Şriftin ölçüsü :

Saytın rəngi :

14 iyul 1969-cu il- Azərbaycan tarixinin yeni səhifəsi-Heydər Əliyev yolu.!

14 iyul 2022 | 17:42

14 iyul 1969-cu il- Azərbaycan tarixinin yeni səhifəsi-Heydər Əliyev yolu.!

 

Ümummilli Lider Heydər Əliyev müdrik siyasəti, qətiyyətli iradəsi, əzmkarlığı ilə xalqımızın yaddaşında xilaskar və qurucu Şəxsiyyət kimi qalmış, dünyada görkəmli dövlət xadimi kimi tanınmışdır. Ümummilli Lider 1969-cu il iyulun 14-də respublikamıza rəhbərlik etməyə başladıqdan sonra Azərbaycanın inkişafı üçün məqsədyönlü siyasət aparmış, xalqımızı ümummilli məqsədlər ətrafında səfərbər edib qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirmişdir. Həmin dövrdə respublikamızın dinamik inkişafını nəzərdə tutan xeyli sayda sosial-iqtisadi proqramlar hazırlanıb həyata keçirilmişdir. Azərbaycan aqrar respublikadan davamlı inkişaf edən sənaye ölkəsinə çevrilmişdir. İdarəetmə münasibətlərində mütərəqqi yeniliklərin tətbiqi, dövlət vəzifələrinə təyinatda milli kadrlara üstünlük verilməsi respublikamızın hərtərəfli inkişafında böyük əhəmiyyət daşımışdır. SSRİ-nin tərkibinə daxil olan respublikaların rəhbərləri içərisində Heydər Əliyev parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri, mürəkkəb vəziyyətlərdə obyektiv və ədalətli mövqe tutması ilə hamıdan fərqlənirdi. Ulu Öndər təcrübəli dövlət xadimi və təşkilatçı kimi ictimai həyatın bütün sahələrinə dair zəruri biliklərə malik idi. Sovet sisteminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi geriliyinin aradan qaldırılması istiqamətində mühüm addımlar atmağa başladı. 1960-cı illərin sonlarına qədər respublikamızda əsasən neft sənayesinin inkişafında müəyyən irəliləyişlər olsa da, iqtisadiyyatın digər sahələrində çatışmazlıqlar mövcud idi. Azərbaycan sovetlər ittifaqının karbohidrogen xammalı istehsal edən əsas respublikası olaraq qalırdı. Neft və onunla bağlı olan sahələr respublikamızın xalq təsərrüfatına ümumi kapital qoyuluşunun böyük bir hissəsini özünə cəlb etsə də, istehsal və sosial infrastruktur zəif inkişaf etmişdi. SSRİ-nin tərkibində olan Azərbaycanın iqtisadi inkişafını müstəqil şəkildə müəyyənləşdirmək səlahiyyəti yox idi. Buna görə də uzun illər respublika iqtisadiyyatı yalnız neft-qaz hasilatı və onunla əlaqədar sahələrin inkişafından asılı olmuşdu. 1969-cu ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəldikdən sonra göstərilən vəzifələrin həyata keçirilməsi istiqamətində mühüm işlər görüldü. Azərbaycanın bütün sahələrini əhatə edən dinamik inkişafa nail olmaq üçün Heydər Əliyev çevik və ardıcıl siyasət apardı, sənayenin, aqrar-sənaye kompleksinin ixtisaslaşmış sahələrinin inkişafı məqsədilə müxtəlif proqramlar həyata keçirdi. 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti Azərbaycanın xalq təsərrüfatının və onun ayrı-ayrı sahələrinin inkişafına dair mühüm qərarlar qəbul etdi. Həmin sənədlərdə sosial-iqtisadi inkişafı nəzərdə tutan əsas məqsədlər öz əksini tapdı. Onlara nail olunması yönündə görülmüş təşkilati-iqtisadi tədbirlərin nəticəsində respublikanın hərtərəfli inkişafı üçün böyük istehsal potensialı yaradıldı. Azərbaycan elektrik enerjisi, neft-mədən avadanlığı, kimya məhsulları, üzüm şərabı, meyvə-tərəvəz konservi, pambıq mahlıcı, ipək sap, yaşıl çay və digər məhsulların istehsalına görə SSRİ-yə daxil olan respublikalar arasında qabaqcıl yer tutdu. Azərbaycanın sənaye və kənd təsərrüfatı üzrə istehsal göstəriciləri yüksəldi, ümumittifaq əmək bölgüsündə payı artdı. Heydər Əliyevin qətiyyətli və prinsipial fəaliyyəti nəticəsində SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri Azərbaycanda tikildi. 1975-ci ildə Bakı Məişət Kondisionerləri zavodu fəaliyyətə başladı. Hər il zavodda layihə gücündən artıq, 430 min kondisioner istehsal olunaraq, dünyanın 60-dan çox ölkəsinə göndərilmişdir. SSRİ rəhbərliyi respublikamızda maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq verdi. 