Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyluların builki hədəfi uğurları qoruyub-artırmaqdır

29 aprel 2020 | 16:00

Ötən ili istehsal, abadlıq-quruculuq və xidmət sahələrində qazanılmış uğurlarla başa vurmuş goran¬boylular bu il qarşıya daha ciddi və geniş vəzifələr qoymuşlar. Birinci rübün göstəriciləri bir sıra sahələrdə ötən ilin müvafiq göstəricilərini üstələsə də, aprelin əvvəlindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün ölkəmizdə tətbiq edilən karantin tədbirləri bu bölgədə də ilin əvvəlindən start götürmüş yüksək tempə ləngidici təsirini göstərir.
Bu obyektiv çətinliyə baxma¬yaraq, ölkənin iri aqrar rayonların¬dan sayılan Goranboyda bu ilin bol məhsulun əsası ötən ildən qoyul¬muşdur. Bu mövsümün taxılı üçün payızda ötən ildəkindən 200 hektar çox sahədə-- 21 min hektarda buğda və arpa əkilmiş, yüksək bitiş əldə edilmişdir. 2, 2 min hektarda pam¬bıq əkmək üçün tarlalar payızdan şumlanmış, qış aratı edilmiş, malalan¬mışdır. Yaz səpinində 250 hektarda günəbaxan, 830 hektarda qarğıdalı, 540 hektarda tərəvəz, 205 hektarda kartof, 50 hektarda şəkər çuğunduru üçün sahələr də qışdan əkinə hazırlan¬mış və erkən yazda səpin aparılmışdır.
Rayon fermerləri və aqrar sahə müəssisələri xüsusi karantin dövründə zəruri yaz-tarla işlərinin davam etdirilməsi üçün icazə verilmiş istisnalardan tam yararlan¬mağa çalışırlar. Karantin qaydala¬rına ciddi əməl edilməklə, rayonun yaşayış məntəqələrində, aqrar təsərrüfarlarında mövsümi işlər və köməkçi tədbirlər yüksək səviyyədə gerçəkləşdirilir. Artıq bir neçə gündür ki, çiyin səpininə başlanılmış, kam¬paniyanın optimal müddətdə başa çatdırılması üçün bütün tədbirlər vax¬tında gerçəkləşdirilmişdir. Payızlıq əkinlərin suvarılması davam etdirilir.
Karantin tədbirləri üzrə qərargahla onlayn əlaqə zamanı öyrəndik ki, rayonda koronavirus infeksiyası¬nın yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, əhali arasında maarifləndirici söhbətlər davam etdirilir, dezinfeksiya işləri və karantin tədbirləri ciddi nəzarət altında həyata keçirilir.
Goranboy şəhərinin küçə və meydanlarında, idarə və müəssisələrin inzibati binalarında, yaşayış yerlərində, binaların girişlərində və pilləkənlərində, bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedi¬ci tədbirlər aparılır. Küçələr xüsusi ayrılmış avtomobillərlə dezinfeksiya olunur. Köməksiz ailələrə və tənha qocalara bir neçə dəfə ərzaq yardımı göstərilmişdir. Əhalinin maska, tibbi spirt və digər gigiyenik vasitələri asanlıqla əldə etməsi təmin edilir. Go¬ranboyda operativ qaydada yaradılmış zona infeksion xəstəliklər müəssisəsi koronavirusla mübarizədə profilaktik və müalicə tədbirlərini tələb olunan səviyədə davam etdirir.
Nazirlər Kabinetinin koronavirus infeksiyasının respublika ərazisində geniş yayılmasının qarşısının alınmasına ilə bağlı müəyyən etdiyi əlavə tədbirlərə uyğun olaraq, kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı qoyulmuş qaydalara ardıcıl əməl edilir. Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin, o cümlədən yardımçı sahələrdə xammal, gübrə, pestisid, toxum, baytarlıq preparat¬larını, bitki mühafizə vasitələrini, texnika və materialları, aqrokimyəvi maddələri rayona gətirən və aqrotex¬niki xidmətlər göstərilən şəxslərin normal fəaliyyətinin təmin edilməsi üçün qoyulan qaydalar da maneəsiz icra edilir. Aqrar sahədə zəruri işlərlə məşğul olanların, mövsümi işçilərin yaşadıqları məntəqədə, rayon daxilində və zəruri hallarda rayonlararası hərəkətində də heç bir məhdudiyyətə yol verilmir.
