Goranboyda körpələr evi-uşaq bağçası istifadəyə verildi
Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Goranboy rayonunda 1 saylı körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Pandemiya şəraitində karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən açılış mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov və rayon ziyalıları iştirak edib.
İlk öncə tədbir iştirakçıları Goranboy rayonunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Bağçanın açılışında iştirak edən millət vəkili Anar Məmmədov uşaqları, bağça kollektivini yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edib. Bildirib ki, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı göstərilir. Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Birinci Qarabağ müharibəsində şəhid olmuş Şamil Quliyevin adının əbədiləşdirilməsi üçün Goranboy şəhərində 1 saylı körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi bu sahəyə dövlətin diqqət və qayğısının bariz nümunəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov və Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. 95 yerlik uşaq bağçasında uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Bina yataq, oyun, tibb, məşğələ, yemək, musiqi və idman zalı, mətbəx və anbardan ibarətdir. Burada azyaşlıların təlim və tərbiyəsi üçün hər cür şərait yaradılıb. Bununla da rayonda mövcud olan üç körpələr evi-uşaq bağçasından ikisi müasir standartlara cavab verir. Hazırda Goranboy rayonunda ümumilikdə 32 uşaq bağçası fəaliyyət göstərir ki, onlardan da təmirə ehtiyacı olanlar zamanla yenilənir.
Xatırladaq ki, ötən il rayonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha iki bağça təmir edilərək balacaların istifadəsinə verilib. Goranboy rayonunda keçmiş təmas xəttinə yaxın yerləşən daha dörd bağçanın da təmir ediləcəyi yaxın vaxtlarda nəzərdə tutulub.
Yeni körpələr evi-uşaq bağçasının tikilib istifadəyə verilməsi, həm valideynlərin, həm də kollektiv üzvlərinin sevincinə səbəb olub. Onlar göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.