1969-1982-ci illərdə Azərbaycanda yeni sənaye sahələri yaradılmış, müxtəlif elektrik cihazları istehsal edən zavodlar inşa olunmuşdur. Həmin dövrdə respublikamızda 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başladı. Azərbaycan sənaye məhsulunun artım sürətinə görə SSRİ-nin respublikaları arasında ən qabaqcıl mövqelərdən birini tutdu. 1969-1982-ci illərdə neft sənayesi üçün müxtəlif təyinatlı 400-dən çox gəmi alındı. 1978-ci ildə Bakı Dərin Özüllər Zavodunun təməli qoyuldu. Sənayenin inkişafı istehsal müəssisələrinin yeni texnologiyalar əsasında qurulmasına böyük təkan verdi, on minlərlə yeni iş yeri açıldı. Bakı və Sumqayıtla yanaşı, Gəncə, Mingəçevir, Şəki, Lənkəran kimi orta və kiçik şəhərlərdə tikinti materialları, yüngül və yeyinti sənaye müəssisələri, iri maşınqayırma zavodlarının filialları fəaliyyətə başladı. 1980-ci illərdə istehsaldan gələn milli gəlirin 20 faizindən çoxu sənayenin payına düşürdü. Həmin dövrdə milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı, həmçinin əmək məhsuldarlığı 2 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artmışdı. Kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, bu sahədə məhsuldarlıq isə 2 dəfədən artıq çoxalmışdı. SSRİ-nin bir çox məhsullara, xüsusilə neft sənayesində işlənən avadanlıqlara tələbatının 70 faizə yaxınını Azərbaycan təmin edirdi. Sənaye müəssisələrinin yenidən qurulması və müasirləşməsi istehsalın texniki səviyyəsini xeyli yüksəltdi. 1969-1982-ci illərdə respublikamızda əmək məhsuldarlığının yüksəlməsi iqtisadiyyatın inkişafına güclü təsir göstərən faktor oldu. Əsaslı vəsait qoyuluşunun artımı nəticəsində Azərbaycan böyük tikinti meydançasına çevrildi. Həmin illərdə yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması sənayenin maddi-texniki bazasını möhkəmləndirdi. Elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi nəticəsində elektron maşınqayırması, radio-sənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıqların istehsalı kimi yeni mütərəqqi sənaye sahələri yaradıldı. Respublikamızda neft emalı sənayesi tarixində ilk dəfə olaraq neftin ikiqat emalı üçün qurğu və avadanlıqlar quraşdırıldı, qaz sənayesinin inkişafında ən yüksək nəticələr əldə olundu. Azərbaycanın energetika sisteminin təkmilləşməsi Cənubi Qafqazın enerji sisteminin formalaşmasında, həmçinin SSRİ-nin vahid enerji şəbəkəsi ilə əlaqəsinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıdı. Həmin dövrdə üzümçülük, baramaçılıq, tütünçülük, çayçılıq və çayın emalı, pambıqçılıq kompleksləri əsasında yüngül və yeyinti sənaye məhsulları istehsalının həcmi əhəmiyyətli dərəcədə artdı. Respublikamız istehsal etdiyi bir çox əsas məhsullarla özünün yerli tələbatını ödəməklə yanaşı, həm də xeyli sayda müxtəlif məhsullar ixrac etməyə başladı. SSRİ üzrə üzüm və tütün istehsalının həcminə görə Azərbaycan birinci, barama istehsalına görə üçüncü, pambıq istehsalına görə dördüncü yeri tutdu. Göründüyü kimi, Heydər Əliyevin yüksək idarəçilik bacarığının sayəsində respublikamızın iqtisadiyyatı və onun müxtəlif sahələri sürətli inkişaf yolu keçmişdir. Bunun nəticəsidir ki, həmin dövrdə Azərbaycan da Rusiya və Ukrayna kimi ittifaq büdcəsindən dotasiya almırdı. 