Bütün bunların nəticəsidir ki, yaz-tarla işləri ahəngdar gedir, əhalinin zəruri ərzaq malları ilə təchizatında heç bir çətinlik müşahidə olunmur. Karantin tədbirləri tikin¬ti-quruculuq işlərini müvəqqəti dayandırsa da, xidmət sahələrinin fəaliyyətində heç bir fasilə və ləngiməyə yol verilmir.
Yeri gəlmişkən bildirək ki, ötən il bütün sahələrdə üstün nailiyyətlər qazanmış goranboylular cari ilin bi¬rinci rübünün vəzifə və tapşırıqlarına da artıqlaması ilə əməl etmişlər. Go¬ranboy Rayon İcra Hakimiyyətindən elektron poçtla aldığımız arayışda bildirilir ki, cari ilin bol məhsulunun təmin edilməsi və tikinti-quruculuq sahəsində işlərin genişləndirilməsi üçün rayonda birinci rübdə yüksək göstəricilər qazanılmışdır. Hazırda rayonda 19 mini ana mal olmaqla 39 min baş iri mal bəslənir. Davar isə 199 min başa çatıb. Birinci rübdə 9,6 min ton ət, 96 min ton süd, 8,5 milyon ədəd yumurta əldə edilib.
Ötən il də rayonda genişmiq¬yaslı layihələr, abadlıq, quruculuq və tikinti işləri həyata keçirilmişdir. Ölkə Prezidentinin tapşırığına uyğun olaraq, qədim xalçaçılıq ənənələrinin qorunub gələcək nəsillərə çatdırılması məqsədilə, digər rayonlarda olduğu kimi, Goranboy şəhərində də Xalça fabriki fəaliyyət göstərir. Dövlət başçısı Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün daha bir Xalça fabrikinin tikilməsi üçün müvafiq sərəncam imzalamışdır.
Rayonda sahibkarlığın inkişafına yaradılmış əlverişli, şəffaf mühitin əyani göstəricisidir ki, yerli sahibkar Xaliq Mustafayevin 1,8 milyon manat vəsaitə inşa etdirdiyi və müasir tibbi avadanlıqlarla təchiz olunmuş “Med Life Estetik və Tibb Mərkəzi” ötən ilin sonunda uğurla fəaliyyətə başla¬yıb və indiki pandemiya şəraitində əhaliyə yüksək ixtisaslı tibb xidməti göstərir.
Ötən il rayonun sosial-iqtisadi inkişafı artan dinamika ilə müşahidə olunmuşdur. Ümumi məhsul bu¬raxılışının həcmi 9,4 faiz, sənaye məhsulunda 21,3 faiz, nəqliyyat xidmətində 5,3 faiz, rabitə xidmətində 5,1 faiz, ticarətdə 3,8 faiz artım ol¬muşdur. Ümumi məhsul buraxılışının tərkibində tikinti-quraşdırma işlərinin xüsusi çəkisi 13,3 faiz olmuşdur. Rayon üzrə orta aylıq nominal əmək haqqı 373,2 manat təşkil edir.
2019-cu ildə rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi 13,8 faiz artmışdır. Bu, dövlət tərəfindən fermerlərə verilən subsidiya, texnika təminatı nəticəsində əldə olunmuşdur. 67 min 258 ton taxıl istehsal edilmiş və hər hektardan məhsuldarlıq 31 sentner olmuşdur. 3 min 102 hektar¬dan 7,3 min ton pambıq, 8 hektardan 12,7 ton tütün və 8,5 ton barama məhsulu əldə olunmuşdur. Gələcəkdə baramaçılığın inkişaf etdirilməsi üçün rayon ərazisində 31 min 500 ədəd tut tingi əkilmişdir. 180 hektarda sahədə şəkər çuğunduru əkilmiş, 2 min 520 ton məhsul istehsal olunmuşdur.
