Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy сəbhədən-cəbhəyə

14 mart 2021 | 16:00

“Bu gecə erməni silahlı qüvvələri iri çaplı pulemyotlardan və müxtəlif növ silahlardan atəş açaraq Goranboy rayonunun təsərrüfatlarına və yaşayış məntəqələrinə külli miqdarda ziyan vurmuşlar. Mülki əhali arasında yaralananlar var...”
Oxucu təəccüblənib narahat olmasın. Müdafiə Nazirliyinin 30 ilə yaxın bir müddətdə tez-tez yaydığı belə xəbərlər artıq 4 aydır arxada qalıb, tarixin “düşmənə nifrət arxivi”nə düşüb. İndi bu yerlərdə tam sakitlikdir. Adamlar əkin-biçinlə, təsərrüfat işləri ilə məşğuldurlar, gündəlik məişət qayğıları ilə yaşayırlar. Nə erməni hərbi birləşmələri var, nə atəş açılır, nə də evlər dağıdılır. Onları bu yerlərdən cənab Ali Baş Komandanımızın dediyi kimi, “iti qovan kimi qovmuşuq”...

Bayaqdan rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə bu mövzuda söhbət edirəm. Hiss olunur ki, son vaxtlar, xüsusilə keçən ilin yay aylarından başlayaraq, eləcə də müharibənin getdiyi o 44 gün ərzində ermənilərin azğınlaşmış hərəkətlərini yada salarkən əsəbiləşsə də, goranboyluların mərdi-mərdanə duruş gətirdiklərindən söhbət salır və həmin anda çöhrəsi işıqlanır:
– Düşmən hər gün atəş açırdı, hər gün təxribat törədirdi, bəzən, necə deyərlər, “göydən yerə od ələyirdi”, amma istəyinə nail ola bilmədi. Bilirsiniz niyə? Çünki onları öldürən, niyyətlərini gözlərində qoyan bu xalqın qorxmazlığı, bir də ki, inamı idi. Prezidentinə, ordusuna, xalqına inamı idi. Haqq-ədalətin də nə vaxtsa zəfər çalacağına olan ümidi bu inamı o qədər gücləndirmişdi ki, heç bir qüvvə bizi saxlaya bilməzdi. Cənab Prezidentimizin sözləri yadıma düşür: “Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq, Vətən qarşısında öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirmişlər”.
İcra hakimiyyətinin başçısı deməsə də, yerli sakinlərdən eşitmişdim ki, Məhərrəm müəllim o günlərdə heç evinə də getmirdi, elə kabinetində gecələyirdi:
– Bu ağır günlərdə bir nəfər də olsun goranboylu öz ev-eşiyini tərk etmədi, – deyə M. Quliyev sualımı sanki eşitməzliyə vurdu. – Gərək adamların bu böyüklüyünü, cəsarətini, kişiliyini qiymətləndirəsən, laqeyd qalmayasan. Mən goranboylularda bunu gördüm.
... Bu faktdır ki, Vətən müharibəsində ərazisi döyüşlərdən ziyan çəkən rayonlardan biri də Goranboy olub. Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin sıx yaşadığı məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini, yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutsa da, istəyinə nail ola bilməyib.
…Deyirlər torpaq şəhidi ilə müqəddəsləşir. Cəsur döyüşçüsünün qanı bu torpağa qarışan, o, Vətən olur… Bəs Goranboyda şəhidlərə və qazilərə göstərilən diqqət, qayğı yetərincədirmi? Axı bu gün o torpaqda insanlar rahat şəkildə əkir, biçir, məhsul yetişdirirsə, ailəsi, uşaqları qorxu-hürküsüz yaşayırsa, buna görə həm də onlara borcludurlar.
Bəri başdan qeyd edək ki, məsələ tamamilə rayon icra hakimiyyətinin nəzarətindədir. Məhərrəm müəllim deyir ki, onsuz da cənab Prezidentimiz İlham Əliyev, Mehriban xanım Əliyeva bu kateqoriyadan olan insanlara, onların ailələrinə elə diqqət və qayğı göstərirlər ki, bəlkə də dünyanın heç bir ölkəsində bu yoxdur. Biz sadəcə icraçılarıq, o qərarların, sərəncamların, göstərişlərin yerinə yetirilməsinə nəzarət edən və buna görə məsuliyyət daşıyan insanlarıq. Amma heç birimiz unutmamalıyıq ki, şəhidimizə, qazimizə, əsgərimizə, onların ailəsinə diqqət və qayğı lazımdır və bu hər an, hər yerdə hiss olunmalıdır.