1969-1982-ci illərdə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar sonralar xalqımızın siyasi müstəqilliyi yolunda mühüm təməl rolunu oynadı. Xalqımız Heydər Əliyevin doğma Vətəninə, milli-mənəvi dəyərlərə böyük sevgisi ilə hələ xeyli əvvəllər, onun Azərbaycana rəhbərlik etmədiyi illərdə tanış olmuşdur. Belə ki, Heydər Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri vəzifəsində işləyərkən kommunizm ideologiyasının qadağalarına baxmayaraq, mənəvi-mədəni dəyərlərin qorunmasını, milli düşüncəli ziyalıların yaradıcılıq fəaliyyəti üçün lazımi şəraitin yaradılmasını diqqət mərkəzində saxlamışdır. Vaxtilə milli təəssübkeşliyinə görə sıxışdırılan, siyasi-ideoloji təzyiqlərə məruz qalmış ziyalılar Heydər Əliyevin DTK-ya rəhbərliyi dövründə rahat nəfəs almışlar. Heydər Əliyev azərbaycançılıq məfkurəsinin ictimai fikirdə özünə mühüm yer tutması üçün prinsipial fəaliyyət göstərmişdir. Bunun nəticəsində xalqımızın tarixi, dili, ədəbiyyatı və mədəniyyətinin hərtərəfli şəkildə, dərindən öyrənilməsi sahəsində nailiyyətlər əldə edilmiş, gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur. Sovet dövründə hakim ideologiyanın qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərin tərkib hissələrindən olan ana dilinin inkişafı məqsədilə əhəmiyyətli addımlar atılmışdır. 1974-cü ildə ali məktəb tələbələri üçün hazırlanmış dördcildlik "Müasir Azərbaycan dili” dərsliyi dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması barədə maddənin öz əksini tapması milli şüurun inkişafına mühüm təkan vermişdir. Heydər Əliyev bununla bağlı demişdir: "Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvada nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”. Ulu Öndərin tarixi xidmətlərindən biri azərbaycançılıq məfkurəsinə əsaslanan milli ideologiyanın inkişafı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərliyi dövründə milli ideyanın ictimai şüurda özünə mühüm yer tutması üçün əlverişli ictimai-siyasi, elmi-mənəvi mühit yaradılmışdır. Yazıçıların və mədəniyyət xadimlərinin həmin şəraitdən bəhrələnərək yazdıqları çoxsaylı əsərlər, yaratdıqları incəsənət nümunələri gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə olunmasında xüsusi yer tutmuşdur. Heydər Əliyev azərbaycançılıq ideyasını əsərlərində təbliğ etdiklərinə görə millətçilikdə günahlandırılıb təqiblərə məruz qalan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov kimi görkəmli şəxsiyyətləri ən çətin məqamlarda qorumuş, cəzalandırılmaqdan xilas etmişdir. Heydər Əliyevin dövründə Azərbaycanın bütün regionlarında xalqımızın görkəmli şəxsiyyətlərinin abidələri ucaldılmış, repressiya qurbanı olmuş dahi şair Hüseyn Cavidin nəşi Vətəninə gətirilmişdir. Xalqımızın tarixi keçmişinin öyrənilməsi, zəngin ədəbi-mədəni irsinin qorunub saxlanılması üçün Heydər Əliyevin gördüyü işlərin nəticəsində ictimai şüurda dövlət müstəqilliyi duyğuları özünə yer tapmışdır. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Səməd Vurğun kimi görkəmli şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsində keçirilməsi milli özünüdərk prosesinin dərinləşməsinə böyük təsir göstərmişdir. Eyni zamanda Azərbaycan ədəbiyyatı, folkloru, xalqımızın ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı tarixi və ədəbi araşdırmalar aparılmışdır. Xalqımızın azadlıq ideallarını özünəməxsus şəkildə ifadə edən aşıq poeziyasının və musiqisinin inkişafına böyük əhəmiyyət verilmişdir. 1972-ci ildə Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri olan Aşıq Ələsgərin 150 illik yubileyi aşığın anadan olduğu Göyçə mahalında, eyni zamanda, Bakıda və Moskvada yüksək səviyyədə keçirilmişdir.  Heydər Əliyev respublikamızda milli hərbi kadr hazırlığı üçün 1971-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbi yaratmışdır. Məlumdur ki, SSRİ-də hərbi məktəblər əsasən Rusiya, Ukrayna və Belorusiyada fəaliyyət göstərirdi, müsəlman-türk respublikalarında isə bu cür təhsil müəssisələri mövcud deyildi. Ümummilli Lider bununla bağlı olaraq demişdir: "O vaxt düşünürdüm, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq. Biz nə üçün ordudan təcrid olunuruq? Və nəticədə bu məktəbi yarada bildik”. Azərbaycan yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra C.Naxçıvanski adına Hərbi Məktəb milli ordu quruculuğu üçün hərbi kadr hazırlığında