Goranboyda intensiv yağıntılar və sel sularının ziyan vurduğu Yuxarı Ballıqaya su mənbəyində təmizlik və bərpa işləri aparılır.
Son günlər müşahidə olunan intensiv yağıntılar və sel suları Goranboy və Naftalan şəhərlərini, həmçinin Goranboy rayonunun bəzi kəndlərini içməli su ilə təmin edən Yuxarı Ballıqaya su mənbəyinə ziyan vurub. Belə ki, sel nəticəsində Qaraçay çayından gələn ağac qırıntıları, daş və lil sutəmizləyici qurğunun infiltrasiya sahəsini bərk kütlə ilə doldurub və qurğuda emal prosesi tam dayanıb. Nəticədə Goranboy, Naftalan və Xocalı sukanal sahələrinin bu mənbədən qidalanan yaşayış məntəqələrinə suyun verilməsi dayandırılıb. Eyni zamanda sel suları Yuxarı Ağcakənd və Aşağı Ağcakənd qəsəbələrini içməli su ilə təmin edən magistral su kəmərinin bir hissəsini yararsız vəziyyətə salıb.
Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, “Azərsu” ASC-nin rayon Sukanal İdarəsinin rəhbərliyi və məsul əməkdaşları su mənbəyinə baxış keçirdilər, sel nəticəsində hidrotexniki qurğulara dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılan işçi qrupu ilə görüşdülər və su mənbəyində təmizlik və bərpa işlərinin operativ aparılması və qısa müddətdə əhalinin içməli su ilə təhcizatının təmin edilməsi ilə bağlı müzakirələr aparıldı.
Məlumat üçün bildiririk ki, ötən gün “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, “Sutikinti” müəssisəsinin və 7 nömrəli Regional Sukanal İdarəsinin nümayəndələri də su mənbəyinə baxış keçiriblər. Sel nəticəsində hidrotexniki qurğulara dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupu yaradılıb və artıq əraziyə xüsusi texnika və maşınlar (3 ədəd ekskavator, 3 ədəd özüboşaldan yük maşını) cəlb olunub, təmizləyici qurğuda təmir-bərpa işlərinə başlanılıb. Yuxarı Ballıqaya su mənbəyindən qidalanan yaşayış məntəqlərinin içməli suya olan tələbatını ödəmək üçün anbar ehtiyatlatından istifadə edilir, eyni zamanda 5 ədəd sudaşıyan nəqliyyat vasitəsi səfərbər olunub. Mənbədə emal prosesi bərpa olunana qədər sakinlər maşınlarla daşınan su ilə təmin olunacaqlar.