Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev - Azərbaycan mədəniyyətinin ən böyük himayədarı və qayğıkeşi.

09 may 2021 | 07:33

Heydər Əliyev - Azərbaycan mədəniyyətinin
ən  böyük himayədarı  və qayğıkeşi.

Azərbaycan xalqının istiqlal fikri və ən dəyərli  mənəvi  sərvətləri ilk növbədə ədəbiyyatda və onun  mədəniyyətində qorunub saxlanmış və inkişaf etdirilmişdir. Təbiidir ki, yer üzündəki bütün  xalqların  özünəməxsus mədəniyyəti  var və mədəniyyəti olmayan xalq yoxdur. Millətin mədəniyyət inciləri yaratması üçün məkan və zaman daxilində sosial-iqtisadi tərəqqi və buna əlverişli şərait yaradan rəhbəri olmalıdır. Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyev mədəniyyətin inkişafına  xüsusi qayğı göstərən, onu zənginləşdirən, ölkədə və dünyada tanıdan rəhbər idi. Onun hakimiyyəti illərində Azərbaycan xalqı dünya mədəniyyətində yaradıcı funksiyasını uğurla davam etdirirdi. Əslində Heydər Əliyev mədəniyyəti inkişaf etdirmək istiqamətində özünün bütün möhtəşəm fəaliyyəti ilə sovet dönəminin kommunist liderləri içərisində ən böyük mədəniyyət milliyətçisi idi. Heydər Əliyev “kosmopolitik” sovet xalqı yaratmaqla, millətlər arasında fərqləri ləğv etməyi qarşıya məqsəd qoyan kommunist ideologiyasından fərqli olaraq bugünümüz üçün Azərbaycan milli mədəniyyətinin qoruyucusu, inkişaf etdiricisi və zənginləşdiricisi funksiyasını sistemli şəkildə qətiyyətlə həyata keçirirdi: “Doğrudur, 22 il bundan öncə  1971-ci ildə biz heç bilmirdik  ki, Azərbaycan müstəqil Respublika olacaqdır. Lakin , mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım”. Fikirlərimi bəzi faktlar üzərində qurmaq istəyirəm.1951-ci ilin may ayında Azərbaycan KP-nin 18-ci qurultayındakı nitqində o vaxt ki, respublika rəhbəri xalqımızın  soykökü ilə bağlı olan və daha çox Azərbaycan dilinə yaxın olan “Kitabi-Dədə Qorqud”u antixalq və zərərli adlandıraraq onu ifşa etməyə çağırır.Guya dastanda təsvir olunmuş ictimai-iqtisadi həyat, adət-ənənələr Azərbaycan həyatına və xalqına yaddır.Ulu Öndər Heydər Əliyev isə bucür zərərli yanaşmaya qarşı çıxaraq bu biabırçılığa cəsarətlə son qoydu. 1995-ci ilin 27 avqustunda Bişkekdə “Manas” dastanının min illik yubileyi tədbirlərində iştirak edən Heydər Əliyev gözlənilmədən Azərbaycan Mədəniyyət və İncəsənət xadimləri üçün yaradılmış çadıra daxil olur.Səmimi söhbət əsnasında Heydər Əliyev  ədəbi mühitin nümayəndələrinə  “Nə üçün Azərbaycanda  Dədə Qorqudun yubileyi keçirilməsin?”-sualını verir. Böyük Öndər 2000-ci ilin 7 fevralında imzaladığı sərəncamla Bakı şəhərində və beynəlxalq səviyyədə Kitabi-Dədə Qorqudun 1300 illiyi qeyd olundu.Heydər Əliyev bununla da dastanın türk dünyasına məxsus olduğunu, lakin Dədə Qorqudun vətəninin Azərbaycan olmasına tarixin təsdiq imzasını vurdu.  