Azərbaycanda Ordu quruculuğu.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə, Şəhid Niyazi Aslanovun “Azərbaycanın Milli Qəhrəmanı” Fəxri adına layiq görülməsi ilə bağlı, Xalqımızın böyük oğlu, Ümummilli Liderimiz Heydər Əliyevlə görüşüm mənim həyatımda ən unudulmaz və dəyərli xatirədir. Dahi Şəxsiyyətlə görüşümüzdə O böyük insanın dövlət başçısı olması ilə yanaşı Onun ata qayğısını da hiss etdim. Mənim Ali rəhbərimiz barəsində həyacanla və səmimi dediyim sözlərimdən sonra Ümummilli Liderimiz alnımdan öpdü və böyüklüyünü bir daha nümayiş etdirdi. Bu diqqət və qayğı bir Şəhid ailəsi kimi mənim kimsəsiz olmadığımı, Dövlət Başçımın himayəsində olduğumu göstərdi.
Müasir Azərbaycan Respublikasının memarı olan Xalqımızın Ümummilli Lideri Heydər Əliyev, həm də Silahlı Qüvvələrimizin qurucusu idi. Bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır. Müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdu. Sovet dövründə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanda hərbi-təşkilati işlər bir neçə istiqamətdə aparılırdı və milli dəyərlər, xalqın maraqları bu işlərin əsas məzmununu təşkil edirdi. Bu istiqamətlərdən biri Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması idi. Azərbaycanda hərbi xidmətə çağırış işlərinin vəziyyəti dəfələrlə Heydər Əliyevin rəhbərliyi altında müvafiq vəzifəli şəxslərin iştirakı ilə müzakirə olundu, lazımi qərarlar qəbul edildi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi və çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Heydər Əliyevin milli zəmində hərbi-təşkilati işinin çox mühüm istiqamətini, Sovet dövründə milli zabit kadrların hazırlanması təşkil edirdi. Bu sahədəki fəaliyyət Azərbaycanın hərb tarixində son dərəcə əhəmiyyətli və yaddaqalan bir səhifədir və Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra Heydər Əliyevin necə böyük uzaqgörən olduğu bir daha öz təsdiqini tapdı. Nəhayət, Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbin açılması sayıla bilər. Bu məktəbin açılması Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyəti, bu böyük dühanın öz xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. Bu məktəbin açılışına nail olmaq üçün Heydər Əliyev həm də İttifaq rəhbərliyi ilə çarpışmadan qalib çıxdı və əslində, bu mübarizliyi ilə həmin məktəbdə təhsil alan azərbaycanlılar üçün də canlı bir örnək oldu. Ulu Öndər hazırda hərbi lisey adlanan C.Naxçıvanski adına təhsil ocağının açılmasını belə xatırlayırdı: "Mən bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki, milli ordumuzun yaranması haqqında biz vaxtilə düşünmüşük.. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, Sovetlər İttifaqı ordusunun tərkibində Azərbaycanın güclü zabit korpusu, zabitləri olsun. Deməliyəm ki, o vaxt biz məktəbi yaradanda onun əleyhinə Moskvadan, Sovetlər İttifaqının mərkəzindən çox etirazlar edirdilər. O vaxt mənə deyirdilər ki, Suvorov adına, Naximov adına məktəblər var, əgər siz gənclərinizi, uşaqlarınızı, hərbi təhsilə cəlb etmək istəyirsinizsə, bu məktəblərdən istifadə etmək olar, belə bir ixtisaslaşdırılmış hərbi məktəbin yaranması isə lazım deyil. Ancaq mən öz fikrimdən dönmədim. Mən tutduğum işi davam etdirdim. İxtisaslaşdırılmış bu hərbi məktəb - Azərbaycanın böyük sərkərdəsi, generalı Cəmşid Naxçıvanskinin adını daşıyan məktəb yaşadı, inkişaf etdi, kadrlar hazırladı". Azərbaycan xalqının rastlaşdığı başlıca çətinliklərdən biri bu idi ki, hələ müstəqilliyini əldə etməzdən əvvəl Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Belə bir zamanda bütün xalqı öz ətrafında səfərbər edə biləcək şəxsiyyətin respublika rəhbərliyində olmaması Azərbaycanda toplanmaqda olan hərbi qüvvələri də güclü böhran qarşısında qoydu və ölkənin müstəqilliyinin məhvi təhlükəsi yarandı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri əvvəlcə Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhaliyə qarşı soyqırımı tətbiq etdilər, sonra isə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğalına başladılar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, əgər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmin illərdə respublikanın rəhbərliyində olsaydı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alınardı. Bu gün Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında aparılan əsaslı hərbi-iqtisadi islahatlar nəticəsində ordumuz Cənub Qafqazın ən güclü ordusudur. Bunu 2020-ci ilin 44 günlük Şanlı Vətən müharibəsi təsdiq etdi. Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və Komandanlığı ilə, Müzəffər Azərbaycan Ordusu Qarabağımızı və bütün işğal olunmuş doğma torpaqlarımızı azad etdi.
Dövlətimiz Milli Qəhrəmanlara və onların ailə üzvlərinə daim qayğı göstərmişdir. Bu qayğıdan ən yüksəyi prezident təqaüdüdür. Bəzi ailələrin isə mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən tədbirlər həyata keçirilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə də, hazırda da Milli Qəhrəman ailələri dövlətin himayəsindədir. Prezident cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və Qazilərimizə göstərdiyi yüksək diqqət və qayğı, onların sosial qayğılarının həlli istiqamətində həyata keçirilən silsilə tədbirlər təqdirəlayiqdir.
Rübabə İsmayılova
Şəhid, Milli Qəhrəman Niyazi Aslanovun həyat yodaşı