Goranboy rayonunda Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd edildi.
Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və ictimai fəallar DTX rayon şöbəsinin əməkdaşları ilə birgə, Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı ilə bağlı, Ümummillim Lider Heydər Əliyevin Goranboy şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək böyük Şəxsiyyətə ehtiramlarını nümayiş etdirdilər. Sonra Heydər Əliyev Mərkəzinə ekskursiya edildi, Ümummilli Liderin Xalqına həsr edilmiş mənalı ömür yolunu, xüsusi xidmət orqanlarında və dövlət idarəçiliyində fəaliyyətini əks etdirən videoçarx izlənildi, fotogüşəyə baxış keçirildi.
1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncam ilə hər il mart ayının 28-i Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Ümummilli Lider deyirdi: “…Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin”. Ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının möhtərəm Prezidenti Zati-aliləri cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və prinsipial daxili və xarici siyasət sayəsində bu gün davamlı inkişafda olan Azərbaycan bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində öz layiqli yerini tutur, xalqımız milli həmrəylik, rifah və sabitlik şəraitində yaşayır.
Qeyd edək ki, Sovet İttifaqı süquta uğrayandan sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.