Şriftin ölçüsü :

Saytın rəngi :

Aqrar sahənin inkişafında Heydər Əliyev irsi

08 may 2020 | 16:00

Heydər Əliyev son 40 il ərzində Azərbaycan Respublikasında, keçmiş SSRİ məkanında və beynəlxalq aləmdə dərin, xoşniyyətli və unudulmaz iz qoymuş ən nüfuzlu dövlət və ictimai xadimdir. Hazırda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev fenomeni bütün dünyada etiraf edilir.
Ulu öndər istər 1969-1982-ci illərdə Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə, istərsə də 1982-1987-ci illərdə SSRİ kimi super gücə malik nəhəng bir dövlətin rəhbərlərindən biri olduğu vaxtlar özünün idarəçilik istedadı, tükənməz enerjisi və misilsiz işgüzarlığı sayəsində geridə qalmış, həmişə tənqid edilən Azərbaycan Respublikasını keçmiş ittifaqın ən qabaqcıl respublikası kimi tanınmasına nail olmuş, sovetlər ittifaqında ən çətin, mürəkkəb layihələr onun rəhbərliyi altında uğurla həyata keçirilmişdir. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi və böyük ümidi ilə suverenlik yolunda ilk addımlarını atan, lakin vətəndaş müharibəsi ilə üz-üzə qalan, özbaşınalıq və anarxiyanın hökm sürdüyü Azərbaycana ikinci dəfə rəhbərliyə gəldikdən sonra işlədiyi 10 il müddətində müstəqil ölkəmizi dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi, onun tezliklə dünyanın inkişaf edən dövlətlərindən birinə çevrilməsinin, sosial-iqtisadi, siyasi və ictimai təməlini qoydu.
Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi 30 il ərzində dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç vaxt tükənməyəcəkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında" sərəncamında qeyd olunur ki, "1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır". Ulu öndərimiz Heydər Əliyevin yaratdığı bu potensial və xalqına ərmağan etdiyi irs cəmiyyətin bütün təbəqələri üçün örnək olduğu kimi aqrar sahədə işləyənlər üçün də əvəzolunmazdır və ölkəmizin hazırda bu sahədə əldə etdiyi nailiyyətlər Heydər Əliyev irsinin təzahürüdür.
Heydər Əliyev respublikanın kənd təsərrüfatında mövcud olan potensial imkanların müvafiq proqramlar əsasında rallaşdırılmasını gələcək inkişafın mühüm istiqaməti kimi qiymətləndirdi və ittifaq hökumətinin bu məsələyə dair bir neçə qərar qəbul etməsinə nail oldu. Qısa müddət ərzində respublikada kənd təsərrüfatının bütün sahələrində əsaslı dönüş yarandı, məhsul istehsalının dinamik artımı təmin edildi. Artıq 1974-1975-ci illərdə Azərbaycan kənd təsərrüfatı məhsulları istehsalının artım sürətinə görə SSRİ-də ön sıraya çıxdı, hər il yeni uğurlar əldə edilməsi ənənə halını aldı. Bununla da Heydər Əliyev ittifaqa sübut etdi ki, onun rəhbərliyi altında Azərbaycan xalqı kənd təsərrüfatının inkişaf etdirilməsində yeni zirvələr fəth etməyə qadirdir və bu sahəyə yönəldilən sərmayə qısa müddətdə öz bəhrəsini verir. Heydər Əliyev respublikamızda kənd təsərrüfatının inkişafının növbəti mərhələsini və istiqamətlərini özünəməxsus uzaqgörənliklə çox düzgün və dəqiq müəyyən edərək növbəti tədbirlər həyata keçirməyə başladı. Bu tədbirlər isə bitkiçilik və heyvandarlıqda məhsuldarlığı artırmaqla həmin sahələrin intensivləşdirilməsini, bitkiçilikdə daha çox əlavə dəyər yaradan pambıqçılığın və üzümçülüyün prioritet sahə elan edilməsini, yeni texnikanın və məhsul istehsalında sənaye texnologiyasının tətbiqi və digər məsələlərin həll olunmasını əhatə edirdi. Həyata keçirilən bu tədbirlər nəticəsində respublikamızda çoxsaylı quşçuluq fabrikləri, heyvandarlıq kompleksləri, yem sexləri, müasir texnika ilə təchiz edilmiş bitkiçilik müəssisələri yaradıldı və məhsul istehsalı yeni inkişaf mərhələsinə başladı.
Azərbaycan pambıq istehsalında ittifaqda üçüncü yerə, üzüm istehsalında isə birinci yerə çıxmaqla özünü geniş əhatəli inkişaf etmiş aqrar-sənaye kompleksinə malik respublika kimi göstərdi. Bununla da 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan geridə qalan bir diyardan formalaşmış aqrar-sənaye kompleksi olan qabaqcıl respublikaya çevrildi. Bu isə ittifaqda Heydər Əliyevin böyük nüfuz qazanmasına və Azərbaycanın özünə layiq yer tutmasına səbəb oldu.
Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan və inkişaf etdirilən aqrar-sənaye kompleksi Azərbaycanın iqtisadiyyatında əhəmiyyətli sahəyə çevrilməklə ittifaq miqyasında da ön sıraya çıxdı. Belə ki, 1984-ci ildə Azərbaycan üzüm istehsalını 1 milyon 126 min tona çatdıraraq SSRİ-də birinci yerə çıxdı. Həmin illər respublikamızda ümumi daxili məhsulun 35-40 faizini aqrar bölmə verirdi ki, onun da 20-25 faizi üzümçülüyün hesabına formalaşırdı. Sənaye üsulu əsasında aqrar sahənin inkişafı Azərbaycanda yeni mərhələyə qədəm qoydu.
1993-cü ildə Azərbaycanda yaranmış çox ağır, ictimai, siyasi və iqtisadi şəraitdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ilk növbədə Ermənistanla müharibənin dayandırılması və ölkədaxili sabitliyin bərqərar olması üçün ciddi tədbirlər həyata keçirməyə başladı. Tezliklə cəbhə xəttində atəşkəs elan edildi, dövlət çevrilişi cəhdlərinə son qoyuldu və ölkədə qayda-qanun, sabitlik təmin edildi. Bununla yanaşı Heydər Əliyevin rəhbərliyi və tapşırığı əsasında iqtisadiyyatda yaranmış böhrandan çıxış yolları axtarılır, xarici ölkələrin təcrübəsi öyrənilərək ölkəmizin xüsusiyyəti və xalqımızın mentaliteti nəzərə alınaraq, milli maraqların qorunması əsas götürülərək təhlillər aparılırdı. Bu təhlillər nəticəsində belə fikir formaslaşdı ki, ölkə iqtisadiyyatını, o cümlədən aqrar bölməni bu çətin vəziyyətdən çıxarmaq üçün heç bir səmərə verməyən inzibati-amirlik metodundan əl çəkmək və bazar münasibətlərinə əsaslanan iqtisadi sistemə keçmək lazımdır. Bunun üçün islahatlar həyata keçirilməli, dövlətin mülkiyyətində olan əmlakın bir hissəsi özəlləşdirilərək xüsusi mülkiyyətə verilməlidir ki, ölkədə sahibkarlıq inkişaf etsin. Bununla əlaqədar hələ 1994-cü ilin sentyabr ayında keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev demişdir: "Kənd təsərrüfatı sahəsində gələcək inkişafımız yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Gecikmək olmaz. Bu mənim üçün əsas prinsipdir. Mən bu prinsipdən geri çəkilməyəcəyəm. Kim müqavimət göstərmək, yaxud mühafizəkarlıq etmək istəyirsə, biz onlara yol verməyəcəyik".
Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə hazırlanan, geniş və hərtərəfli müzakirə edilən "Aqrar islahatın əsasları haqqında" və "Sovxoz və kolxozların islahatı haqqında" qanun layihələri 1995-ci ildə, "Torpaq islahatı haqqında" qanun layihəsi isə 1996-cı ildə qəbul edildi. Bununla da 1996-cı ildən başlayaraq ölkədə MDB məkanında analoqu olmayan aqrar islahatlar başlandı. Vahid torpaq fondunun 57 faizi dövlət mülkiyyətində qalmaqla 20 faizi bələdiyyə mülkiyyətinə və 23 faizi xüsusi mülkiyyətə verildi. Xüsusi mülkiyyətə əsasən ən qiymətli torpaqlar, yəni əkin və çoxillik əkmələr altında olan torpaqlar verildi ki, bu da aqrar sahədə sahibkarlığın inkişafına öz müsbət təsirini göstərdi.
Aqrar silahatların aparılması və Heydər Əliyevin həyata keçirdiyi təşkilati, siyasi və digər tədbirlər tezliklə öz bəhrəsini verməyə başladı və aqrar sahədə dönüş yaranmasına səbəb oldu. 1996-cı ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalında 1991-ci ildən davam edən tənəzzülə son qoyuldu və ildən ilə artım əldə edildi. Onu da qeyd etmək lazımdır ki, həmin vaxtdan ötən 14-15 il ərzində keçmiş ittifaq respublikaları olmuş müstəqil dövlətlərdən fərqli olaraq Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmində heç vaxt azalma olmamışdır. Ölkəmiz artıq 1990-cı ilin səviyyəsini arxada qoymuş, heyvandarlıq və bitkiçilik sahəsində rekord nəticələr əldə etmişdir. Hazırda Azərbaycan əhalinin bir çox ərzaq məhsullarına, o cümlədən ət, kartof, tərəvəz, meyvə və digər məhsullara olan tələbatını yerli istehsal hesabına tam ödəyir. Başqa məhsullar üzrə isə xarici ölkələrdən asılılıq minimuma enib. Bu nailiyyətlər ümummilli lider Heydər Əliyevin uzaqgörən aqrar islahatlar siyasətinin uğurla həyata keçirilməsi və onun Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirilməsi sayəsində mümkün olmuşdur.
Ümumilli Liderimiz Goranboy rayonuna etdiyi - 1978, 1982 və 2002-ci illərdə, 3 səfərin hər biri rayon rayonumuzun tarixinə qızıl hərflərlə yazılmışdır. Biz də sevinirik ki, Ümumilli Liderimiz Heydər Əliyevin 1982-ci il tarixli səfəri zamanı, şəxsən O böyük Şəxsiyyətlə görüşmüşük. –Bu bizim həyatımızda ən unudulmaz xoş bir xatirədir.


Manya Allahverdiyeva- Goranboy rayonu Boluslu bələdiyyəsin sədri
Əzra Haşımova- YAP Goranboy rayon təşkilatın aparat rəhbəri

Keçidlər