Goranboy rayonunun Goran qəsəbəsi ərazisində uzun illərdən bəri həll edilməmiş mövcud problemlərin aradan qaldırılması bağlı əsaslı işlər həyata keçiriləcək.
Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonunun Goran qəsəbəsi ərazisindən keçən hissəsində inşa edilmiş körpünün ətrafında , uzun illərdir ki, təbii fəlakətlər zamanı yaranmış sel sularının törətdiyi ciddi fəsadlar bu ərazidə yaşayan sakinlərin fərdi təsərrüfatlarına, əkin sahələrinə və sahibkarlıq obyektlərinə daim böyük zərər vurmuşdur. Bu da , öz növbəsində sakinlər və sahibkarlar arasında əsaslı narazılıqların yaranmasına səbəb olmuşdur.
Məhz bu problemin aradan qaldırılması ilə bağlı Goranboy rayon İcra hakimiyyətinin başçısı tərəfindən aidiyyəti dövlət orqanlarına müraciətlər edilmişdir. Bu müraciətlər dövlət qurumları və aidiyyəti təşkilatlar tərəfindən müsbət cavablandırıldıqdan sonra, həmin ərazidə əsaslı işlərin, o cümlədən sel arxlarının bərpası , genişləndirilməsi , yeni beton bəndsalma və digər zəruri işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu məqsədlə, 02 oktyabr 2019-cu il tarixdə, rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə həmin ərazidə olmuş və bununla əlaqədar zəruri tapşırıq və tövsiyələrini bildirmişdir.