Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir
Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.
Xatırladaq ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press relizdə bildirilmişdir ki, bir sıra üzv ölkələrin Doing Business hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdir.
Dünya Bankının 16 dekabr 2020-ci il tarixli press relizində qeyd edilir ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılmış, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilmiş və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənmişdir.Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olmuşdur. Qeyd edək ki, müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni - Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə etmişdir.Qeyd edək ki, müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlmişdir. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib. Xatırladaq ki, “Doing Business 2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdi. Aparılmış müstəqil audit yoxlamalarının nəticəsi olaraq, Azərbaycanın reytinqinin 3 göstərici üzrə yenilənməsi haqda ətraflı məlumat press relizə əlavədə qeyd edilmişdir.
Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi vardır. Dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək vermişdir. Doing Business Hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut etmişdir.