Özlərini jurnalist kimi qələmə verərək vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən şəxslər yaxalanıblar.
Müxtəlif qanunsuz üsullarla, o cümlədən sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə etməklə vətəndaşların hüquqlarını pozan, onların haqlı narazılıqlarına səbəb olan və bu yolla qanunsuz gəlir əldə edən şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, belə tədbirlərdən biri kimi - Abdullayev Sənan Həsən oğlunun və Atayev İlqar Əliabbas oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Aparılan əməliyyat-istintaq tədbirləri ilə Sənan Abdullayevin 2012-ci il dekabrın 24-də yutub videopaylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayev ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən həmin səhifədə Goranboy Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları videoçarxlar formasında yaymasına, həmin videoçarxların qeyd edilən səhifədən silinməsi məqsədilə rayon icra hakimiyyətinin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub. Sənan Abdullayev və İlqar Atayev avqustun 10-da cinayət əməlini törədərkən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılıb, Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) şübhəli şəxs qismində tutulublar.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.