“Gəlin, sizinlə bir dərs keçək”
Ümummilli Liderimiz Heydər Əliyev 2002-ci il sentyabrın 13-də bizim oxuduğumuz orta məktəbə-Aşağı Ağcakənd məktəbinə gəlmişdi. O zaman biz 10-cu sinifdə oxuyurduq. Ümumilli liderimiz bizim sinfə daxil oldu və dedi: “uşaqlar, gəlin sizinlə bir dərs keçək.” Biz çox həyəcanlı idik. Həmişə televizordan izlədiyimiz, gördüyümüz və hamımızın çox sevdiyi Prezidentimiz, xalqımızın, dövlətimizin Xilaskarı ilə canlı görüşürdük. Bütün məktəbli yoldaşlarımız kimi, biz də həm həyacanlı, həm də çox sevincli anlar yaşayırdıq. –Bu bizim həyatımızda ən şanlı tarix idi.
O böyük Şəxsiyyətin zəhmli, qətiyyətli və iradəli dövlət başçısı olmaqla yanaşı, həm də səmimi, qayğıkeş və mehriban bir insan olduğunun şahidi olduq. Bizim üçün ən əlamətdar və yadda qalanı isə o oldu ki, Heydər Əliyev bizim əyləşdiyimiz partanın qarşısında-bizimlə üz-üzə əyləşdi və bizimlə çox səmimi insan kimi, sanki bir doğma babamız kimi söhbət etdi. Bizdən harada doğulduğumuzu, bura nə vaxt köçüb gəldiyimizi, necə yaşadığımızı və valideynlərimiz barədə soruşdu. Dərslərimizlə maraqlandı. Yaxşı yadımızdadır. Ümummilli Liderimiz bizə və bütün sinif yoldaşlarımıza dedi ki: “yaxşı oxuyun, dövlətə, xalqa, vətənə və valideynlərinizə yaxşı vətəndaş, yaxşı övlad olun” –bu bizim üçün bir həyat dərsi idi.
Azərbaycan boyda bir Şəxsiyyətin bizimlə bu cür ünsiyyətdə olması, bizə öyüd-nəsiyyət verməsi həqiqətən də çox böyük qürurverici tarixdir. Biz bu fəxr dolu tarixi yaşadığımız üçün çox xoşbəxtik.
Bu gün bizlər, bütün sinif yoldaşlarımız, müəllimlərimiz, valideynlərimiz o əlamətdar günü - qürurlu tarixi xatırlamaqla, Ümumilli Liderimiz Heydər Əlirza oğlu Əliyevə, O böyük Şəxsiyyətə sonsuz ehtiramımızı bildiririk..
- Yaşasın, memarı Heydər Əliyev olan Müstəqil Azərbaycan Respublikası !!!
Hüseynov Dilqəm Ziyəfəddin oğlu
Hüseynova Ramilə Ələsgər qızı
-Aşağı Ağcakənd qəsəbə tam orta məktəbinin məzunları.