Xalq yazıçısı Süleyman Rəhimov 1948-ci ildə Azərbaycanın maarifpərvər və xeyriyyəçi oğlu, milyonçu Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın ağır maddi durumunu yaxşılaşdırmaq üçün çox az maaşlı bir işlə təmin etdikdən iki gün sonra MKN-nın I katibinin qəbuluna çağrılır. Yazıçı etdiyi yaxşılığa görə təhqir olunur, hədələnir. Heydər Əliyev 1969-cu ildə dövlət rəhbərliyinə gəldikdən cəmisi 4 ay sonra yazıçı Süleyman Rəhimovu gözlənilmədən qəbul edir. Böyük Heydər Əliyev əslində Süleyman Rəhimovu qəbul etməklə Azərbaycan ədəbi mühitinə dolayısı ilə müdafiə olunmaları barədə sosial sifariş göndərir, onların yaradıcılığına əlverişli mühit yaradırdı. Heydər Əliyev yazıçı Süleyman Rəhimova 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını verdiyi üçün düz 10 il çalışmışdır. Böyük Öndər Sara xanımın atası Hacı Zeynalabdin Tağıyevə həmişə böyük ehtiram nümayiş etdirmişdir. Heçkimə sir deyilki, Azərbaycan Respublikasının Tarix muzeyi yaradılarkən Heydər Əliyev həmin muzeyi Hacı Zeynalabdin Tağıyevə məxsus yaşayış evində yerləşdirmişdir. Bununla da Heydər Əliyev çox böyük uzaqgörənlik göstərirdi və dolayısı ilə əslində Hacı Zeynalabdin Tağıyevi unutqanlıqdan qoruyurdu. Nəzərə alaq ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyev cənabları Tarix muzeyini əsaslı şəkildə bərpa etdirən zaman binanın və otaqların Hacının sağlığında necə var idisə o cür də yenidən qurulmasını nəzarətdə saxlamışdır. 1950-1960-cı illərdə Azərbaycan şairi Məhəmməd Füzulinin İraqda qəbrini qorunması və məqbərəsinin tikilməsi məsələsi bir neçə dəfə gündəliyə gəlsə də ciddi addımlar atılmamışdır. Azərbaycan yazıçılarının VII qurultayında bu məsələ barədə danışan Heydər Əliyev deyirdi: “Bir neçə il bundan qabaq bizə məlum oldu ki, Kərbəlada Füzulinin qəbrini söküblər və onun sümüklərini bir qutuya yığıb hansı bir məscidin zirzəmisində saxlayırlar. Biz öyrəndik ki, həqiqətən oranı söküblər, bu plana düşübdür. Başqa bir yerdə qəbiri bərpa edəcəklər.Biz dövlət orqanları vasitəsi ilə müəyyən tədbirlər gördük. Mərkəzi Komitədə belə məsləhət gördük ki, əgər bu işə bizim elm xadimlərimiz, yazıçılarımız, dünyada tanınmış adamlarımız qarışsalar bu məsələni həll edərik.Dövlət xətti ilə yox.Bilirsiniz ki, Füzuli sovet vətəndaşı deyil. Füzuli bizim Azərbaycan şairidir.Ancaq yazıb-yaradıb və vəfat edib İraqda.Bu məsələni ayrı-ayrı alimlər vasitəsi ilə daha tez həll etmək olar.Heçbir yoldaş bu sahədə ürəklə, can-başla patriotik hisslərlə çalışmır. Həmid Araslı məktub yazıb, İraq konsulu deyibki, baxarıq. Həqiqətən bunu istəyirsənsə gedib o konsulun  boğazından tut və de ki, Füzuli mənimdir. Füzuli mənim tarixim, Füzuli mənim mənliyimdir. Siz niyə bu işə belə yanaşırsınız?