Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı.
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev 30 sentyabr 1978-ci ildə Goranboy rayonuna səfərə gəlmişdi. O zaman rayonda olan vəziyyətə yaxından tanış oldu, partiya-təsərrüfat fəalları ilə görüşdü. Bu səfərdə əsas məqsəd rayonun təsərrüfatı ilə yerindəcə tanış olmaq idi. O, təsərrüfatın müxtəlif sahələri ilə yerində tanışlıqdan sonra rayon fəallarının yığıncağını keçirdi.
Daha sonra Heydər Əliyev 1982-ci il 14 iyul tarixində sel daşqınları nəticəsində təsərrüfatlara dəymiş ziyanın yerində öyrənilməsi məqsədi ilə, rayonumuza yenidən səfər etdi. Seldən ziyan çəkmiş rayon sakinləri ilə görüşdü və onların problemləri ilə maraqlandı. Onu qarşılamağa gələn rayonun Büro üzvləri və ağsaqqalları içərisində gənc bir mən idim. Gülə- gülə dedi ki, “Belə ağsaqqalların yanında gəncləri görmək çox xoşdur. Ümidvaram ki, sənin təşəbbüsünlə rayonda çox gənclər fəallıq göstərəcək.” Mən bu zaman Rayon Komsomol Komitəsinin I katibi işləyirdim. O məndən soruşdu ki, “Rayon peşə məktəbini bitirənlərdən neçəsi rayonda mexanizator işləyir.” Mən də o vaxtkı rəqəmləri ona dedim, o da razı qaldı. Sonra dedi ki, “...rayonda ayrı ayrı sahələr üzrə siz komsomolçu gənclər briqadaları yaradıbsızmı.?”
Pambıqçılıq və heyvandarlıq sahəsində neçə komsomol gənclər briqadaları var, onların adlarını dedim. Gördüyüm iş üslubu ilə ona məlumat verdim. Sonra komsomolçu gənclər briqadasının işi ilə tanış olmaq üçün Qatır Məmməd adına kolxozda olan heyvandarlıq sahəsinə getdi. Orada aparılan işlərlə yerində tanış oldu, görülən işlərdən razı qaldı. Fəallığımı bəyəndiyi üçün, məni Ali Partiya Məktbinə göndərdi.
Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyanın nadir tarixi şəxsiyyətləri sırasındadır. Bunu demək yerinə düşər ki, Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Bir sözlə Ümummilli lider sözün əsl mənasında Ən Böyük Azərbaycanlı idi. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən qurtuldu.
Nazim Cəfərov- Goranboy şəhər sakini, ağsaqqal.