Goranboyda İcra Başçısı və Deputat əlaçı şagirdlər, ali məktəblərə qəbul olmuş tələbələr və nailiyyətləri ilə fərqlənən müəllimlərlə görüşdülər.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev seçki dairəsini əhatə edən Goranboy rayonunun ümumtəhsil məktəbləri üzrə əlaçı şagirdlər, ali məktəblərə qəbul imtahanlarında 500-700 bal toplayan məzunlar və nailiyyətləri ilə fərqlənən qabaqcıl müəllimlərlə görüşdülər. Tədbir Goranboy şəhəri 1 nömrəli tam orta məktəbin akt zalında keçirildi.
Müəllimləri, məzunları və şagirdləri təbrik edən İcra Başçısı və Deputat Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan müasir Azərbaycan təhslinin bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla inkişaf etdirildiyini, yeni məktəb binalarının inşasını və ya əsaslı təmir-bərpa işlərinin aparıldığını, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının müasirləşdirildiyini, müəllim və tələbələrin sosial təminatlarının daha da yaxşılaşdırılmasi istiqamətlərində işlərin həyata keçirildiyini qeyd etdilər. Diqqətə çatdırıldı ki, 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəbi Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında cari ildə istifadəyə verilmiş, hazırda isə 960 şagird yerlik Dəliməmmədli şəhər tam orta məktəbinin tikintisi, Qaraçinar və Tap kənd tam orta məktəblərinin əsaslı təmiri işləri yekunlaşdırılır. Daha sonra Qızılhacılı qəsəbə 1 nömrəli və Səfikürd kənd tam orta məktəblərinin də əsaslı təmiri işlərinə başlanılması nəzərdə tutulmuşdur.
Tədbirdə 29 nəfər qabaqcıl müəllim, 3 nəfər 600-700 bal və 12 nəfər 500-600 bal toplayan, ümumilikdə 15 nəfər məzun, 227 əlaçı şagird və 1 nəfər 1-ci sinfə qədəm qoyan Şəhid övladına müxtəlif pul mükafatları təqdim edildi.