Vətən müharibəsində əldə edilmiş tarixi Qələbə və üçtərəfli Bəyanatın qəbul edilməsi
44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə Bəyannaməyə imza atması, Azərbaycan xalqının əhvali-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu.
Beləliklə, sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə, o cümlədən Şuşa şəhərinə, ümumiyyətlə, yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan rayonunun (indiki Goranboy rayonunun cənub hissəsinin) ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir. Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir. Bu, bir həqiqətdir ki, Şuşaya nəzarət edən Qarabağa nəzarət edir, Şuşa şəhəri də Azərbaycanın əlindədir. Kəlbəcər, Ağdam və Laçının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək. Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir.
2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanat sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Bəyanat tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb. Azərbaycan Prezidenti bundan əvvəl də bəyan etmişdi ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçından öz qoşunlarını çıxaracağı təqdirdə, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır.
Bəyanata əsasən, Azərbaycan azad etdiyi bütün mövqeləri saxlayır. Noyabrın 15-də Kəlbəcər rayonu, 20-də Ağdam rayonu, dekabrın 1-də isə Laçın rayonu azad edilir. Ermənistan bu rayonlardan öz qoşunlarını Ermənistan istiqamətində çıxarır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti olduqca məhdud saydadır. İlk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Rusiya sülhməramlıların fəaliyyət coğrafiyası və fəaliyyət qaydaları Azərbaycanla razılaşdırılaraq müəyyən edilib. Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbçilərinin regionda qalmasını istisna edir.
Bu proses çərçivəsində Naxçıvan Muxtar Respublikası da blokadadan azad olundu. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla əlaqənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunur. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil.
Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə, hər zaman olduğu kimi, Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi.
Razılaşmaya əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə qayıdacaqlar.
Göründüyü kimi, Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Paşinyan həmin Bəyanatı gizlincə imzalayıb. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Qazax rayonunun 1990-cı illərin əvvəllərində azad olunmuş kəndləri də işğaldan azad olunur. Erməni sosial şəbəkələri Naxçıvanın 1990-cı illərdə işğal olunmuş Kərki kəndinin də azad ediləcəyini bildirirlər. Sözügedən anklavlar xüsusi strateji əhəmiyyət daşıyır və Ermənistana nəzarət etmək imkanı verir.
Bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrinədir. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etməyib. Rusiyanın xarici işlər naziri Serqey Lavrov bildirib ki, bu hərtərəfli faydalı bir sənəddir və Baş nazir bunu imzalayıbsa, Ermənistan razılaşmanı qəbul etməlidir. Ermənistan müxalifəti razılaşmadan imtina edilə biləcəyinə ümid etsə də, bəzi mənbələr bunun mənfi mənada daha ciddi problemlərlə nəticələnəcəyini bildirir. Bəyanatın bütün müddəaları ölkəmizin, xalqımızın səmərəsinə hesablanmışdır.
Qarabağa heç bir status verilmir. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi vahidi artıq yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları, digər rayonlarımız kimi, Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkə biləcək. Laçın rayonunun tam azad edilməsindən sonra Dövlət Sərhəd Xidməti Azərbaycanın ümumi uzunluğu 3360 km olan bütün su və quru sərhədində Vətənimizin keşiyini çəkə biləcək. Ermənistan özünün məğlub və darmadağın olmuş silahlı qüvvələrinin qalıqlarını çıxarmaq öhdəliyini götürdüyünə görə sülhməramlı qüvvələrin vəzifəsi oradakı mülki ermənilər və Azərbaycan silahlı qüvvələri arasındakı hər hansı insidentin qarşısını almaq olacaq. Bəzi Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edərək, Qarabağda yaşamağa hazırdırlar.
Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq, kommunikasiya və s. imkanlar genişləndiriləcək. Bundan sonra işğaldan azad edilmiş hər tarixi torpağımızda azan səsləri eşidiləcək.