Rayonda aqrar sahənin inki¬şafında Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “Region Aqro” nun xüsusi payı var. 4,7 min hektarı əhatə edən aqroparkda 2 min ha sahədə “pivot” və meyvə bağları üçün “damcılama” suvarma sistemləri quraşdırılmışdır. 11 kilometrlik avtomobil yolu, “Şəmkir maşın” kanalından 12,1 kilometrlik su kəməri çəkilmiş, 400 min kubmetrlik 2 su anbarı, 18 min tonluq taxıl anbarı, toxum- paketləmə zavodu, inzibati və yardımçı binalar inşa edilmişdir. 64 texnika alınmış, 1,4 min hek¬tarda taxıl, 93 hektar sahədə yonca əkilmişdir. Gələcəkdə aqroparkın ərazisinin genişləndirilərək 5200 hek¬tara çatdırılması nəzərdə tutulur.
Qızılhacılı qəsəbəsində 15 hektar sahədə 4-cü nəsil yeni istilikxa¬na kompleksi – “Kaskad Aqro” fəaliyyətə başlamışdır. Muzdurlar kəndində fəaliyyət göstərən 920 başlıq südlük və damazlıq hey¬vandarlıq kompleksi nəzdində süd məhsullarının emalı müəssisəsinin və damazlıq qoyunçuluq təsərrüfatının da yaradılması nəzərdə tutulmuşdur.
Ölkə rəhbərinin tapşırığı və dövlət maliyyə dəstəyi ilə həyata keçirilən Şəmkir maşın kanalının 1-ci və 2-ci növbə çəkilişləri başa çatdırılmış, 3-cü növbə çəkilişi üçün layihə-sənədləşmə işləri aparılır. Bununla da 40 min hektardan çox kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılması yaxşılaşacaqdır. Ötən il rayonda 18 yeni subartezian quyusu qazılmışdır. Bu istiqamətdə aparılan işin nəticəsi olaraq, dövlət başçısı¬nın müvafiq 2 sərəncamı əsasında rayonda 72 yeni subartezian quyusu¬nun qazılması davam etdirilir. Son 16 ildə rayonda 159 subartezian quyusu qazılmışdır.
Dövlət başçısının müvafiq sərəncamları və dövlət vəsaiti hesabına, Goranboy şəhərində 5 mərtəbəli 40 mənzilli yaşayış bina¬sının tikinti işləri başa çatdırılmışdır. Dəliməmmədli şəhərində 2 mərtəbəli 8 mənzilli yaşayış binasının və Goranboy Olimpiya İdman Komp¬leksinin tikinti işləri bu il davam etdirilib. Hər iki tikinti işlərinin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Ölkə Prezidentinin tapşırığı ilə cari ildə məcburi köçkünlər üçün 562 ailəlik yeni yaşayış şəhərciyinin salınması da nəzərdə tutulub.
Ümumiyyətlə, son 16 ildə rayon¬da ümumi məhsul buraxılışının həcmi 3,8 dəfə, sənaye məhsulu istehsalı 2,4 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,9 dəfə, tikinti-quraşdır¬ma işlərinin həcmi 39,9 dəfə, əsas kapitala yönəldilən investisiyalar 42 dəfə artmışdır. Dövlət proqramına uyğun olaraq, aqrar sahənin inkişafına diqqət, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi rayonda bir sıra mühüm nailiyyətlərin əldə olunması ilə nəticələnmişdir. Ölkə Prezidentinin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq, rayonda yeni istehsal və emal müəssisələrinin yaradılması, istixana komplekslərinin tikintisi istiqamətində zəruri işlər görülmüşdür.
Ötən illər ərzində rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən 2,8 milyon manat subsidiya ödənilmiş, sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1028 sahibkara 19 milyon manatlıq güzəştli kreditlər verilmişdir. Bunun nəticəsində 4 min 311 yeni iş yerləri yaradılmışdır. Ümumilikdə isə 2004-cü ildən bəri 16 min 104-ü daimi olmaqla, 35 min 660 yeni iş yerləri açılmışdır.
Bütün bu nailiyyətlərlə təmin edilmiş yüksəliş və tərəqqini, bolluq və firavan həyatı qorumaq üçün bugünlərdə goranboylular zəruri faəliyyət sahələrində bütün işləri karantin qaydalarına uyğun davam etdirir, qarşıdan gələn günlərin qayğı və arzuları ilə yaşayırlar.
Ziyəddin SULTANOV,
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

Keçidlər