Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Goranboy rayonunda təmas xəttindəki “N” saylı hərbi hissədə olmuşdur

22 yanvar 2012 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 21-də Goranboy rayonuna səfəri çərçivəsində təmas xəttindəki "N" saylı hərbi hissədə olmuşdur. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Müdafiə naziri Səfər Əbiyev dövlətimizin başçısına cəbhənin təmas xəttindəki mövcud vəziyyət barədə məlumat verdi. Bildirildi ki, cəbhə xəttində vəziyyət tam nəzarət altındadır. İndi təmas xəttində yerləşən hərbi birləşmələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Yeni silah və sursatlarla təchizat nəticəsində Azərbaycan Ordusu düşmənlə mübarizədə daha ciddi nəticələrə nail olur. Silahlı qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu bu nəticənin əldə olunmasında mühüm rol oynayır. Bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti də yüksək səviyyədədir. Əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Silahlı Qüvvələrin Ali Baş Komandanının təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərləri və əsgərlərimizlə keçirdiyi görüşlər isə onlara Vətəni qorumağa, işğal altındakı torpaqlarımızı azad etmək üçün hər zaman savaşa qalxmağa ruhlandırır. Güclü ordu potensialımız bizi əsas məqsədimizə - işğal edilmiş torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır. İndi Azərbaycan Ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycanın hərbi xərcləri artıq 3 milyard 500 milyon dollara yaxındır. Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin artması dövlətin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Bunu şərtləndirən digər amillər isə obyektiv əsaslara söykənir. Çünki Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Prezident İlham Əliyev xidmətdə fərqlənən bir qrup hərbçini medal və qiymətli hədiyyələrlə təltif etdi.

Keçidlər