Bütün bunların nəticəsində Ermənistanda daxili vəziyyət son dərəcə gərginləşdi. Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Baş nazirin evi canlı yayımda qarət edilib, şəxsi əşyaları və sənədləri götürülüb, talan başlayıb. Parlament sədri Ararat Mirzoyan qəddarcasına döyülüb, onun ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlarına təzyiqlər olunub. Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artıb. Belə çıxır ki, xaricə üz tutan ermənilərin sırasına artıq fəal şəkildə məmurlar da qoşulur.
Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq. Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Erməni diasporası tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur. Ermənistan ordusu darmadağın olub, əksər hərbi texnika məhv edilib. Orduya çağırılacaq canlı qüvvə yoxdur. Ermənistanda az-çox normal ordu yaratmaq və onu təchiz etmək üçün onilliklər lazımdır. Ermənistan ictimai-siyasi həyatı “barıt çəlləyinə” bənzəyir. Müxalif qüvvələrlə hökumət qüvvələri rəsmən vətəndaş müharibəsinin astanasındadırlar. Paşinyan Müdafiə Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin və qondarma rejimin “prezident”i Araik Harutyunyanın məsləhəti ilə razılaşmanı imzaladığını desə də, müxalifət nümayəndələri onların adlarını hallandırmır, birbaşa Paşinyanı məsul tuturlar. Bu onu göstərir ki, müxalifətin dərdi Qarabağ deyil, hakimiyyətə gəlməkdir. Erməni müxalifəti Qarabağdakı məğlubiyyətdən istifadə edərək hakimiyyətə gəlməyin yollarını axtarır. Keçmiş rejim Nikol Paşinyanın “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlməsi ilə barışa bilmir və onun hakimiyyətdən getməsi üçün əlindən gələn bütün təxribatları edir. Müxalifət Paşinyanı linç etməyin planlarını qurur, ictimai-siyasi rəyi buna hazırlayır. Avropa dövlətləri, beynəlxalq təşkilatlar müxalifətin linç kampaniyasına səssiz qalır, demokratiya və insan haqlarının qorunmasından bəhs etmir. Son vaxtlara qədər Paşinyan hökumətinə dəstək verən dövlətlər, beynəlxalq təşkilatlar səssizliyini qoruyur.
Ermənistanda qarabağlıların hərbi əməliyyatlarda iştirak etmədiyi, döyüş başlayandan sonra minlərlə hərbi mükəlləfiyyətli insanın Ermənistana qaçması haqqında məlumatlar yayılır və bu, qarabağlılara qarşı nifrəti körükləyir. Qarabağ klanı ölkədəki mövcud vəziyyətdən istifadə edərək yenidən Ermənistanda hakimiyyətə gəlmək istəyir. Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyası Qarabağ müharibəsinin sona çatması ilə bağlı Baş nazirin məlum açıqlamasının qanuniliyini müzakirə etmədən əvvəl müxalifətin bütün ermənilərə və dünyaya çox açıq şəkildə aşağıdakı bəndlərin qəbul etdiklərini bildirmələrini təklif edir:
“1. Rusiyanın vasitəçiliyini dəstəkləmirik;