Əgər siz belə bir iş tutsanız heçkim sizi tutmaz.Yenə deyirəm əgər bizim mədəniyyətimiz, tariximiz üçün siz belə hərəkətlər edərək müəyyən qədər cızığınızdan çıxsanız, qorxmayın...Bizim respublikamızda heçvaxt heçkimdən sizə xəta toxunmaz. Çünki bu xalq mədəniyyəti üçündür.Bizim respublikamız üçündür.” Böyük Öndər Heydər Əliyev Suriya dövlətinə səfərlərinin birində şair İmaməddin Nəsiminin  məzarını ziyarət etmək istəyir.Ziyarət baş tutur.Heydər Əliyev bununla Böyük sevgi ilə hələ o zaman geniş tanınmayan Nəsimini dahi mütəfəkkir kimi Azərbaycan xalqına və dünyaya tanıdırdı.Bu ziyarət Nəsiminin məzarının gələcəkdə daha yaxşı qorunmasından ötrü və SSRİ ilə münsibətlərdə Azərbaycanı qiymətləndirməyə Suriya tərəfə ciddi bir işarə idi. Heydər Əliyev ədəbiyyatdan və ədəbi irsdən məharətlə  ümumi mənafelər naminə istifdə edir, Azərbaycan xalqının nüfuzunu gücləndirir və özüdə ucalırdı.Klassik irsə belə münasibəti yalnız böyükazərbaycansevər, dahi şəxsiyyət bəsləyə bilərdi. 1973-cü ildə şairin 600 illik yubileyi keçirildi. 29 ölkədə şeirləri ingilis, fransız dillərinə tərcümə olundu.Bununla Heydər Əliyev təkcə Nəsimini deyil Azərbaycanı dünyaya tanıtmaqda ciddi adım atmış oldu.  1966-cı ildə Heydər Əliyev Şuşa şəhərində olan zaman Molla Pənah Vaqifin qəbrini ziyarət etmək istəyir lakin şairin uyuduğu məkan çox çətinliklə hətta bir neçə gündən sonra tapılır.Ancaq qəbir sahibinin adına layiq deyildi. Heydər Əliyevin göstərişi ilə şairin adına layiq stella qoyulur və sonralar 1982-ci ildə Molla Pənah Vaqifin adına layiq məqbərə inşa etdirir.     Daha bir misal: Heydər Əliyev 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyini keçirilməsi üçün təklif verəndə sovet İKPMK-nin II katibi M.Suslov demişdir ki: Bu tarix yuvarlaq tarix deyil.Gərək ya 800,850, 900 olsun.Heydər Əliyev ona cavab vermişdir ki, Nizami Gəncəvi elə şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır.Çünki, dünyanın  müxtəlif  ölkələrinin və xalqlarının 500-dən çox şairi xüsusi ilə Nizami bədii irsindən bəhrələnmişdir.Ədəbiyyatşünaslıq elmində Nizamişünaslıq meydana gəlmişdir.1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyi xüsusi təntənə ilə keçirilmiş dünyanın 20-dən artıq ölkəsinin nümayəndələri tədbirdə iştirak etmişlər.  Türkçülük və turançılıq adı ilə uzaq Sibirə sürgün edilən görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin nəşinin Sibirdən vətənə gətirilməsi o dövr üçün çətin bir iş idi.İdeoloji siyasət buna zidd idi.Heydər Əliyev möhtəşəm addımı ilə bununla doğma torpağı ölkənin başqa yerlərindən üstün tutduğuna, Azərbaycanla sıx bağlılığına işarə edir, respublikanın müstəqilliyini öncədən görür, 30-cu illərdə didərgin salınmış türkçülüyü və turançılığı vətənə qaytarırdı.26 oktyabr 1982-ci il tarixdə Hüseyn Cavidi doğmaları ilə ruhən birləşdirmək və qəbri üzərində ən gözəl memarlıq incisini yaratmaq yalnız Heydər Əliyevə məxsus ola bilərdi. Heydər Əliyev 60-80-ci illərdə milli ruhlu ədəbi simaların yaradıcılığının həm müdafiəçisi həm də himayədarı idi. “Gülüstan” poemasına görə şair Bəxtiyar Vahabzadə nəzarətə alınanda onu xilas edəndə Heydər Əliyev idi. 1964-cü ildə qərar qəbul edilmişdir ki, Azərbaycan 150 il əvvəl könüllü olaraq Rusiyanın tərkibinə daxil olub.Akademik Ziya Bünyadov bu qərarın əksinə çıxır.Akademikə qarşı ciddi təhdidlər başlayır. Böyük Öndər Heydər Əliyevin MK-nin plenimunda Ziya Bünyadovu tənqid edir.