Rayonda şəhidlərin dəfni bütün qayda-qanunlara uyğun təşkil edilmiş, onların məzarları və məzarüstü abidələri ailə üzvlərinin istəyi və razılığı ilə yüksək səviyyədə qurulmuşdur. Rayon icra hakimiyyəti, digər təşkilatlar şəhidlərin ad günlərinə də biganə qalmamış və bu ənənə indi də davam edir. Şəhid ailələri və qazilər tez-tez ziyarət olunur, onların sosial problemləri öyrənilir və operativ həlli istiqamətində əməli işlər görülür.
Erməni silahlı birləşmələrinin artilleriya atəşi nəticəsində rayonun yaşayış məntəqələrində zərər çəkmiş fərdi yaşayış evləri müvafiq komissiya tərəfindən müəyyən edilmiş, dəymiş ziyanla bağlı aktlar tərtib olunmuşdur. Bu aktlara əsasən 371 yaşayış evinə ziyan dəydiyi müəyyən edilmiş, bunlardan 5-də yeni ev tikilir, digərlərinə isə müxtəlif məbləğlərdə maddi yardımlar göstərilmişdir. Bütün bunlar dövlətin şəhid ailələrinə, müharibə iştirakçılarına və əlillərinə göstərdiyi diqqət və qayğının təzahürüdür.
Birinci Qarabağ savaşında olduğu kimi, Vətən müharibəsində də qəhrəman goranboylular istər ön cəbhədə, istərsə də arxa cəbhədə öz fədakarlıqlarını göstərmiş, böyük həmrəylik nümayiş etdirmişlər.
Cəbhəboyu ərazilərdə yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə rayonda əsaslı mülki müdafiə tədbirləri həyata keçirilmişdir. Bütövlükdə 25-dən çox binanın zirzəmisi təmir edilmiş, lazımi avadanlıqlarla təchiz olunmuş, 6356 sığınacaq qazılaraq müəyyən qabaqlayıcı təhlükəsizlik tədbirləri görülmüşdür.
İkinci Qarabağ müharibəsi zamanı Goranboy rayonunun 51-i hərbçi, 3-ü mülki şəxs olmaqla 54 şəhidi, 215 nəfər qazisi olmuşdur. Şəhidlərin hər birinin dəfnində rayon icra hakimiyyəti aparatının kollektivi, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Şəhid dəfnlərinin təşkili ilə əlaqədar operativ qruplar yaradılmış, şəhid ailələrinin hər birinə maddi yardımlar göstərilmiş, problem və ehtiyacları həll olunmuşdur. Bu diqqət və qayğı bu gün də var və rayon icra hakimiyyətində bildirdilər ki, bununla bağlı kompleks tədbirlər planı hazırlanıb və işin gedişi ciddi nəzarət altındadır.
Yeni il münasibəti ilə rayon icra hakimiyyəti tərəfindən hər bir şəhid ailəsinə 200 manat vəsait köçürülmüşdür. Vətən müharibəsinin qaziləri ilə görüşlər davam edir. RİH-nin təşəbbüsü ilə gənclərə hərbi vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsiplərini aşılamaq və təbliğ etmək məqsədilə “Şəhidlərimizi və qazilərimizi tanıyaq və tanıdaq” layihəsi əsasında rayon təhsil şöbəsi ilə birgə işlər davam etdirilir.
Şəhid ailələrinin və qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılmış, icra hakimiyyətinin rəhbərliyi və rayon fəalları tərəfindən 54 şəhid ailəsinin və 215 qazisinin hər biri ziyarət olunmuş, daxili imkanlar hesabına müvafiq maddi-sosial yardımlar göstərilmişdir. Həmçinin şəhidlərimizin hamısının məzarları, onların ailə üzvləri ilə birgə ziyarət edilmişdir. Eyni zamanda, Birinci Qarabağ müharibəsində şəhid olanların ailələri və veteranlar da unudulmamışdır. Milli Qəhrəmanların anım günlərində ailələri ziyarət edilmiş, onların ehtiyac və problemlərinin həlli istiqamətində işlər görülmüşdür. Qeyd olunan imtiyazlı təbəqənin 390 nəfəri mənzil növbəsinə alınmış, onlardan 14 nəfəri evlə təmin olunmuşdur.
