Şriftin ölçüsü :

Saytın rəngi :

Ağalar Vəliyev Goranboyla bağlı məsələ qaldırdı - Bu kəndlərə qaz və içməli su çəkilsin

09 aprel 2020 | 16:00

Milli Məclisin deputatı Ağalar Vəliyev Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən deyib. "Çağdaş tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmiz üçün ötən 2019-cu il müasir həyatımızın bütün sahələrində qazanılan yüksək nailiyyətlərlə və  uğurla gerçəkləşdirilən irimiqyaslı köklü  islahatlarla əlamətdar olub".

  Deputatın fikrincə, zəngin strukturu, analitik informasiyaları və məzmunlu təhlilləri  ilə seçilən Nazirlər Kabinetinin hesabatı zənnimcə yüksək peşəkarlıqla  mükəmməl  hazırlanıb:
"Hesab edirəm ki, sürətlə dəyişən yeni çağırışlar şəraitində  son 16 il müddətində cənab Prezidentin ardıcıl həyata keçirdiyi islahatların nəticəsində ölkəmizin hərtərəfli  inkişafının bütün parametləri və aspektləri hesabatda dolğun şəkildə öz əksini tapıb.
Heç şübhəsiz ki, 2019-cu ildə ağır geosiyasi və geoiqtisadi mənzərə fonunda Azərbaycanın davamlı inkişafının, makroiqtisadi  və maliyyə dayanıqlığının, xalqımızın sabitlik və təhlükəsizlik şəraitində yaşayışının təmin edilməsi hökümətin səmərəli fəaliyyətinin başlıca prioritetləri kimi səciyyələndirilməlidir.
Eyni zamanda milli iqtisadiyyatımızın rəqabətqabliyyətli  və ixracyönümlü istiqamətlərdə  stimullaşdırılması və şaxələndirilməsi, sənayeləşmənin gücləndirilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi, özəl sektorun təşviqi və investisiya mühütinin yaxşılaşdırılması olduqca müsbət məqamlar  kimi dəyərləndirilməlidir.
Hörmətli cənab Baş Nazirin ətraflı məruzəsindən göründüyü kimi, ölkə rəhbərinin göstərişlərini əsas tutaraq hökumət hesabat ilində iqtisadi inkişafla sosial tərəqqi arasında əlaqənin daha da möhkəmləndirilməsini və əhalinin rifahının yaxşılaşdırılması imkanlarından səmərəli istifadə edilməsini bilavasitə diqqət mərkəzində saxlayıb.
Həyata keçirilən davamlı siyasi, iqtisadi, sosial, kadr və struktur islahatları sayəsində 2019-cu ildə çoxşaxəli inkişafımız daha da sürətlənmiş, ümumi daxili məhsul real ifadədə 2,2 faiz artaraq 81,7 milyard manat, onun adam başına düşən payı 1,4 faiz artaraq 8 247 manat və ya 4 851 dollar təşkil etmiş, qeyri-neft sektoru 3,5 faiz, sənaye 1,5 faiz, qeyri-neft sənayesi 14,3 faiz, kənd təsərrüfatı isə 7,2 faiz artıb.
İl ərzində valyuta ehtiyatlarımız 14,2 faiz və ya 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollara çatmışdır. Hazırda valyuta ehtiyatlarımız xarici dövlət borcunu 5 dəfədən çox üstələyərək ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir ki, bu da dünya miqyasında 9-cu göstəricidir.
Cənab Prezidentin təşəbbüsü ilə keçən il 4,2 milyon insanı əhatə edən və dəyəri  2,3 milyard manat olan iki böyük sosial paketin reallaşdırılması sayəsində müavinətlərin,  təqaüdlərin və əmək haqlarının çox əhəmiyyətli dərəcədə artırılması bir daha dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir. Qazanılmış nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb, Dünya  Bankı Azərbaycanı 20 ən islahatçı ölkəsi siyahısına salmış  və hazırda ölkəmiz inkişaf templərinə görə dünya miqyasında 35-ci yerdə qərarlaşıb".
Ağalar Vəliyev Nazirlər Kabinetinin fəaliyyəti kontekstində  ölkənin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətli sfera kimi inşaat kompleksində görülən işlərə də toxunub:
"Belə ki, 2019-cu ildə  tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın məbləği ümumi sərmayənin 65,4 faizini təşkil edərək 11 milyard 245 milyon manat olmuş, il ərzində nəzərdə tutulan bütün infrastruktur layihələri icra olunub, bir sıra sosial və istehsal təyinatlı obyektlər  istifadəyə verilmiş,  60 tibb müəsissəsi, 84 məktəb tikilmiş və ya əsaslı təmir edilib.
Sevindirici haldır ki, ümumi inşaat işlərinin 82,9 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən icra olunmuşdur. Hesabat ilində həmçinin ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilib.
İqtisadiyyatımızın digər sahələri ilə yanaşı, inşaat sektorunda əhəmiyyətli inkişafın müşahidə olunması,  şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsinin çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilməsi fikrimcə çox təqdirəlayiq haldır".
Ağalar Vəliyev həmçinin bildirib ki, Azərbaycanın son illərdəki sürətli inkişafını sərhədyanı bölgə kimi hər zaman Prezidentin  diqqəti və qayğısı ilə əhatə olunan və millət vəkili kimi təmsilçisi olduğu 97 saylı seçki dairəsinə daxil olan  Goranboy rayonunun timsalında da aydın görmək olar:
"Təkcə  bir  faktı  vurğulayım  ki, sonuncu dəfə cari ilin martın 2-də olmaqla möhtərəm  Prezidentimiz  Goranboy rayonuna  7  dəfə  səfər  edib, müxtəlif  təyinatlı obyektlərin  açılışında  iştirak  edib və  bu  bölgənin  sosial-iqtisadi inkişafının  sürətləndirilməsinə  yönələn  22  sərəncam  imzalayıb.
Seçicilərimin ölkə rəhbərinə ünvanlanan  çoxsaylı minnətdarlıq hisslərini ifadə edərək böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, hökümətin 2018-ci il üzrə hesabatının Milli Məclisdə müzakirəsi zamanı 13 təhsil və 6 səhiyyə  müəssisəsinin əsaslı təmiri və tikintisi, eləcə də  rayonun elektrik şəbəkəsinin SİP kabelləşdirilməsi və  telefon qovşağı xətlərinin yenilənməsilə bağlı qaldırdığım məsələlərin bir çoxu icra olunması üçün müvafiq dövlət proqramına salınmışdır ki, buna görə Nazirlər Kabinetinə dərin təşəkkürümü bildirirəm.
Bununla belə, rayonun həlli vacib olan bəzi problemləri hələ də qalmaqdadır ki, hökumət üzvlərinin buradakı iştirakından istifadə edərək onları səsləndirmək istərdim.
Belə ki, Goranboy rayonunun 8 kəndinin, o cümlədən Yuxarı Ballıqaya, Börü, Buzluq, Erkəc, Mənəşli, Todan, Gürzallar, Qazançı kəndlərinin qazlaşdırılmasına, bir çox yaşayış məntəqələrinə isə içməli su xəttlərinin çəkilməsinə ciddi  ehtiyac vardır.
Ümüdvaram ki, sadaladığım bu problemlərin həlli istiqamətlərində Nazirlər Kabinetinin müvafiq qurumları tərəfindən əməli tədbirlər görüləcəkdir ki, bu da son nəticədə rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə böyük töhfə olacaq".

