İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İşğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edirlər.
3. Müəyyən edilsin ki:
3.1. xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir;
3.2. xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.
4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin layihəsini və xüsusi nümayəndəliklərin fəaliyyətinin təşkilinə dair təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2021-ci il.