Şriftin ölçüsü :

Saytın rəngi :

Erməni vəhşilərinin dağıtdıqları evlər bərpa olunur

31 yanvar 2021 | 16:00

Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində Goranboy rayonunda da vətəndaşların evlərinə dəymiş ziyanın müqabilində onların hesabına pul vəsaiti köçürülür, tamamilə dağılmış fərdi yaşayış evləri dövlət vəsaiti hesabına yenidən tikilir.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin ölkəmizin müxtəlif ərazilərini ağır artilleriyadan atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın siyahı­ya alınması üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Fövqəladə Hallar Na­zirliyi, Baş Prokurorluq, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Maliyyə Nazirliyi və rayon icra hakimiyyətinin iştirakı ilə müvafiq komissiya yaradılmışdır. Komissiya Goranboy rayonunun cəbhəyanı ərazilərdə yerləşən Aşağı Ağcakənd, Meşəli, Qaraçinar, Yenikənd, Zeyvə, Hacallı, Səfikürd, Şahməmmədli, Qa­rasüleymanlı, Qızlhacılı,Tap Qaraqoyunlu və Tap yaşayış məntəqələrindəki vətəndaşların şəxsi əmlaklarına və evlərinə atılan mərmi partlayışları nəticəsində dəymiş ziyanı müəyyənləşdirmişdir.

Komissiya tərəfindən yerlərdə Goranboy rayonu üzrə 471 obyektə baxış keçirilmiş və 371 nəfərə ziyan dəyməsi müəyyən olunaraq aktlar tərtib edilmişdir. Bu aktlar əsasında sözügedən komisssiya tərəfindən qiymətləndirmə aparılmış, bankda həmin şəxslərin hesab nömrələri açılmış, onlara müvafiq kartlar verilmiş və kartlara komissiyyanın müəyyən etdiyi məbləğdə pul köçürmələri təmin edilmişdir.

Ciddi ziyan dəymiş 5 fərdi yaşayış evinin yenidən tikinti­sinin aparılması nəzərdə tutulmuşdur. Bu məqsədlə Səfikürd kənd sakini Cəfərnicati Həqiqət Məhərrəm qızının fərdi yaşayış evinin tikinti işlərinə başlanılmışdır.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbir

Keçidlər