halı kimi qəbul olunur. Bu özünə daha çox inanan, potensialına daha çox güvənən, nəinki öz hüdudları daxilində, habelə regionda və beynəlxalq aləmdə özünü ifadə etməyi bacaran Azərbaycan deməkdir. Zəngin və qüdrətli Azərbaycan habelə özünü hər cür təhlükələrdən müdafiə etməyə qadir, torpaqlarımıza göz dikənlərə layiqli cavab verməyi bacaran Azərbaycandır. Deməli, zəngin və qüdrətli Azərbaycanın qəti şəkildə formalaşmasının mühüm şərtlərindən olan ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq siyasi nüfuz və hərbi güc amili özünü daha aydın şəkildə büruzə verməkdədir. Azərbaycanın iqtisadiyyatı regionun ən güclü iqtisadiyyatıdır. Azərbaycanın büdcəsi region dövlətlərinin üst-üstə büdcələrindən artıqdır. Azərbaycan indi özünün müstəsna olaraq təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək üçün regionda ən güclü orduya sahibdir.
Beləliklə, Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti indi güclü Azərbaycan dövləti kimi tanıtma nişanına sahib ola bilmişdir. Vaxtilə hər birimizin qürur mənbəyi olan müstəqil Azərbaycan indi bütün azərbaycanlıların iftixarına çevrilmiş güclü Azərbaycandır.

 

Keçidlər