Goranboylular ötənilki uğurlarını belə dəyərləndirirlər
Ölkədə həyata keçirilən irimiqyaslı islahatlar, iqtisadiyyata cəlb olunan investisiyaların həcminin ildən-ilə artması Goranboyun da sürətli inkişafını təmin etmişdir. Hər il reallaşdırılan infrastruktur layihələri rayonun potensial imkanları ilə yanaşı, əhalinin həyat səviyyəsinin yüksəlməsinə də müsbət təsir göstərmişdir.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər Goranboyda uğurla həyata keçirilir. Proqramın icrası çərçivəsində meyvə şirələri konsentratı istehsal zavodunun, xalça fabrikinin tikintisi başa çatmış, kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafı üçün 5 hektarda istixana yaradılmış, 246,5 hektar ərazidə yaradılmış taxılçılıq və pambıqçılıq üzrə mövcud aqroparkın ərazisi genişləndirilərək 4700 hektara çatdırılmış, ərazidə 85 hektar meyvə bağı salınmış, əlavə olaraq 2002 hektarda pivot suvarma sistemləri quraşdırılaraq istifadəyə verilmişdir. Qısa müddətdə rayonda su qıtlığının aradan qaldırılması məqsədilə Qarabağ kanalı üzərində nasos stansiyası tikilmiş, su kəməri çəkilmiş, 100 min kubmetr su tutumu olan anbar inşa edilmiş, Goran-Cotton ASC-nin nəzdində mahlıc və çiyid istehsalı müəssisəsi yaradılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi çərçivəsində 2000 tonluq soyuducu anbar, region aqroparkının ərazisində tutumu 18000 ton olan taxıl terminalı və qablaşdırma müəssisəsi istifadəyə verilmişdir.
Bunlardan əlavə, yerli əhəmiyyətli, eləcə də kəndlərin giriş və kəndarası avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri üzrə işlər davam etdirilmişdir. Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu-Xanqərvənd-Əlirzalı avtomobil yolunun yenidən qurulması işləri artıq başa çatmışdır, Rəhimli-Səfikürd-Naftalan, həmçinin Yeni yol-Aşağı Ballıqaya-Nərimanlı-Zeynallı yolunda da təmir işlərinə başlanılmışdır.
Məlum olduğu kimi, Goranboy rayonunun su təminatında bir çox problemlər var. Odur ki, dövlət başçısının müvafiq sərəncamları ilə həmin problemin həlli üçün hər il bu istiqamətdə bir çox tədbirlər həyata keçirilir. Əkin sahələrinin su təminatının ödənilməsi üçün təkcə son bir neçə ildə 60-dan artıq subartezian quyusu qazılmışdır. Bundan başqa, Aqroparkın suvarma suyu ilə təmin edilməsi üçün Kürəkçayda nasos stansiyası quraşdırılmış və su anbarına yeni kəmər çəkilmişdir.
Təhsil müəssisələrinin yenilənməsi istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilmişdir. Hazırda Goranboy şəhər 1 nömrəli, Dəliməmmədli şəhər və Səfikürd kənd tam orta məktəbləri üçün yeni binaların tikintisində son tamamlama işləri görülür. İnteqrasiya təlimli internat tipli gimnaziyada, Qızılhacılı qəsəbə 1 nömrəli, Xanqərvənd, Balakürd, Borsunlu, Goranboy şəhər 2 nömrəli məktəblərin əsaslı təmirinə isə yaxın günlərdə başlanacaq.
Rayonda aqrar sektorun inkişafı əsas gəlirli sahə kimi daim diqqət mərkəzində saxlanılır. Son məlumata əsasən, rayonda 46166,2 hektar əkin sahəsi var. Həmin sahələrdə hər il taxıl, tərəvəz və bostan, eləcə də kartof, dən üçün qarğıdalı, üzüm, pambıq, şəkər çuğunduru, tütün, günəbaxan və lavanda kimi bitkilər yetişdirilir.
Ölkəmizdə baramaçılığın inkişafına verilən dəstəkdən yararlanan goranboylular hər il bu sahədə yüksək nəticələr əldə edirlər. Cəmi 40 gün ərzində çəkdikləri əziyyətin bəhrəsini görən kümçülərin hansını dindirsən baramaçılığın iqtisadi cəhətdən daha gəlirli olduğunu söyləyər. Odur ki, rayonda baramaçılıqla məşğul olanların sayı durmadan artır. Əvvəllər rayon üzrə cəmi 50-60 qutu baramaqurdu götürülürdüsə, indi onların sayı 150-yə çatıb.
Rayonun kənd təsərrüfatında qazanılan uğurlarda heyvandarların da böyük əməyi var. Onlar keçən il diri çəkidə 3656,8 ton ət, 32403,9 ton süd, 19,9 milyon ədəd yumurta istehsal edərək əvvəlki ilin göstəricilərini üstələmişlər. Belə ki, ət istehsalı 0,4, süd istehsalı 1,9, yumurta istehsalı isə 0,5 faiz artmışdır.
İqtisadi əhəmiyyətinə görə Azərbaycanda ikinci texniki bitki sayılan tütünçülük də Goranboyda sürətlə inkişaf edir. Tütünçülük üçün əlverişli mühitə malik rayonda hər il əkin sahələri genişləndirilir. Goranboyda tütünçülüklə, əsasən, Zeyvə, Yenikənd, Şəfəq, Qarbucaq, Todan və Qaraçanaq kəndlərinin sakinləri məşğul olurlar. 2016-cı ildə ilk dəfə rayon üzrə 6 hektar sahədə tütün əkən fermerlər hektardan 32,5 sentner məhsul götürmüşlər. Ötən il əkin sahələrini 8 hektara çatdıran fermerlər plantasiyalardan bol məhsul götürmüşlər. Rayon üzrə hər hektardan 1,5 ton olmaqla, ümumilikdə 14,7 ton quru tütün təhvil verilmişdir.
Rayonda sənaye sahəsində də uğurların sayı ildən-ilə artır. Keçən il sənaye müəssisələrində 79,9 faiz çox, yəni 20 milyon 822,3 min manatlıq sənaye məhsulları istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Əvvəlki illə müqayisədə istehsal edilmiş sənaye məhsullarının və göstərilmiş sənaye xarakterli xidmətlərin həcmi dövlət sektorunda 22,8 faiz, qeyri-dövlət sektorunda isə 2,5 dəfə artmışdır.
Sabir ƏLİYEV,
“Azərbaycan”