Goranboy Şəhidlər xatirə kompleksində bərpa və yenidənqurma işlərinin aparılması da rayonda razılıqla qarşılanır. Yeri gəlmişkən qeyd edək ki, hazırda rayon mərkəzindən başqa bir neçə kənd və qəsəbələrdə də xatirə kompleksləri inşa olunur, bulaqlar çəkilir, məktəblərdə guşələr yaradılır, digər işlər görülür.
Müharibə zamanı erməni hərbi birləşmələrinin mülki əhaliyə vurduğu ziyanın hesablanması və ödənilməsi üçün Nazirlər Kabineti tərəfindən yaradılan komissiya Goranboy rayonunda 366 ailə qeydiyyata almışdır ki, onlardan da 5 ailənin evi tamamilə dağılmışdır. Qeyd olunan ailələrin yaşayış evlərinin bərpası üçün ölkə Prezidentinin sərəncamı ilə 421 min 500 manat məbləğində pul vəsaiti ayırmışdır. Bu sahədə işlər davam etməkdədir.
Goranboy və onun qəhrəman oğulları ön cəbhədə olduğu kimi arxa cəbhədə də fədakarlıq göstərir və bu gün də iqtisadiyyatın, abadlıq-quruculuq işlərinin önündə gedir, rayonun simasını daha da gözəlləşdirməyə çalışırlar. Dövlət başçısının düz bir il əvvəl, 2020-ci ilin martında rayona növbəti səfəri goranboylular üçün əlamətdar bir hadisə olmuş və onları daha da ruhlandırmışdır.
Ölkə Prezidentinin iştirakı və xeyir-duası ilə 142 çarpayılıq dördmərtəbəli, müasir tibbi avadanlıqlarla təhciz olunmuş yeni Mərkəzi Xəstəxana binasının və ümumi uzunluğu 40 kilometr olan Goran-Qızılhacılı-Goranboy-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolununun istifadəyə verilməsi rayonun tarixində mühim hadisə kimi yadda qalmışdır.
Qaramusalı və Xınalı kəndlərində subartezian quyularının qazılması və Abbasqulular, Gürzallar kəndlərində modul tipli məktəblərin qurulması, 38 kilometrlik Əlirzalı-Təklə-Aşağı Ballıqaya-Səfikürd-Rəhimli avtomobil yolunun tikintisi Ilə bağlı sərəncamları dövlət başçısının Goranboya olan diqqət və qayğısının növbəti təzahürü kimi qarşılanıb.
Bütövlükdə, 2020-ci il uğurla yola salınıb. Məlum pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bir sıra nailiyyətlər əldə edilmişdir. Aqrar sahə bir qədər də inkişaf etmişdir. Bu işdə ölkə Prezidentinin təşəbbüsü ilə yaradılmış “Region Aqropark”ın xüsusi payı var. Belə ki, 4,7 min hektar sahədə yaradılmış parkın 2 min hektar sahəsində “pivot” və meyvə bağları üçün “damcılama” suvarma sistemləri quraşdırılmış, 11 kilometrlik avtomobil yolu, “Şəmkir Maşın” kanalından 12,1 kilometrlik su kəməri çəkilmiş, 400 min kubmetrlik 2 ədəd su anbarı, 18 min tonluq taxıl anbarı, toxum- paketləmə zavodu, inzibati və yardımçı binalar inşa olunmuş, 64 ədəd texnika alınmış, 1,4 min hektar sahədə taxıl, 93 hektar sahədə yonca əkilmiş və 150 nəfər işlə təmin edilmişdir. Gələcəkdə aqroparkın ərazisinin genişləndirilərək 5 min 200 hektara çatdırılması nəzərdə tutulur.
...Goranboy bu gün rahat nəfəs alır. Hara baxırsan insanların çöhrəsindən bir sevinc oxunur. Bu, Qələbə sevincidir və onu bizə qəhrəman oğullarımız, Ali Baş Komandanımız bəxş edib. Fərəh hissi ilə, qürurla yoğrulan torpaq isə daha bərəkətli olur. Bərəkətin həmişə bol olsun, Goranboy!

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər