Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərini Novruz Bayramı münasibətilə təbrik edib və 1000-ə yaxın şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı göndərib
Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsinin seçicilərinə Novruz Bayramı münasibətilə təbrik ünvanlayıb.
Təbrikdə qeyd olunur ki, 2020-ci il müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan Respublikasının çağdaş tarixinə zəfər ili kimi qızıl hərflərlə yazılıb.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlik Vətən Müharibəsində böyük qələbə qazanılıb, işğal altında olan torpaqlarımız azad olunub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Bu möhtəşəm qələbə Azərbaycanın böyük siyasi, diplomatik və hərbi uğurudur.
Bilavasitə cəbhə bölgəsində yerləşən Goranboy, Ağdam və Tərtər rayonlarının hər zaman dövlətimizə sədaqəti ilə seçilən sakinləri müharibə dövründə istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verib və onlardan bir çoxu hərbi əməliyyatlar zamanı şəhid olub.
Xalqımız tərəfindən bu bayram günlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur və igid qazilərimizə şəfa dilənir.
Millət vəkili bir daha Vətən Müharibəsində qələbə, eləcə də Novruz Bayramı münasibəti ilə seçicilərinə səmimi təbriklərini və xoş arzularını yetirib.
Deputatın ofisindən daxil olan məlumata əsasən Ağalar Vəliyevin təşəbbüsü ilə bayram münasibətilə xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla 97 saylı Seçki Dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonlarının yaşayış məntəqələrindən 1 000-ə yaxın şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.
Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib və bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi onlara bildirilib.