“Goranboy rayonunun 2019-cu ildə sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə” rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş iclası keçirildi
“Goranboy rayonunun 2019-cu ildə sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə” rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın 18 fevral 2020-ci il tarixdə geniş iclası keçirildi. Tədbirdə ilk olaraq cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə, son 16 ildə rayonun inkişaf dinamikası və 2019-cu ildə rayonun sosial-iqtisadi həyatında baş verən yeniliklər barədə videorolik nümayiş etdirildi. Sonra İcra Başçısı cənab Məhərrəm Quliyev Hesabat Məruzəsi ilə çıxış etdi, məruzə ətrafında geniş müzakirələr aparıldı Tədbirdə çıxış edən ağsaqqallar, ziyalılar və iş adamları cənab Prezidentin hər bir sahədə Goranboy rayonuna göstərdiyi diqqət və qayğını, bu istiqamətdə imzaladığı sərəncam və verdiyi göstərişləri yüksək qiymətləndirdilər. Hesabat iştirakçıları, ictimaiyyət nümayəndələri rayonda 2019-cu ildə sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilmiş işləri də qənaət bəxş hesab etdilər.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov iştirak etdi və cənab Prezidentin rəhbərliyi altında hesabat dövrü ərzində ölkədə uğurla həyata keçirilmiş sosial-iqtisadi yeniliklər, beynəlxalq arenada qazanılmış böyük nailiyyətlər və Dövlət Başçısının siyasi iradəsi nəticəsində dövlətimizin strateji mövqeyinin gündən-günə güclənməsi barədə nitq söylədi.
Tədbirin sonunda rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən bir qrup şəxslərə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.