2020-ci il goranboylular üçün təkcə erməni terroru ilə yadda qalmayıb
2020-ci il ölkəmizin həyatındakı hadisələrin əhəmiyyəti və zənginliyi baxımından uğurlu il kimi səciyyələndirilir. Sentyabrın 27-dən başlanan Vətən müharibəsi noyabrın 10-da Azərbaycan əsgərinin zəfəri ilə başa çatdı. Bu gün hər birimiz 44 günlük haqq savaşında əldə etdiyimiz bu qələbəyə görə Ali Baş Komandana və Ordumuza minnətdarıq.
Düşmənlə üz-üzə dayanmış goranboylular da bu savaşda ermənilərə layiq olduqları yeri göstərdilər. Rayonun Tapqaraqoyunlu kəndi ermənilər tərəfindən mərmi atəşinə tutulsa da, kənd sakinləri Azərbaycan Ordusunun gücünə inanaraq öz ata-baba yurdlarını tərk etmədilər. Əksinə, Suqovuşanın düşmən işğalından azad edilməsindən sonra rayon ərazisinin suvarma suyu ilə təminatında əvvəllər mövcud olan problemlərə son qoydular. Çünki goranboylular vətənpərvər olmaqla yanaşı, həm də olduqca işgüzardırlar.
Dövlət başçısının mart ayının 3-də Goranboya növbəti səfəri yaddaqalan oldu. Prezidentin iştirakı və xeyir-duası ilə 142 çarpayılıq 4 mərtəbəli müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni mərkəzi xəstəxana binasının və ümumi uzunluğu 40 km olan Goran-Qızılhacılı-Goranboy-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun istifadəyə verilməsi, “Azərxalça” ASC-nin rayon filialı ilə tanışlıq keçən ilin mühim hadisələrindəndir.
Rayonun sosial-iqtisadi göstəricilərinə gəldikdə belə bir statistikaya nəzər salaq: son
17 ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 4,3, sənaye məhsulları istehsalı 3,1, kənd təsərrüfatı məhsulları istehsalı 2,2 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 51, əsas kapitala yönəldilən investisiyalar 54,8 faiz artmışdır.
Məlum olduğu kimi, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ötən il rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 15,2 faiz artmışdır ki, bu da dövlət tərəfindən fermerlərə verilən hərtərəfli dəstək nəticəsində mümkün olmuşdur. 2020-ci ildə 67 min 700 ton taxıl istehsal olunmuş və hər hektardan məhsuldarlıq 31,6 sentnerə çatmışdır. Həmçinin 2775,6 hektardan 9,6 min ton pambıq, 8 hektardan 14,7 ton tütün toplanmışdır.
Rayonda aqrar sahənin inkişafında “Region Aqro”nun xüsusi payı var. Belə ki, 4,7 min hektar sahədə yaradılmış Goranboyun Aqroparkında 2 min hektar sahədəki “pivot” və meyvə bağları üçün damcılama suvarma sistemləri quraşdırılmışdır. Parka 11 kilometrlik avtomobil yolu, Şəmkir Maşın kanalından 12,1 kilometrlik su kəməri çəkilmiş, burada 400 min kubmetrlik
2 su anbarı, 18 min tonluq taxıl anbarı, toxum-paketləmə zavodu, inzibati və yardımçı binalar inşa edilmişdir. Park üçün həmçinin 64 texnika alınmışdır. 1,4 min hektarda taxıl, 93 hektarda yonca əkilmiş Aqroparkda 150 nəfər işlə təmin edilmişdir. Gələcəkdə Aqroparkın ərazisinin genişləndirilərək 5200 hektara çatdırılması nəzərdə tutulur.
Goranboy suvarma suyu ilə təminatda əziyyət çəkən rayonlar sırasındadır. Odur ki, sudan qənaətlə istifadə edilməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdır. Hazırda Subartezian Quyularının İstismarı İdarəsinin balansında olan 895 subartezian quyusu, 4 nasos stansiyası 43.000 hektar torpaq sahələrinin suvarılmasına xidmət edir. Əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması məqsədi ilə Prezidentin müvafiq sərəncamına əsasən 2020-ci il ərzində 60 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Onlardan 52-si qazılmışdır, 8-nin qazıntı işləri isə davam edir. Ümumilikdə son 17 il ərzində rayon üzrə 189 subartezian quyusu qazılmışdır.
Keçən il Suvarma Sistemləri İdarəsinin suvarma suyuna olan tələbatının ödənməsi üçün mühüm irəliləyişlər olmuşdur. Belə ki, Şəmkir Maşın Kanalı vasitəsilə rayona 3 kubmetr həcmində su verilmişdir ki, bu da təxminən 10 min hektar ərazinin su ilə təmin olunması deməkdir. Bundan başqa, Suqovuşan kəndinin düşməndən azad olunması ilə eyniadlı su anbarından Goranboy rayonuna suvarma suyunun verilməsinə başlanmışdır. Bu su ilə 8500 hektar torpaq sahəsi suvarılır.
2020-ci ildə Goranboyun yol-nəqliyyat təsərrüfatında da əsaslı işlər görülmüşdür. Hazırda ümumi uzunluğu
38 km olan Əlirzalı-Təklə-Aşağı Ballıqaya-Səfikürd-Rəhimli avtomobil yolu yenidən qurulur, Aşağı Ağcakənd-Buzluq-Mənəşli-Todan avtomobil yolunun tikintisi üçün isə layihə sənədləşmə işləri aparılır.
Sabir ƏLİYEV,
“Azərbaycan”