Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında, əsaslı təmir edilmiş Tap kənd tam orta məktəbi istifadəyə verildi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında, Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir-bərpa işləri aparılmış Tap kənd tam orta məktəb binasının istifadəyə verilməsi ilə bağlı tədbir keçirildi. Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Elm və Təhsil nazirinin müavini Muxtar Məmmədov iştirak etdilər.
İcra Başçısı və Nazir müavini öncə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini, sonra isə Tap Qaraqoyunlu kəndində, şəhid ailələri və qazilərlə birgə, Şəhidlər Xatirə Kompleksini ziyarət etdilər.
Tap və Tap Qaraqoyunlu kəndləri 44 günlük Vətən Müharibəsindən öncə cəbhə bölgəsində yerləşdiyindən daim düşmən təhlükəsi ilə üz-üzə olmuş, bu kəndlərin sakinləri, demək olar ki, hər gün erməni silahlı birləşmələrinin odlu silahlardan atdığı müntəzəm atəşlərə məruz qalırdı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda həyata keçirilən Şanlı Vətən Müharibəsi zamanı əldə olunmuş möhtəşəm Zəfərdən sonra, Tap və Tap Qaraqoyunlu kəndləri də həmin təhlükədən xilas oldu və artıq bu kəndlərdə də normal həyat davam edir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi dövründə ali təhsilin inkişafının əsas prioritetə çevrildiyini və insan kapitalının dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini qeyd edən İcra Başçısı Məhərrəm Quliyev çıxışında Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları nəticəsində təhsil sistemində keyfiyyətcə yeni inkişafın əldə edilməsini, yüksək nəticələrin qazanıldığını vurğuladı. İcra Başçısı bildirdi ki, Azərbaycan Respublkasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə böyük əks-səda doğurmuşdur. Təhsilin ölkənin gələcəyi üçün olduqca əhəmiyyətli bir sahə olduğunu nəzərə alan Fondun rəhbəri bu istiqamətdə möhtəşəm tədbirlərə imza atmış, gənc nəslin formalaşmasına böyük töhfələr vermişdir. Fondun yaradılmasının beş illik yubileyində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, respublikada ilk məktəb tikintisi məhz bu Fondun xətti ilə geniş vüsət almışdır. Sonra həmin təşəbbüs dövlət tərəfindən əsas götürülərək bütün ölkə miqyasında həyata keçirilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğsısı ilə, Goranboy rayonunda da təhsilin inkişafı və rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının zənginləşdirilməsi ilə bağlı genişmiqyaslı işlər həyata keçirilmişdir. Son illərdə rayonumuzda 32 məktəb binası yenidən tikilmiş, 11 məktəb binası əsaslı təmir edilmişdir. 7 məktəb isə, o cümlədən cari ilin yanvarında istifadəyə verilmiş 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəbi də birbaşa Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında inşa edilmişdir. Bundan əlavə ötən ildə Abbasqulular və Gürzallar kəndlərində modul tipli məktəblər də istifadəyə verilmişdir.
44 günlük Vətən Müharibəsi zamanı erməni silahlı birləşmələrinin atdığı artileriya mərmisinin partlaması nəticəsində zərər çəkmiş Tap və Qaraçinar kənd tam orta məktəbləri, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında əsaslı təmir edilmiş, yaxın vaxtlarda isə Qızılhacılı və Səfikürd tam orta məktəblərinin əsaslı təmirinə başlanılacaqdır.