Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon icra Hakimiyyətinin bayram təbriki

31 dekabr 2019 | 10:01

 

 Əziz Goranboylular. Sizi, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və  yeni təqvim ilinin – 2020-ci ilin gəlişi münasibəti ilə,  səmimiyyətlə təbrik edir, Sizlərə möhkəm can sağlığı və süfrələrinizə bol ruzi-bərəkət arzu edirik.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş Müasir və Müstəqil Azərbaycan  Respublikası  Prezidentimiz cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyətli addımları ilə surətlə inkişaf edərək beynəlxalq siyasi arenada böyük nüfuza malik bir dövlət kimi öz layiqli  yerini tutmuşdur.
Məhz Cənab Prezidentimizin uzaqgörən və düşünülmüş  siyasi manevrlik bacarığı ilə həyata keçirilən beynəlxalq layihələr nəticəsində  ölkəmizin  sosial-iqtisadi və siyasi qüdrəti  gündən-günə artmaqdadır.
Ölkəmizin bütün şəhər, rayon və kəndlərinin  abadlaşdırılması və müasirləşməsi  istiqamətində Cənab Prezidentin həyata keçirdiyi əsaslı işlər də ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Dövlət Başçısının  diqqət və qayğısı nəticəsində, cari ildə rayonumuzda da xeyli əsaslı layihələr həyata keçirilmişdir.
130 çarpayılıq Mərkəzi Xəstəxananın, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, “Azərxalça” ASC-nin Goranboy filialının inşası və Goran-Qızılhacılı-Goranboy-Borsunlu avtomobil yolunun (40km) yenidən qurulması başa çatdırılmışdır.
Azərbaycan Respublikasının Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə, “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi əsasında, 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli yeni tam orta məktəbin layihə-sənədləşmə işləri başa çatdırılmış, yaxın müddətdə tikinti işlərinə başlanılacaqdır. 800 şagird yerlik Dəliməmmədli şəhər tam orta məktəbin yenidən tikintisi və 1176 yerlik Səfikürd kənd tam orta məktəbin əsaslı təmiri ilə bağlı, aidiyyəti üzrə müraciət edilmişdir.
Cənab Prezidentin müvafiq sərəncamı əsasında 18 subartezian quyusu qazılmış və 55 quyunun qazıntı işlərinə başlanılmışdır. Bundan əlavə, növbəti ildə 80 quyunun qazılması nəzərdə tutulmuşdur. Şəmkir maşın kanalının 3- cü növbə çəkilişinin layihə-sənədləşmə işlərinə start verilmişdir.
Mənzil şəraiti bərbad vəziyyətdə olan ailələr üçün Goranboy şəhərində inşa edilən 5 mərtəbəli 40 mənzilli yaşayış binasında son tamamlama, Dəliməmmədli şəhərində 2 mərtəbəli 8 mənzilli yaşayış binasının tikintisi işləri aparılır.
Rayonumuzun daha 6 yaşayış məntəqəsi təbii qazla təmin edilmiş, qazlaşmamış və əsasən dağlıq ərazidə yerləşən 8 yaşayış məntəqəsinə təbii qaz xətlərinin çəkilməsi üçün aidiyyəti üzrə müraciət olunmuşdur.
Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkın ərazisi genişlənirilərək müasir üslubda yeniləndirilmiş, şəhərdaxili 20 km yollar asfaltlaşdırılmış və  küçələrdə abadlıq işləri həyata keçirilmişdir.
Azərbaycan Respublikası Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “ Ölkə ərazisində 650 min ağacın əkilməsi aksiyası” çərçivəsində Goranboy rayonunda da 15 mindən çox müxtəlif növ ağac və baramaçılığın inkişaf etdirilməsi  məqsədi ilə, 31500 ədəd tut tingi əkilmişdir.
Rayonumuzda, cari məhsul ilində 66,5 min ton taxıl, 2,8 min ton şəkər çuğunduru,  5,5 min ton qarğıdalı, 7,0 min ton günəbaxan, 17,8 min ton ümumi bostan və tərəvəz, 94,5 min ton yem bitkiləri, 21,6 min ton meyvə, 12,7 ton qurudulmuş  tütün və 3102 hektar sahədən  7,3 min  ton pambıq  tədarük edilmişdir.
Tapqaraqoyunlu kəndində Şəhidlər Xatirə kompleksində əsaslı yenidənqurma  işləri aparılmış, Qarabağ əlilləri və müharibə veteranlarının müraciətləri nəzərə alınaraq, Qızılhacılı qəsəbəsində  Şəhidlər Xatirə Kompleksinin  tikintisinə başlanılmışdır.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə, Goranboy şəhərində 562 ailə üçün  inşa olunacaq yeni yaşayış şəhərciyinin  layihə-sənədləşmə işlərinə başlanılmışdır.

 Cari ildə rayon İcra hakimiyyətində keçirilən qəbullarda 6 minədək vətəndaş qəbul edilmiş, 1600-dən çox yazılı vətəndaş müraciətlərinə baxılmış və 46 yaşayış məntəqəsində səyyar qəbullar keçirilmişdir.


Möhtərəm Prezidentimizin diqqət və qayğısı ilə, 2020-ci ildə də rayonumuzda genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparılması və rayonun hərtərəfli inkişafının daha da sürətləndirilməsi istiqamətində əsaslı layihələr davam etdiriləcək, Goranboyumuz ölkəmizin ən inkişaf etmiş, abad və müasir rayonlarından birinə çevriləcəkdir.
Bütün Goranboylular, Heydər Əliyev irsinin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi ideyalarını daim dəstəkləyərək, bundan sonra da dövlətimizin və vətənimizin daha da güclənməsi və uğurlu inkişafı yolunda öz töhfələrini verəcəkdir.


Əziz və Qəhrəman Goranboylular.

Bir daha Sizləri bayramlar münasibəti ilə təbrik edirik.

Keçidlər