Deputat qeyd edib ki, Azərbaycanın son illərdəki inkişaf modelinin əsas qayəsi ondan ibarətdir ki, uğurla həyata keçirilən dövlət siyasəti ölkəmizin güclü dövlətə çevrilməsinə və xalqımızın rifahının yüksəldilməsinə hesablanıb.
Konseptual baxımdan bütün uğurlarımızın əsasında cənab Prezidentin sistemli və balanslaşdırılmış daxili və xarici siyasəti, onun xalqımız tərəfindən dəstəklənməsi, tükənməz vətəndaş etimadı və  sarsılmaz iqtidar-xalq birliyi dayanır.
Hər zaman olduğu kimi, Azərbaycan xalqı bu gün  qətiyyətlə inanır ki, hazırda bütün dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətlərində hörmətli dövlət başçımızın bilavasitə dəstəyilə həyata keçirilən qabaqlayıcı tədbirlər və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi öz müsbət nəticələrini verəcək, xalqımızın sağlamlığı bütövlükdə mühafizə olunacaq və bu qorxunc xəstəliyin cəmiyyətimiz üçün törədə biləcəyi bütün fəsadlar tezliklə aradan qaldıralacaqdır.
Əminəm ki, Nazirlər Kabineti qarşıda duran bu və digər vəzifələrin, eləcə də cənab Prezindentin gələcək inkişafımızın  yeni hədəflərilə bağlı imzaladığı fərman və sərəncamların, göstəriş və tapşırıqların icrasını layiqincə təmin edəcəkdir", - deyə Ağalar Vəliyev bildirib.

Keçidlər