Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda enerji təhlükəsizliyi tam şəkildə təmin olunub

21 aprel 2020 | 16:00

“İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, siyasi hakimiyyətin müəyyən zaman intervalında əldə etdiyi uğur və nailiyyətləri şərtləndirən başlıca amillərdən biri sosial məsuliyyət prinsipidir. Cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirən hakimiyyət komandası xalqa layiqli xidmət məramını əsas tutur, ölkənin bütün resurslarını qarşıya qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsinə səfərbər edir. Səmərəli və şəffaf idarəçiliyi hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik konsepsiyasında da bu mütərəqqi prinsip daim əsas tutulur.” Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib. 

A.Məmmədov qeyd edib ki, Azərbaycan dövləti bu gün uğurla reallaşdırdığı beynəlxalq təşəbbüslər, yerinə yetirdiyi tarixi əhəmiyyətli layihələr, dünyada sülh və sabitliyin möhkəmlənməsinə verdiyi töhfələrlə qlobal təhlükəsizlik və inkişaf sistemində mühüm yer tutur: “Qlobal qiymətləndirmə indekslərində ölkəmizin ildən-ilə irəlilələməsi bunun əyani sübutudur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Aprelin 20-də Prezident İlham Əliyev “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında bildirdi ki, regionların birinci sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilərkən orada infrastruktur layihələrinin arasında əsas diqqət energetika sahəsinə yönəlmişdi. Çünki biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik, xaricdən elektrik enerjisi alırdıq. Həm valyuta xaricə gedirdi, həm də bizim mövcud infrastruktur xətlərimiz imkan vermirdi. Azərbaycanın bölgələrində enerji təminatı çox pis vəziyyətdə idi. Ən yaxşı halda sutka ərzində 2-4 saat elektrik enerjisi verilirdi və əlbəttə ki, bu, həm insanların həyat tərzinə mənfi təsir göstərirdi. Amma bu gün biz artıq müasir enerji sistemimizi yaratmışıq və dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı.”

A.Məmmədov vurğulayıb ki, ölkə başçısının səsləndirdiyi bu fikirlər onu deməyə imkan verir ki, bu gün artan iqtisadi inkişafımız milli elektrik enerjisi sisteminin, enerji istehsalı infrastrukturunun yenidən qurulması, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyalarının tikilməsi, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətlərinin yenilənməsi, elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı Dövlət proqramlarının icrası nəticəsində daxili enerji tələbatının ödənilməsi ilə bərabər Azərbaycanda elektrik enerjisinin ixracına  nail olunub. Enerji təhlükəsizliyi tam təmin edilib, digər ölkələrdən enerji asılılığı aradan qaldırılıb və artıq özü elektrik enerjisi ixrac edən ölkə olaraq Azərbaycan elektroenergetika sektorunda böyük nailiyyətlər əldə edib.

Keçidlər