Əslində dolayısı ilə onun müdafiəsini öz üzərinə alır. Az sonra Heydər Əliyev onu Elmlər Akademiyasının şərqşünasdlıq institutunun direktoru təyin edir. “Azərbaycan Atabəylər dövləti” mükafatı alır.  1980-ci ilin mart ayının 15-də Heydər Əliyev 147 saylı məxfi məktubla Sov.İKPMK-ya müraciət edərək zəmanəsinin görkəmli dirijoru Niyaziyə sosialt əməyi qəhrəmanı adı verilməsi məsələsini qaldırır.Bu həmin vaxtdır ki,ölkədə heçbir dirijor bu ada layiq görülməmişdir. Etirazlar edilir. Necə ola bilər ki, Rusiyanın,Ukraynanın və başqa böyük millətin nümayəndələrindən, hətta Moskvanın simfonik orkestralarının dirijorlarından heçkim bu adı almasın, amma bu ad ilk olaraq Niyaziyə verilsin.Heydər Əliyevin cavabı çox qısadır: Əgər indiyədək bu adı kimsəyə verməyibsinizsə bu, sizin bəlkə də səhvinizdir.Amma Niyazi bu ada layiqdir.1982-ci ildə görkəmli dirijora bu yüksək adın verilməsi Azərbaycan musiqi sənəti tarixində möhtəşəm hadisə idi.   Heydər Əliyev Azərbaycan tarixi ilə bağlı filmlərin çəkilişinə xüsusi fikir verir və bu məsələni Moskva strukturları qarşısında qətiyyətlə qadırırdı.Heydər Əliyev 1972-ci il avqust ayının 24-də 350 nömrəli məktubla MK-yə müraciət edərək “Nəsimi” kinofilminin çəkilişi ilə əlaqədar Suriya və Türkiyəyə 10-12 nəfərin 1 ay müddətinə ezam edilməsi üçün icazə verilməsini xahiş edir.Lakin regionda siyasi vəziyyət mürəkkəb olduğundan bu qədər şəxsin həmin ölkələrə ezam edilməsi mümkün olmur.Nəhayət 1973-cü ilin ortalarında 7-10 gün müddətinə həmin ölkələrdə filmin çəkilişinə icazə verildi.Və “Nəsimi” filmi Hələb şəhərində yekunlaşdı.1978-ci il 14 aprel tarixində “Babək” kino filminin çəkilişi məsələsi MK-nin bürosunun iclasında müzakirə olunur.Maliyyə çatışmazlığı fikri səslənir.Dərhal köməklik göstərilir və 80-ci illərin sonlarında  film işıq  üzü görür. Bu fikirləri “Dədə Qorqud” kino filmi haqqında da söyləmək olar.   Heydər Əliyev DTK sədri işlədiri zaman Rüstəm İbrahimbəyov və Eldar Quliyev “Bir cənub şəhərində” kinofilmini çəkmişlər.Filmin nümayişinə qadağa  qoyulmuşdur. SSRİ Daxili İşlər Naziri General Şelokov xüsusilə narhat idi. Səbəbi isə filmdə sovet milisinin rüşvət alması faktlarının nümayişi idi. Yaxud “İstintaq” filmi təkcə sənətkarlıq baxımından deyil, eyni zamanda sove cəmiyyətinin eybəcərliklərini açmaqda cəsarətli addım idi.Və Heydər Əliyev hələ Moskvada yüksək vəzifədə olan zaman bu istiqamətdə fəaliyyətini əzmlə davam etdirirdi.     Heydər Əliyevə ölkə rəhbəri vəzifəsini tutmaqda əsas rəqibi kimi baxan məhdud düşüncəli M.Qorbaçov hakimiyyətə keçdikdən sonra ona mənfi münasibət bəsləyir,əleyhinə əsassız ittihamlar səsləndirirdi. Heydər Əliyev isə bu uydurmaları qətiyyətlə rədd edirdi.   Siyasi büronun iclaslarının birində Heydər Əliyev Qorbaçova və Liqaçova məsləhət görür ki, “İstintaq” filminə baxsınlar və baxdırırda  Heydər Əliyev cəsarətlə bildirdi ki, sənin indi başladığın işi mən çoxdan başlamışam, hətta ekranlaşdırmışamda.Film dövlət mükafatı almışdır.  