Şriftin ölçüsü :

Saytın rəngi :

14 İyul – Milli inkişaf və dövlətçilik yolunun başlanğıcı

14 iyul 2026 | 15:50

Azərbaycan xalqının müasir tarixində 14 iyul 1969-cu il taleyüklü hadisə kimi xüsusi yer tutur. Həmin gün Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsi respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Məhz bu tarixdən etibarən Azərbaycan hərtərəfli inkişaf yoluna qədəm qoydu, gələcək müstəqil dövlətçiliyin iqtisadi, siyasi və mənəvi əsasları formalaşdırıldı. 1969-cu ildə rəhbərliyə gəldiyi dövrdə Azərbaycan keçmiş SSRİ-nin digər müttəfiq respublikaları ilə müqayisədə bir sıra sosial-iqtisadi problemlərlə üz-üzə idi. Sənaye istehsalının inkişaf tempi zəif idi, kənd təsərrüfatında məhsuldarlıq aşağı səviyyədə qalırdı, infrastrukturun yenilənməsinə və yüksəkixtisaslı milli kadrların hazırlanmasına ciddi ehtiyac duyulurdu. Mövcud vəziyyəti dərindən təhlil edən Heydər Əliyev qısa müddət ərzində respublikanın inkişaf strategiyasını müəyyənləşdirdi və bütün sahələr üzrə kompleks islahatların həyata keçirilməsinə başladı. Onun rəhbərliyi ilə sənaye sahəsində yeni müəssisələr yaradıldı, mövcud istehsal sahələri modernləşdirildi, maşınqayırma, kimya, neft emalı, energetika, tikinti materialları istehsalı və digər strateji sahələrin inkişafına xüsusi diqqət yetirildi. Respublikada istehsal həcmi əhəmiyyətli dərəcədə artdı, Azərbaycanın iqtisadi potensialı gücləndi və ittifaq miqyasında nüfuzu yüksəldi. Kənd təsərrüfatı sahəsində də genişmiqyaslı tədbirlər həyata keçirildi. Meliorasiya və suvarma sistemləri genişləndirildi, torpaq ehtiyatlarından daha səmərəli istifadə olunmasına şərait yaradıldı, pambıqçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq və digər sahələrin inkişafı dövlət səviyyəsində dəstəkləndi. Kəndlərdə sosial infrastrukturun yaxşılaşdırılması, yolların çəkilməsi, elektrik və su təchizatının gücləndirilməsi kənd əhalisinin həyat şəraitinin yaxşılaşmasına mühüm təsir göstərdi. Heydər Əliyev elm və təhsilin inkişafını ölkənin gələcəyi üçün strateji məsələ hesab edirdi. Onun təşəbbüsü ilə yeni məktəblər, ali və orta ixtisas təhsili müəssisələri yaradıldı, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görüldü. Minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin aparıcı ali məktəblərində təhsil alması üçün geniş imkanlar yaradıldı. Həmin gənclər sonralar müstəqil Azərbaycanın müxtəlif sahələrində peşəkar mütəxəssis, alim və dövlət xadimi kimi ölkənin inkişafında mühüm rol oynadılar. Milli kadr siyasəti Ulu Öndərin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. O, rəhbər vəzifələrə peşəkar, savadlı və vətənpərvər azərbaycanlı mütəxəssislərin irəli çəkilməsini təmin etdi. Bu siyasət gələcəkdə milli dövlət idarəçiliyinin formalaşmasına və müstəqillik dövründə ölkənin idarə olunması üçün güclü kadr potensialının yaranmasına xidmət etdi. Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına da xüsusi həssaslıqla yanaşırdı. Azərbaycan dili, milli ədəbiyyat, incəsənət, teatr, musiqi və mədəni irsin qorunması istiqamətində mühüm qərarlar qəbul olundu. Tarixi abidələrin bərpası, mədəniyyət müəssisələrinin inkişafı və milli özünüdərk hissinin gücləndirilməsi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi həmin dövrün ən mühüm tarixi nailiyyətlərindən biri hesab olunur. 1969–1982-ci illər Azərbaycan tarixində sürətli inkişaf dövrü kimi qiymətləndirilir. Bu illərdə respublikanın iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yüksəldi, sənaye və kənd təsərrüfatında yüksək nəticələr əldə olundu, şəhər və rayonların siması dəyişdi, sosial rifah yüksəldi. Azərbaycanın keçmiş ittifaq məkanında qabaqcıl respublikalardan birinə çevrilməsi məhz uzaqgörən rəhbərlik və məqsədyönlü siyasətin nəticəsi idi. 1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilərək ittifaq rəhbərliyində ən yüksək vəzifələrdən birinə yüksəldi. Bu dövrdə də Azərbaycanın maraqlarını daim diqqətdə saxladı, respublikanın inkişafına dəstəyini davam etdirdi. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini bərpa etsə də, ölkədə siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü və daxili qarşıdurmalar dövlətçiliyi ciddi təhlükə qarşısında qoymuşdu. Belə ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində həlledici rol oynadı. Qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, qanunun aliliyi bərpa olundu və müstəqil dövlət quruculuğunun əsası yaradıldı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişafında yeni dövrün başlanğıcını qoydu. Xarici sərmayələrin ölkəyə cəlb olunması, enerji strategiyasının uğurla həyata keçirilməsi, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri kimi qlobal layihələrin təməli məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Bununla yanaşı, hüquqi dövlət quruculuğu, demokratik institutların formalaşdırılması, çoxşaxəli xarici siyasət kursunun müəyyən edilməsi və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı. Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli sosial-iqtisadi inkişaf yolu keçir, regionların inkişafı təmin olunur, müasir infrastruktur layihələri həyata keçirilir, Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpası Ulu Öndərin əsasını qoyduğu güclü dövlətçilik konsepsiyasının və milli inkişaf strategiyasının məntiqi nəticəsi kimi tarixə yazılmışdır. Bu baxımdan, 14 iyul 1969-cu il yalnız bir siyasi hadisə deyil, Azərbaycanın gələcəyini müəyyənləşdirən strateji dönüş nöqtəsidir. Həmin tarixdən başlanan inkişaf yolu ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, milli dövlətçilik ənənələrinin formalaşmasına və Azərbaycanın regionun qüdrətli dövlətinə çevrilməsinə zəmin yaratmışdır. Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, uzaqgörən siyasi fəaliyyəti və xalqa xidmət prinsipləri bu gün də müasir Azərbaycanın inkişafının ideoloji və siyasi əsasını təşkil edir, gələcək nəsillər üçün örnək olaraq yaşayır.

Keçidlər