Goranboyda kəhrizlər bərpa edilir
Ölkədə su çatışmazlığından əziyyət çəkən rayonlardan biri də Goranboydur. Demək olar ki, rayon camaatı hər il istər əkin sahələrinin suvarılmasında, istərsə də içməli suya olan tələbatının ödənilməsində problemlərlə üzləşirlər.
Problemin aradan qaldırılması məqsədilə hər il rayonun kənd və qəsəbələrində yeni subartezian quyuları qazılaraq istifadəyə verilir ki, bu da suya olan tələbatı qismən ödəyir. Lakin rayonda yeni su mənbələrinin əldə olunması istiqamətində də tədbirlər görülür.
Elə bu yaxınlarda rayon ərazisində olan və istismara yararsız vəziyyətə düşmüş kəhrizlərin üzə çıxarılması və bərpası üçün işlərə başlanılmışdır. Bərpa işləri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən Cənubi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə reallaşan layihə çərçivəsində həyata keçirilir.
Beynəlxalq Miqrasiya Təşkilatı ilk dəfə olaraq kəhriz su sistemlərinin bərpasında yeni texnologiya tətbiq edir. Belə ki, kəhriz tunelləri və quyular avadanlıqlar vasitəsilə qazılır. Qazma işləri yekunlaşdıqdan sonra kəhriz quyularında bərkitmə işləri aparılır, dəmir-beton həlqələr quraşdırılır. Tunellərə isə polietilen borular qoyulur. Bununla da kəhrizlərin dayanıqlığı artırılır.
Bir kəhrizin bərpası yeni texnoloji metodologiya ilə 2 ay vaxt aparır. Halbuki ənənəvi üsulla kəhrizin ölçüsündən asılı olaraq xeyli vaxt lazım gəlirdi. Odur ki, yeni texnologiyanın tətbiqinin kəhriz su sisteminin iqtisadi səmərəliliyini artıracağı şübhəsizdir.
Hazırda rayonun Səfibəyli kəndi ərazisində 7 quyunu əhatə etməklə 171 metr məsafədə kəhrizin bərpası işləri aparılır. Səfibəylidən sonra Hacallı, Tatarlı və Səfikürd kəndlərində kəhrizlərin bərpası işlərinin aparılması nəzərdə tutulur.
Sabir ƏLİYEV,
“Azərbaycan”