mühüm tədris bazası rolunu oynadı. Heydər Əliyevin yüksək işgüzarlığı, rastlaşdığı problemləri peşəkarlıqla aradan qaldırması, SSRİ respublikaları arasında sosial-iqtisadi inkişafına görə axırıncı yerlərdən birini tutan Azərbaycanı ön sıralara çıxarması SSRİ-nin siyasi elitasının böyük marağına səbəb olmuşdu. Bunun nəticəsində Heydər Əliyev 1982-ci ildə SSRİ kimi nəhəng dövlətin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Ulu Öndər həmin vəzifədə işləyərkən yenə də xalqımızın milli maraqlarını ifadə edən siyasət aparmış, Azərbaycana daim dəstək vermişdir. M.Qorbaçovun və onun ermənilərdən ibarət olan yaxın ətrafının təzyiqi ilə Heydər Əliyev tutduğu yüksək vəzifəsindən istefa verdikdən sonra Azərbaycan ictimai-siyasi və sosial-iqtisadi böhranla, Ermənistanın hərbi təcavüzü ilə üzləşdi. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsiz siyasəti nəticəsində cəmiyyətin bütün sahələri dərin böhranla üzləşdi, Ermənistanın hərbi təcavüzünün qarşısını almaq üçün vahid komandanlığa tabe olan milli ordu yaradılmadı, xaos və qarşıdurmaların miqyası getdikcə genişləndi. Xüsusilə, AXC-Müsavat iqtidarının naşı siyasəti vəziyyəti daha ağırlaşdırdı. Xalqımız çətin və ağır vəziyyətdən çıxış yolunu həmin dövrdə Naxçıvan Ali Məclisinin Sədri olan görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsində görür və bu məqsədlə müxtəlif təşəbbüslərlə çıxış edirdi. 1993-cü il iyunun 4-də Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda AXC-Müsavat iqtidarı həm xalqımızın israrlı tələbini, həm də özünün acınacaqlı aqibətini nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993-2003) müstəqil dövlət quruculuğu yolunda uzaqgörən və qətiyyətli siyasət apardı. Bunun nəticəsində ölkəmiz sosial-iqtisadi inkişafa nail oldu, müstəqil dövlətin hüquqi-siyasi əsasları formalaşdırıldı, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Xalqımızın qədim və zəngin milli-mənəvi dəyərləri qorunub saxlanıldı, azərbaycançılıq məfkurəsi milli ideologiya səviyyəsinə qaldırıldı. Milli maraqları ifadə edən xarici siyasətin aparılması sayəsində əldə olunmuş uğurlar, nəqliyyat-enerji təhlükəsizliyinin təmin olunması Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirdi. Ölkəmizin dünya dövlətləri və beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdi. BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın mənafeyini, beynəlxalq hüquqi normaları, prinsipləri ifadə edən qətnamə və qərarlar qəbul etdilər. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin siyasəti Azərbaycanın siyasi-iqtisadi, mədəni-intellektual potensialına əsaslanır və müasir dövrün çağırışlarına cavab verir. Milliyyətindən asılı olmayaraq hər kəsin hüquqlarının qorunması, müxtəlif xalqların mədəniyyətlərinin və adət-ənənələrinin inkişafına şərait yaradılması vətəndaş həmrəyliyini möhkəmləndirən faktorlar kimi çıxış edir. Azərbaycan dünyada fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan, milli birlik şəraitində yaşayan dövlət kimi tanınır. Əhalinin rifahına xidmət edən sosial-iqtisadi və elmi inkişaf sahəsində böyük nailiyyətlər əldə olunur, vətəndaş cəmiyyəti və multikultural dəyərlər inkişaf edir. Milli maraqlara və praqmatizmə əsaslanan xarici siyasətin aparılması beynəlxalq ictimaiyyətdə Azərbaycana böyük inam və etimad qazandırır. Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”. Həmin vaxt 17 ildən sonra yetişdi. Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın tacı olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ulu Öndərin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Hadrutda  üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Biz doğma Qarabağımıza qovuşmuşuq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasi xadim, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

 

 

Keçidlər