2. Rusiya sülhməramlılarının təmas xəttindən çəkilməsini tələb edirik;
3. Müharibənin davam etməsinin tərəfdarıyıq”.
Paşinyan bildirib ki, müharibənin ilk günlərində Araik Harutyunyanla görüşündə ordunun acınacaqlı vəziyyətdə olduğunu, ciddi itkilər verdiklərini bildiklərini, ancaq xalqı vəlvələyə salmamaq üçün bunlar barəsində məlumat vermədiklərini bildirib. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin bəyanatında deyilir ki, iqtidar blokunun “Mənim addımım” parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hökumət bütün erməni xalqına qarşı bağışlanmaz cinayət törətməklə Qarabağ və Ermənistanın başlarına nə problem gətirdiyini hələ başa düşməyib. Bəyanat hökumətin daxili siyasi böhrandan çıxmağın konstitusiya yolunu qəti şəkildə rədd etdiyini və əslində qarşıdurmanı kəskinləşdirən bir yol tutduğunu açıq şəkildə göstərir. Bu, iddia etdikləri demokratiya və parlamentarizmin kobud şəkildə pozulmasından başqa bir şey deyil. Hakim “Mənim addımım” fraksiyasında “çatlaq səsləri” eşidilir. Fraksiyanın deputatı Sofiya Hovsepyan özünün və deputatların çoxunun dünən onların adından yayımlanan bəyanatdan xəbərdar olmadığını bildirib. Çiçəklənən Ermənistan Partiyasından millət vəkili İveta Tonoyan Nikol Paşinyanın istefasını tələb edən siyasi qüvvələrin mətbuat konfransında bildirib ki, bu gün keçiriləcək mitinq zamanı rəsmi orqanların təxribat törətmək üçün əmr verməsi barədə məlumat var. O bildirib ki hökumət gecə “Vətəndaş Müqaviləsi” siyasi blokunun ofisində təhlükəsizlik əməkdaşlarına və hökumətə yaxın olan oliqarxların təhlükəsizlik sahəsində xidmətinə hərbi geyim və silah paylayıb. Qondarma rejimin “prezident”i Araik Harutyunyan etiraf edib ki, hələ müharibənin ilk həftələrində cənub istiqamətində çətin vəziyyətdə olarkən Ermənistan və Qarabağ Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları döyüşə getməkdən imtina ediblər. Araik Harutyunyan hələ müharibə başlamadan əvvəl Qarabağ Müdafiə Ordusunda ciddi şəkildə canlı qüvvə çatışmazlığı probleminin yaşandığını, əsgərlər arasında dizenteriya, COVID-19 pandemiyasının və müxtəlif yoluxucu xəstəliklərin tüğyan etdiyini bildirib. Canlı qüvvə problemi yaşandığından, əsgərləri postlarda və ön xətlərdə vaxtında dəyişməyin mümkün olmadığını qeyd edib. Hərbi əməliyyatlar başlayandan sonra ciddi xəyanətlərin olduğunu bildirib. Bölgədəki ermənilər əsgərlərin ön cəbhəyə getmələrinə mane olub, arxa cəbhədən onları dəstəkləməyib. Fərariliyin qarşısını almaq mümkün olmayıb, Ermənistandan gələn könüllülərin böyük əksəriyyəti əsgər forması geyindikdən sonra selfi çəkməklə yetiniblər, ön cəbhəyə getməkdən imtina ediblər. Qarabağlı əsgər və zabitlər və Ermənistandan gələn əsgər və zabitlər arasında ciddi problemlər yaşanıb. Qarabağlı əsgər və zabitlər Ermənistandan gələn zabitlərin əmr və göstərişlərinə tabe olmayıblar, hətta onlar arasında silahlı konfliktlər də yaşanıb. Araik Harutyunyan son 30 ildə orduda ciddi korrupsiya hallarının olduğunu qeyd edib.
Ermənilər xarici siyasətdə də iflas etdiklərini anlayırlar. Özlərinə ən yaxın bildikləri, müttəfiq olaraq gördükləri dövlətlərin heç birinin onlara siyasi və hərbi dəstək verməməsi, ölkənin 30 illik uğursuz xarici siyasətini gözlər önünə sərib. İrəvanda keçirilən mitinqdə həm hakimiyyət həm də müxalifət qüvvələri tərəfindən təxribatçılar iştirak edir, mümkün olduğu qədər vəziyyəti mürəkkəbləşdirməyə, hətta qan tökülməsinə çalışırlar. Biabırçı məğlubiyyətdən sonra Ermənistan ordusunda yüksək rütbəli zabitlərin əksəriyyəti istefa verib.