Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Hörmətli həmvətənlər!
Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza səmimi arzu və diləklərimi yetirirəm.
Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, yardımsevərlik və paylaşmaq kimi yüksək əxlaqi dəyərlər aşılayan Ramazan ayı artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda hər bir müsəlman Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanaraq xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının sevincini yaşayır.
Müsəlman dünyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycan yüz illərdir ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır. Etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin, demokratik birgəyaşayışın, vəhdət və harmoniyanın bərqərar olmasında bəşəriyyəti daim sülhə, humanizmə, qardaşlıq və bərabərliyə dəvət edən İslam dini müstəsna rol oynamışdır. Hazırda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.
Əziz bacı və qardaşlarım!
Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, qədirbilən xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir.
Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Allah tutduğunuz orucu, dua və niyyətlərinizi qəbul etsin!
Ramazan bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2021-ci il