1969-cu ilə qədər 40 mindən çox nadir yazılı abidə saxlanılan Respublika Əlyazmalar Fondu zirzəmilərdə rütubətli və qaranlıq otqlarda saxlanıırdı. 1981-ci ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Əlyazmalar Fondu İnstituta  çevrilir və ən yaxşı binalarda yerləşdirilir. Heydər Əliyev bu qərara gələrkən hesab edirdi ki, qədim kitablar Azərbaycan xalqının tarixi keçmişi və mili sərvətidir.Qərardan sonra nəmli zirzəmilərdə saxlanılan kitablar bərpa edilərək bir muzey nümunəsi kimi qorunub saxlanılmağa başladı. Böyük Öndər Heydər Əliyevin təşəbbüsü yaradıcı rəhbərliyi və iştirakı ilə Azərbaycan xalqının həyatında və tarixində böyük rol oynamış görkəmli şəxsiyyətlərə aid monumental sənət əsərləri yaradılmış, abidələr ucaldılmışdır.Bu abidələr Azərbaycanın görkəmli söz sənət adamlarının, tarixi şəxsiyyətlərinin xatirəsini əbədiləşdirməklə yanaşı mükəmməl sənət nümunələri kimi mədəniyyət xəzinəmizə daxil olmuşdur.Böyük Öndərin rəhbərliyi dövründə xalqımızın 23 nəfərdən artıq görkəmli mədəniyyət xadimlərinin ev muzeyləri yaradılmışdır.Zəngin mənəvi irsimizin qorunmasında, milli mədəni ənənələrimizin yaşadılmasında həmin ev muzeyləri bugün mənəviyyat ocaqları və mərkəzləri kimi xalqımızın xidmətindədir.1969-cu ildən 1982-ci ilə qədər 14 dövlət teatrının fəaliyyətə başlaması vətəndaşların mənəviyyatının saflaşmasında indidə mühüm rol oynamaqdadır. Onun rəhbərliyi dövründə keçmiş SSRİ və xarici ölkələrdə Azərbaycan Mədəniyyəti günlərinin keçirilməsinə xüsusi önəm verilmişdir.  Keçirilən bütün tədbirlərdə açılışlar “Azıx mağarası”nın nümayişi ilə başlanılırdı. Dünyada tarixi əhəmiyyətinə görə 3-cü yerə dayanan bu tapıntı ilə Böyük Öndər göstərirdi ki, Azərbaycan torpağı həqiqətən bəşər mədəniyyətinin ən qədim məskənlərindən və ilk beşiklərindən biridir.1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Tarix- Diyarşünaslıq muzeylərinin yaradılması haqqında qərar qəbul edilir.Azərbaycanın qədim tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpasına yeni nəfəs verilir.Bugün qədim  Azərbaycan xalçaları  dünyanın ən məhşur muzeylərinin qiymətli eksponatlarıdır.1972-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Xalça muzeyinin yaradılması Azərbaycan Xalq tətbiqi sənətinin dünyada təbliğinə və tanıdılmasına  böyük bir  töhvə idi. Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında ən böyük ximətlərindən biri də xarici ölkələrdə fəaliyyət göstərən və Azərbaycan dilində verilişlər hazırlayan radio stansiyaların vasitəsi  ilə   Azərbaycan mədəniyyətinin, incəsənətinin və musiqisinin təbliğinə efir vasitəsi ilə nail olunmasıdır.Bu radio stansiyalar xarici ölkələrlə mədəni əlaqələrin qurulmasında  sonralar ölkəmizlə körpü rolunu oynamışlar.1979-cu ildən etibarən Tehranda Azərbaycan dilində “Varlıq” jurnalı çap olunur. Redaktoru Cavad Heyyət Azərbaycana gəlirdi.Yeni bir jurnal “Odlar   yurdu”, “Araz” qəzetləri çap olunur.1980-ci illərdən sonra çap olunan “Koroğlu, Dədə Qorqud” jurnallarında sovet Azərbaycanı haqqıda yazılar çap olunur.Bununla Heydər Əliyev bütöv Azərbaycan idealını, müstəqil  dövlətçilik  hisslərini  gücləndirirdi.  Heydər Əliyev xarici ölkələrlə mədəni əlaqələrin qurulmasında xaricdə işləməyə göndərilən ali təhsilli mütəxəssislərin qarşısında  vacib vəzifələr  qoyurdu. Statistik rəqəmlər göstərir ki, 1973-cü ildə 139 nəfər 1974-cü ildə dünyanın 20 ölkəsində 309 nəfər, 1975-ci ildə 35 xarici ölkədə  465 nəfər, 1978-ci ildə 475 nəfər, 1979-cu ildə 36 ölkədə  482 nəfər, 1980-ci ildə isə dünyanın 39 ölkəsində   486 nəfər diplomlu  mütəxəssis işləyirdi. Həmin illərdə respublika nazirlik,idarə, müəssisə və təşkilatlarının 974 əməkdaşı dünyanın 50 ölkəsində ezamiyyətdə olmuşdur. 120 nəfərdən çox Azərbaycanlı alimin əsərləri xaricdə çap olunmuş, Elmlər Akademiyasının 97 alimi xarici ölkələrə səfərlər etmişdir. Bütün bu səfərlərin başlıca tapşırıqlarının birincilərindən biridə həm də həmin ölkələrdə yaşayan həmvətənlərlə əlaqələrin yaradılması Azərbaycan mədəniyyətinin tanıdılması və təbliği idi.   “Mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir” deyən Heydər Əliyev özünün müqayisə olunmaz və ölçüyə gəlməz xidmətləri ilə Azərbaycan Mədəniyyət Salnaməsinin hər bir səhifəsinə qızıl həriflərlə həkk olunmuşdur. Bu gün tam cəsarətlə və qətiyyətlə demək   olar ki, Azərbaycan mədəniyyətinin yüksəlişi, onun dirçəlişi, zənginləşməsi geniş miqyasda təbliği və bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır. Həqiqətdir ki, Azərbaycan mədəniyyətində mövcud olan böyük simalar və onların yaratdığı ölməz əsərlər tariximizin heçbir mərhələsində Heydər Əliyev zamanında olduğu qədər yüksək qiymətləndirilməyib.Heydər Əliyevin həyat epopeyası əsrin mübarizəsində qalib çıxmış epopeyadır. Onun irsi vətənə xidmət sevgisi duyğuları ilə yaşayan hər bir insan üçün dərin idrak mənbəyidi.Bu mənbə isə layiqli hər bir vətəndaş üçün daim qiymətli və əzizdir.Mədəniyyətimizin milli, mənəvi dəyərlərimizin və mədəni incilərimizin yaşadılması və qorunması bugün möhtərəm prezidentimiz İlham Əliyev  cənabları tərəfindən uğurla davam etdirilir. Ölkə prezidenti tərəfindən mədəniyyətimizin inkişafı ilə    bağlı 150-dən artıq fərman və sərəncamın imzalanması bu sahəyə dövlət başçısının ali diqqətinin ideal bir nümunəsidir. Möhtərəm prezidentimizin çox böyük diqqəti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Dostları Fondunun Prezidenti YUNEKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti və incəsənəti öz intibahının yüksək mərhələsini yaşamaqdadır. Mədəni incilərimizin dünyanın irs siyahısına salınması, tanıdılması və təbliğ olunması istiqamətində əsaslı qlobal layihələr həyata keçirilməkdədir.


          Gündüz Hacıyev
          Tarix üzrə fəlsəfə doktoru,fəxri mədəniyyət işçisi:

 

Keçidlər